SON XƏBƏRLƏR

ARAŞ VƏ QOMEŞ

2021.10.20, 07:36
ARAŞ VƏ QOMEŞ

Gunaz.tv
ARAŞ VƏ QOMEŞ 39866_1 Yaxud mədəniyyətimizi, idmanımızı dünyada əcnəbilər təmsil edirlər S.SƏDRƏDDİN Güney Azərbaycan Milli Hərəkatının o tayda yaxud xaricdə olan təəssübkeşləri bir qayda olaraq Quzey Azərbaycanın uğurlarına sevinir, çətinliklərinin aradan qalxmasından ötrü əllərindən gələni əsirgəmirlər. Bu baxımdan onlar bir sıra olaylara həssaslıqla yanaşır, Azərbaycan Respublikasının təəssübünü bizim vətəndaşlardan heç də az çəkmirlər. Çünki bu dövləti özlərininki sayırlar. Bir neçə gün öncə elan olundu ki, "Evrovision-2009"-da Azərbaycanı Aysel Teymurzadə adlı "yeni ulduz" təmsil edəcək. O, Araş adlı bəstəkar və müğənninin mahnısını ifa edəcək. İlk baxışdan bunu adi hal saymaq və güneyli bir bəstəkarla quzeyli müğənninin birgə əməkdaşlığını alqışlamaq olardı. Amma məsələ burasındadır ki, bu sayaq işbirliyi Azərbaycan dövlətinin və millətinin şəninə yaraşdırılmır. Niyə? Buna cavab verməyə çalışacağıq. Məsələyə münasibət bildirməzdən öncə Araş barədə "Mediaforum"un yaydığı məlumatı diqqətinizə çatdırmaq istərdik. Araş Labbaf 1982-ci ildə Tehranda anadan olub. Azərbaycan türküdür. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Ursala şəhərinə, sonra isə Malmö şəhərinə köçüb. 27 yaşlı Araş hazırda Malmödə yaşayır. 2004-cü ildə o "Araş" adlı mahnı albomu çıxarıb. Müğənninin elektron musiqini, roku, hip-hopu və balladanı özündə cəmləşdirən "Dünya" ("World") layihəsi ona bir az da uğur gətirib. Fransada düzənlənən "İnternasional Musiqi Marketi" müsabiqəsində də İsveçin ən yaxşı debütant musiqiçisi seçilib. Maraqlıdır ki, indiyədək onun yazdığı və ifa etdiyi mahnıların sözlərinin əksəriyyəti fars və ingilis dillərində olub. Araş sözünün mənasını açıqlayan mənbə bildirib ki, bu ad farsların əfsanəvi qəhrəmanının adından götürülüb. Əfsanəyə əsasən, fars imperatorluğu ilə Turan arasında savaş elan edilir və Araş bu müharibədə iştirak edir. Sonda sülh elan olunur, qərara alınır ki, Turanla İranın sərhədini müəyyənləşdirmək üçün Araş ox atsın. O, Damavənd dağına çıxır, atdığı ox uzun məsafə qət etdikdən sonra Ceyhun (indiki Amu-Dərya) çayının yaxınlığındakı bir qoz ağacına sancılır. Həmin çay İranla Turanın sərhədi olur. Amma Araş bütün gücünü oxu atmağa sərf etdiyindən özü də param-parça olur və bədəninin hissələri İran torpaqlarına yayılır. Heç kimə sirr deyil ki, panfarsizm ideologiyasının banisi Firdovsi sayılır, elə "İran" adlı dövlətin olduğu da onun uydurmalarındandır. "Baybak" yazır ki, "Azərbaycan" deyiləndə istər-istəməz özünü Azərbaycan türkü sayan insanın doğma yurdu, ana dili yadına düşür, ancaq bəzən açıq-aydın görünür ki, düşmənlərimizə üstünlük verənlər də var. "Quzey Azərbaycan mətbuatında yayılan bir xəbərə əsaslanaraq onlardan bir suala cavab almaq istərdik: "Sizin kimliyinizin hansı çatışmazlığı var ki, başqalarından nəyi isə borc alırsınız? Nədən minlərlə türk mahnısını bir kənara ataraq məhz fars mədəniyyətinin təmsilçisi sayılan bir müğənninin mahnısını seçirsiniz? Axı bu şouda bir millətin, Azərbaycan türkünün, Azərbaycanın mədəniyyəti təmsil olunmalıdır. Bu məsələyə diqqət yetirmədən oturub-durub vətəndən, ana dilimizi qorumaqdan danışırıq. Quzey Azərbaycan Teleradio Şurası Anadolu ləhcəsində olan film və serialları tərcümə etdirir, deyir ki, dilimizi, mədəniyyətimizi qoruyur. Halbuki, rus, fars dillərində olan, onların mədəniyyətini, ideologiyasını təmsil edən mahnı və filmlər Azərbaycan televiziya və radiolarına asanlıqla yol tapır". Mənbənin yazdığına görə, Araş Labbaf Azərbaycan və türk kökənli təqdim olunsa da, o, "qatı paniranist"dir. "Araşın "İran" adlı mahnısındakı "iranlıyıq və hər zaman iranlı qalacağıq" şüarı panfarsistlərın dilinin əzbəri olub. "Quzey Azərbaycanın təmsilçisinə mahnı seçmək üçün keçirilən toplantıdan sızan məlumatlara əsasən, guya, bu yolla səs qazanmaq istəyirlər. Guya, İranı sevənlər, xaricdə yaşayan iranlılar da Azərbaycan təmsilçisinə səs verəcəklər. Amma bu məsələdə bir nüans unudulur - Azərbaycan türk ölkəsidir, panfarsistlər isə onu özlərininki bilir və zaman-zaman çıxışlarında bunu xatırladırlar. Onlar çalışırlar ki, Quzey Azərbaycanı indi İran adlanan ölkənin bir əyalətinə çevirsinlər. Azərbaycandakı məsullar isə ya bunu anlamır, ya da panfarsistlərin qulluğunda durmağı özlərinə şərəf bilirlər", - deyə "Baybak" narahatlığını gizlətmir. "Baybak" məsələ ətrafında araşdırmasını davam etdirərək yazır: "BBC-dən Araşın fars olduğu barədə xəbərlər yayılmaqdadır. O, radioya müsahibəsində deyib ki, atası isfahanlı, anası isə şirazlıdır". Əlavə edək ki, İsfahan və Şiraz bölgələri əvvəllər türklərin olsa da, günümüzdə farsların əlindədir və hər iki əyalət fars bölgəsi kimi tanıtdırılır. Oralardan türklər bir neçə dəfə zorla köçürülüblər. Farslar həmin ərazini və şəhərləri özününkü kimi tanıtdırırlar. Araş İsfahan türkü olsa belə, İrana və fars kültürünə xidmət etdiyindən onu türk kimi qəbul etmək olmaz. Milli mənliyini itirmiş, millətinin əzilməsinə göz yuman, səssiz qalan və hətta bu hala sevinənlərə nədən Azərbaycan kültürünü təmsil etməyə icazə verilir? Ötən il o, Daryuş İqbali ilə birlikdə Dubayda iranlılara Novruzla bağlı konsert vermişdi. Bu tədbirdə Araş ümidlə demişdi: "İnşallah, gələn il vətənim İranda konsert verəcəyəm. Xaricilər konsertimə gələndə çox sevinirəm. Ancaq iranlılar, mənim dildaşlarımı (farsları nəzərdə tutur, çünki belələri Azərbaycan türkcəsini özününkü saymır - S.S.) görəndə daha çox sevinir və onlarla fəxr edirəm". Araş Ləbbaf Tacikistandakı konsertində özünü doğma bacı-qardaşlarının yanında hiss etdiyini deyib: "Öz dildaşlarım mənə ruh verirlər". Qeyd edək ki, Tehran hakimiyyəti İran, Tacikistan və Əfqanıstanı "farsdilli" dövlət sayaraq bu üçlüyün birliyini yaratmağa çalışır. Bu "üçlük"ün televiziyası da fəaliyyət göstərməkdədir. Fars dili, ədəbiyyat və mədəniyyətinin bu ölkələrin ərazisində inkişafı üçün milyonlarla pul ayrılır. "Baybak" daha sonra yazır: "Araşdan "sənin vətənin haradır və hansı soydansan" soruşanda o belə cavab verir: "İran və iranlı". Onun İran futbolu üçün bəstələdiyi "İran, İran" mahnısı da elə bu düşüncənin məhsuludur". Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, bu işin arxasında Amerikadakı fars lobbisi durur. Bundan Azərbaycanda xəbəri olan varmı? "Diqqətedici məqam odur ki, indidən panfarsistlər saytlarda türklərə qarşı yazılar yaymağa başlayıblar. Həmin yazılarda onlar fars mədəniyyətinin dünyaya yayılması baxımından "Evrovision prosesi"nin önəmli olduğunu vurğulayırlar. Onu da yada salaq ki, bütün saytlarda, hər yerdə Araş Güney Azərbaycan türkü kimi deyil, iranlı və "persian" təki təqdim olunur. Bundan başqa, onun "Mavara" adlı fars-erməni musiqi qrupuna Pejman Nemətiyan adlı erməni də daxildir", - deyə məktubda bildirilib. "Baybak"ın bu həyəcanına şərik çıxaraq bir sıra mətləbləri biz də yada salmaq istərdik. Özlərini millətsevər və dövlətsevər kimi cəmiyyətə sırıyanlar bir neçə mətləbi unudurlar. İnkişaf o zaman mümkündür ki, bütün çətinliklərdən milli qüvvəmizlə çıxaq. Məgər ötənilki "Evrovision" yarışmasında ölkəmiz öz bəstəkarımızın mahnısı ilə pis təmsil olundu? Yaxud ermənilər bu tədbirə Azərbaycanın "Sarı gəlin" xalq mahnısı ilə getmək istəyirdilər. Öz musiqimizə niyə belə inamsızlıq var? Əgər söhbət səsvermədə Avropadakı farsların da Azərbaycana səs verəcəyindən gedirsə, buna ümid etmək olar. Amma... Yuxarıda da dedik ki, həmin qüvvələr ən azı Avropada təbliğata başlayıb ki, Azərbaycan "Evrovision"da fars musiqisi ilə təmsil olunur. Ən qatı şovinistləri isə bunu ipucu kimi götürərək Azərbaycanın, ümumiyyətlə, zəngin mədəniyyəti olduğuna Avropada şübhə yaratmağa çalışırlar. Təbii ki, nəyəsə nail ola bilməyəcəklər. Amma biz özümüz nədən belə söz-söhbətlərə bəhanə verməliyik? Belə müsabiqələr, fikrimizcə, həm də bir millətin, dövlətin mədəniyyətinin inkişaf səviyyəsini göstərir. Yoxsa futbol üzrə yığma komandamızı braziliyalıların ixtiyarına verməklə, Qomeşin vuracağı qola ümid bağlamaqla çoxmu uzağa gedəcəyik? Bir millət və dövlət olaraq "bacarmarıq", "biz edə bilmərik", "biz beləyik" psixoloji kompleksindən nə vaxt qurtulacağıq? Özümüz-özümüzə nə vaxt güvənib etibar edəcəyik? Azərbaycan türkü kimi təqdim edilsə də, Araşın mahnısının oxunması məsələsi nəsə heç ürəkaçan deyil. Bu sayaq addımlar istər-istəməz yada başqa mətləbləri də salır...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar