SON XƏBƏRLƏR

Güney Azərbaycan Xocalı soyqırımını heç zaman unutmayacaq

2021.10.20, 07:36
Güney Azərbaycan Xocalı soyqırımını heç zaman unutmayacaq

Gunaz.tv
Güney Azərbaycan Xocalı soyqırımını heç zaman unutmayacaq logo.jpg Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar bəyanat yayıb. GAİP-dən daxil olan məlumata görə, sənəddə bildirilir ki, 1992–ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycan tarixində türkün yaddaşından heç zaman silinməyəcək ən böyük faciə baş verdi. Həmin gecə erməni terrorunun növbəti qurbanları olan Xocalı sakinləri soyqırıma məruz qaldılar: ”Ermənistan silahlı qüvvələri, ermənilərin Daglıq Qarabag ərazisindəki qeyri-qanuni silahlı dəstələri Xankəndidə yerləşən rus qoşunlarının 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakıyla Xocalı şəhərini zəbt etdilər və Azərbaycan xalqına qarşı növbəti soyqırım həyata keçirildi. Xocalı soyqırımı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın , 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 8 ailə tamamilə məhv edildi, 467 nəfər yaralandı (76-sı uşaq), yüzlərlə insan əsir (1275 nəfər) və girov götürüldü, itkin düşdü (150 nəfər), 1000–dən artıq ev yerlə-yeksan oldu. Müxtəlif tarixi mərhələlərdə erməni şovinistlərin Azərbaycan türklərinə qarşı davamlı olaraq törətdikləri qətliamlar kimi, Xocalı soyqırımı da xüsusi amansızlıqla həyata keçirilmişdi: erməni cəlladları sag qalmış insanları ağır təhqir və işgəncəyə məruz qoyaraq onların başının dərisini soymuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yararaq ana bətnində olan uşaqları doğramışlar. Qətliamın xüsusi amansızlıqla törədilməsi ingilis, fransız, alman, amerikalı və digər ölkədən gəlmiş jurnalistləri dəhşətə salmışdı. Ermənilərin həyata keçirdikləri bu dəhşətli cinayəti nəticəsində XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bütün sivilizasiyalı dünyaya və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Buna görə də beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi hərbi-siyasi təcavüzə, terror əməllərinə, Azərbaycana qarşı yürütdüyü aqressiv və cinayətkar siyasətə münasibət bildirməli və Xocalı soyqırımına beynəlxalq siyasi–hüquqi qiymətin verilməsi istiqamətində obyektiv mövqedən çıxış etməlidirlər”. Bəyanatda qeyd olunur ki, Xocalı faciəsindən 17 il keçir: “Təəssüf ki, Azərbaycan əraziləri hələ də işğal altındadır. Bu gün bütün Azərbaycan milləti Vətən uğrunda şəhid olan insanlarımızın ruhu qarşısında məsuliyyət daşıyır. Ona görə də millətimiz yalnız öz qüvvəsinə güvənərək torpaqlarımızın azad olunması üçün səfərbər olmalıdır. GAİP bir daha da bəyan edir ki, Güney Azərbaycan türkü erməni terrorçuları tərəfindən millətimizə qarşı törədilmiş soyqırım aktlarını, xüsusən də Xocalı soyqırımını heç zaman unutmayacaq və Azərbaycanımızın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün milli səfərbərliyə qoşulacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar