SON XƏBƏRLƏR

Müxalifət Avropa Şurasının çağırışını dəstəkləyir

2021.10.20, 07:36
Müxalifət Avropa Şurasının çağırışını dəstəkləyir

Gunaz.tv
Müxalifət Avropa Şurasının çağırışını dəstəkləyir Avropa Şurası Yerli Hakimiyyətlər Konqresinin Bürosu rəsmi Bakını Azərbaycan Konstitusiyasına dəyişikliklər haqda referendumu təxirə salmağa çağırıb. Bu çağırış Konqres Bürosunun bəyanatında səslənib. Bununla yanaşı, Venesiya Komissiyasının və Yerli Özünüidarəetmə haqda Avropa Xartiyasının mövqeyinə istinad olunur. Bəyanatda qeyd olunub ki, 146-cı maddəyə təklif edilən dəyişikliklər hökumət tərəfindən bələdiyyələrin fəaliyyətinə nəzarəti nəzərdə tutur ki, bu da ciddi narahatçılıq və problemlər yaradır. Eyni zamanda, Büro referendumu təxirə salmağı və təklif edilən düzəlişlər barədə Venesiya Komissiyasının mövqeyini gözləməyi təklif edir. "Referendumda iştirak etmək Azərbaycan vətəndaşının konstitusiya hüququdur və heç bir beynəlxalq təşkilat bu hüquqların məhdudlaşdırılmasını təklif edə bilməz". Bu barədə parlamentin insan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova AŞYRHK Bürosunun referendumu təxirə salmaq və AŞ Venesiya Komissiyasının rəyini gözləmək çağırışını şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqı azad şəkildə Konstitusiyaya təklif edilən 41 əlavə və dəyişikliyə münasibətini bildirəcək. "AŞYRHK Bürosu tərəfindən qaldırılan məsələ çox ciddi məsələlir və düzgün şəkildə qoyulub". Bunu isə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Həm təmsil olunduğu partiyanın, həm də "Qarabağ və Respublika Uğrunda" hərəkatın referendumu təxirə salmağı tələb etdiyini deyən A.Hacılı hesab edir ki, referendumun təyin edilməsi proseduru zamanı Konstitusiya normaları pozulub və ümumxalq səsverməsinə çıxarılan layihə əsas qanuna ziddir. Onun sözlərinə görə, referendumun təxirə salınması üçün heç bir hüquqi maneə yoxdur və buna siyasi iradə lazımdır. "Referendum MSK və ya ölkə parlamenti tərəfindən təxirə salına bilər", - deyə A.Hacılı bildirib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də referendumun təxirə salınacağına şübhə etdiyini bildirib. AŞYRHK Bürosunun bəyanatını gecikmiş sayan A.Məmmədli hesab edir ki, buna məhəl qoyulmayacaq. Məmmədliyə görə, AŞ Konstitusiyaya təklif edilən düzəlişlər hələ Azərbaycan parlamentində müzakirə edilərkən bu düzəlişlərə reaksiya verməli idi. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin direktor müavini Rövşən Ağayev də AŞYRHK-nin düzəlişlərlə bağlı narahatlığını tamamilə əsaslı sayır. Dediyinə görə, Avropa Xartiyasının 8-ci maddəsinə əsasən, dövlətin bələdiyyələr üzərində yalnız inzibati nəzarəti, yəni yerli özünüidarə orqanlarının qanunlara riayət etməsinə nəzarəti mümkündür. "Müxtəlif ölkələrdə bu nəzarəti müxtəlif idarələr, bir qayda olaraq, Ədliyyə nazirlikləri həyata keçirir. Azərbaycanda da bələdiyyələrə inzibati nəzarət səlahiyyəti Ədliyyə Nazirliyinə verilib. Lakin konstitusiyaya nəzərdə tutulan düzəlişlər edilərsə, bələdiyyələr parlament qarşısında da hesabat verməli olacaq. "Bu, Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasına ziddir", - deyə Ağayev bildirib. "Mərkəzi Seçki Komissiyasının artıq təyin edilmiş referendumu təxirə salmaq səlahiyyəti yoxdur". Bunu isə MSK katibi Natiq Məmmədov deyib. Bununla belə, Məmmədov bu məsələ ilə bağlı ətraflı şərh verməkdən yayınıb. "Turan"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar