SON XƏBƏRLƏR

ABŞ-ın yeni radar təklifi

2021.10.20, 07:36
ABŞ-ın yeni radar təklifi

Gunaz.tv
ABŞ-ın yeni radar təklifi Pentaqonun RƏM proqramı çərçivəsində Azərbaycanda radar yerləşdiriləcəkmi? ABŞ raket əleyhinə müdafiə (RƏM) proqramı çərçivəsində Şərqi Avropada iki baza yaratmaqla yanaşı, ön xətdəki radiolokasiya stansiyalarını da quraşdıraraq işə salmaq niyyətindədir. Birləşmiş Ştatların nüfuzlu "Foreign Affairs" jurnalı Pentaqondakı mənbələrinə istinadən bildirir ki, Vaşinqton bu minvalla İrandan gələ biləcək ballistik raket təhlükəsini 99% zərərsizləşdirmək niyyətindədir. "Çexiya və Polşada antiraket buraxılış qurğuları ilə radar stansiyasının yerləşdirilməsi Avropanı ballistik raket təhlükəsindən qoruya bilər. Lakin bu radar və antiraketlər potensial təhlükə mənbəyindən çox uzaqda olduğundan ABŞ-ın Müdafiə Nazirliyi müdafiə zonasını daha da genişləndirmək, daha doğrusu həmin zonanı İranın sərhədlərinə maksimum dərəcədə yaxınlaşdırmaq fikrindədir. Bununla bağlı olaraq region dövlətləri ilə intensiv danışıqların başlanmasını gözləmək olar", - jurnal bildirir. Hərbi ekspertlərin fikrincə, Birləşmiş Ştatların RƏM proqramı çərçivəsində Şərqi Avropada yeni mövqe rayonunun yaradılması ballistik raket təhlükəsindən qorunma səviyyəsini 100%-ə qaldıra bilməsə də, çox güclü müdafiə potensialı yaradacaq. ABŞ Konqresinin Büdcə Bürosunun son hesabatında isə RƏM komponentlərinin Avropada yerləşdirilməsinin müxtəlif variantlarının dəyəri və effektivlik səviyyəsi hesablanıb. Bu zaman nəzərə alınan ən mühüm amillərdən biri Rusiyanın onun sərhədlərinin yaxınlığında ABŞ-ın strateji silahlarının yerləşdirilməsinə kəskin etiraz etməsidir. Həmin səbəbdən də Konqresin ekspertləri Polşa və Çexiyadakı RƏM komponentləri ilə yanaşı, digər 3 variantı da nəzərdən keçiriblər. Həmin variantların ikisi RƏM proqramının əsas tərkib hissələrindən biri olan antiraketlərin Almaniyadakı Ramştayn və Türkiyədəki İncirlik, 3-cü variant isə ABŞ hərbi-dəniz qüvvələrinin Rumıniya, Şərqi İtaliya və Polşa sahilləri yaxınlığındakı gəmilərində yerləşdirilməsini ehtiva edir. Ön xətt radiolokasiya stansiyalarına gəldikdə isə, onların baza məntəqələri qismində Azərbaycan və Qətər məsləhət görülür. Bu variantların ikisinin dəyəri 20 il üçün təxminən $9-14 milyard, "gəmi variantı" isə iki dəfə bahadır. Antiraketlərin gəmilərdə yerləşdirilməsinin $26 milyarda başa gəlməsi ABŞ-ın yeni gəmilər inşa etmək zərurəti ilə qarşılaşmasına əsaslanır. Analitiklərin fikrincə, variantların hamısını həyata keçirmək olar: bir şərtlə ki, hər üç layihə işlək olsun. Digər önəmli məsələ RƏM çərçivəsində yerləşdiriləcək antiraket və radarların müdafiə etməli olduqları ərazinin miqyasıdır. Problem də elə bununla bağlıdır. Hərbi ekspert Ziya Qurbanovun dediyinə görə, Konqresin analitiklərinin hazırladıqları hesabatda bəhs olunan variantların heç biri Avropanı potensial ballistik raket təhlükəsindən tam qorumaq iqtidarında deyil. "Azərbaycanda ABŞ radarlarının və ya radiolokasiya stansiyasının yerləşdirilməsinə gəldikdə isə, ölkəmizdə amerikalıların iki kiçik radarı zatən var. Onlardan biri Astara, digəri isə Xızı rayonundadır və rəsmən "Xəzər Mühafizi" proqramı çərçivəsində fəaliyyət göstərir. RƏM proqramının komponenti kimi Azərbaycanda ABŞ-ın yeni radiolokasiya stansiyası və ya radarının yerləşdirilə biləcəyini isə real təxmin hesab etmirəm. RƏM İranın ballistik raketlərindən qorunması üçün hesablanıb. Buna görə də Tehranın sərhədlərinin lap yaxınlığında amerikalıların radarının yerləşdirmək istəyinə sakit yanaşması mümkün deyil. Onu da unutmayaq ki, Bakı və Tehran arasında olan sazişə görə, Azərbaycanla İran öz ölkələrində üçüncü dövlətlərin onlara qarşı yönələ biləcək baza, hərbi birləşmə, struktur və ya birliklərini yerləşdirməməlidir. Bakının İranı "təbdən çıxarası" addımlar atacağını zənn etmirəm. Rusiyanın RƏM-ə olan münasibətini xatırlasaq, Azərbaycanda yeni radarın peyda olmasına Moskva hər vəchlə yol verməməyə çalışacaq", - Z.Qurbanov söylədi. Azərbaycanın Müdafiə Nazirliyində isə RƏM proqramı çərçivəsində ölkədə ABŞ-ın hərbi radarının yerləşdirilməsi ilə bağlı məsələdən xəbərsiz olduqlarını dedilər. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının yetkililərinə gəldikdə isə, onlar Konqresin hesabatını yalnız "variantların nəzərdən keçirilməsi" qismində qəbul edirlər. Amerikalılar üçün RƏM-in Çexiya və Polşada müdafiə eşelonu daha uyğundur. Belə ki, həmin variant həyata keçirilərsə İrandan atıla biləcək (təbii ki, amerikalıların interpretasiyasında) ballistik raketləri Şərqi Avropaya çatmamış vurmaq, bu cəhdin effektivliyini qiymətləndirmək və ehtiyac yarandığı təqdirdə ABŞ-ın özündə raket əleyhinə müdafiə sistemləri ilə vasitələrini işə salmaq olar. Vaşinqton RƏM məsələsində Rusiya ilə hələ də dil tapa bilməyib, Polşa və Çexiyada radarlarla antiraketlərin yerləşdirilməsi ilə bağlı imzalanmış müqavilələr həmin ölkələrin parlamentləri tərəfindən tam ratifikasiya edilməyib. Ystəlik, Konqres RƏM-ə ayrılan vəsaitləri də azaltmaq niyyətindədir. Belədə, ABŞ-ın RƏM çərçivəsində Azərbaycanda radar yerləşdirmək və ölkəmizi İrandan gələsi ballistik raket hücumundan müdafiənin ön cəbhəsinə döndərmək ideyası yetərincə ağlabatan təsir bağışlamır. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar