SON XƏBƏRLƏR

Xocalı soyqırımı ilə bağlı xaricdə keçiriləcək tədbirlərin siyahısı açıqlandı

2021.10.20, 07:36
Xocalı soyqırımı ilə bağlı xaricdə keçiriləcək tədbirlərin siyahısı açıqlandı

Gunaz.tv
Xocalı soyqırımı ilə bağlı xaricdə keçiriləcək tədbirlərin siyahısı açıqlandı xocali-cingiz.jpg Diaspor ilə İş üzrə Dövlət Komitəsində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 17-ci ildönümünü qeyd etməsi ilə tədbirlər planı təsdiqlənib. Xocalı faciəsini anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulub. Bu barədə Lent.az-a komitənin mətbuat xidmətindən məlumat verilib. Fransanın Strasburq şəhərində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı silsilə tədbirlər Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin, Azərbaycan və türk təşkilatlarının, Strasburqda təhsil alan gənclərimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə fevralın 26-da Avropa Parlamentlər Assosiasiyasının binasında XX əsrin bu dəhşətli faciələrindən birinə həsr olunmuş anma mərasimi ilə başlanacaq. Mərasim iştirakçılarına Xocalı soyqırımı, erməni vəhşilikləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdiyi materiallar təqdim olunacaq, ermənilərin xalqımıza qarşı törətdiyi terror və soyqırımı aktlarına dair geniş məlumat veriləcək, faciədən bəhs edən film və fotostend nümayiş etdiriləcək. Bundan əlavə, elektron KİV-lərdə faciəyə dair məlumatların yerləşdirilməsi, “dəyirmi masa” keçirilməsi də nəzərdə tutulub. Nümayəndəlik faciə barədə faktları əks etdirən mətbuat bülletenləri hazırlayaraq, Avropa Şurasının katibliyində, üzv ölkələrin daimi nümayəndəliklərində, habelə Strasburqda fəaliyyət göstərən konsulluqlarda yayacaq. Strasburqdakı “Azərbaycan evi” də Azərbaycan Mədəni Əlaqələr və Azərbaycan Kültür Cəmiyyətləri, Azərbaycanlı Tələbələr Assosiasiyası, Miluzdakı Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyası ilə birlikdə ermənilərin 17 il əvvəl törətdikləri vəhşiliklər və Xocalı soyqırımı barədə həqiqətləri fransız xalqına çatdırmaq məqsədi ilə proqram hazırlayıb. “Azərbaycan evi” fevralın 28-də Strasburqun mərkəzindəki meydanda nümayiş keçirəcək. Nümayişdə bu bölgədə yaşayan azərbaycanlılar və türk diasporunun nümayəndələri iştirak edəcəklər. Nümayişin keçirilməsi barədə Strasburq bələdiyyəsindən razılıq alınıb. Nümayiş vaxtı yerli sakinlərə Xocalı faciəsindən bəhs edən, ingilis və fransız dillərində çap olunmuş ədəbiyyat, qəzetlər və vərəqələr paylanacaq. Fevralın 29-da yerli radioda Xocalı soyqırımına həsr olunmuş xüsusi veriliş səslənəcək. Almaniyada da soyqırımın 17-ci ildönümünün qeyd edilməsi ilə bağlı geniş tədbirlər nəzərdə tutulub. Fevralın 26-da Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı “FOX” televiziyasının canlı efirində yarım saat Xocalı soyqırımı barədə çıxış edəcəklər. Daha sonra V.Hacıyevin Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova ilə birlikdə “Kanal Avropa”nın və TQRT-nin Almaniya nümayəndəliyinin canlı efirində də soyqırımla bağlı çıxışları nəzərdə tutulub. Berlin şəhərində isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Alman Bundestaqının üzvlərinin də dəvət olunacaq anım tədbirində soyqırımla bağlı sənədli film nümayiş etdiriləcək və uşaq rəsmlərindən ibarət sərgi təşkil olunacaq. Bundan başqa, Berlinin mərkəzi meydanlarından birində “Azərbaycan Evi” və “Alman Azərbaycan Həmrəylik Cəmiyyəti” birlikdə Xocalı faciəsi həqiqətlərinə alman ictimaiyyətinin diqqətini çəkmək məqsədilə mitinq keçirəcək. Daha bir etiraz aksiyası isə Hollandiyanın Haaqa şəhərində baş tutacaq. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyətinin fevralın 22-də Xocalı soyqırımı ilə bağlı hazırlanmış şüarlarla Sülh Sarayının qarşısında piket keçirəcək, sonra isə məşəllərlə etiraz yürüşü olacaq, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidə ziyarət olunacaq. “Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi” isə martın 1-də Haaqadakı Xocalı abidəsinin önündə soyqırım qurbanlarını anım tədbiri keçirəcək. Tədbirdə Azərbaycan və Türkiyənin Niderland Krallığındakı səfirləri, Azərbaycan və türk diaspor təşkilatlarının fəalları iştirak edəcəklər. Brüsseldə isə fevralın 26-da Belçika-Azərbaycan Evinin təşəbbüsü ilə şəhərin Place du Schuman mərkəzi meydanında soyqırımın 17-ci ildönümü ilə əlaqədar çadır quracaq. Çadırda faciəni əks etdirən foto və rəsm sərgisi nümayiş etdiriləcək, yerli televiziyalardan birində Xocalı qırğını barədə filmin göstərilməsi təşkil olunacaq. Həmin gün Almaniyanın Köln şəhərindəki “Vahid Azərbaycan Cəmiyyəti”nin üzvləri də Brüsselə gələrək buradakı Azərbaycan və türk diaspor təşkilatlarının iştirakı ilə Avropa Parlamentinin binası qarşısında tədbir keçirəcəklər. Soyqırım qurbanlarının anım günündə “Azəri Türk Qadınlar Birliyi” də Brüsseldəki Square de Meeuse meydanında mitinq keçirəcək və buradan isə Avropa Parlamenti binasının yerləşdiyi Place Schuman meydanına yürüş olacaq. Fevralın 22-də İsveçin Stokholm şəhərindəki Sergelstorg meydanında bu ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçirəcəklər. Bir gün əvvəl isə İsveçin Linköpinq şəhərində fəaliyyət göstərən “Babək” dərnəyi şəhərin Tradgardstorget meydanında manifest təşkil edəcək. Fevralın 25-də İsveçrədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Berndə bu ölkənin parlament üzvlərinin, tanınmış siyasətçilərin və KİV nümayəndələrin iştirakı ilə konfrans keçirərək Xocalı soyqırımına, tarixi gerçəkliklərə bir daha diqqət yönəldəcək. Danimarkadakı “Vətən” cəmiyyəti Xocalı faciəsinin ildönümünü soyqırım haqqında sənədli filmin nümayişi, broşurlar və kitabların təqdimatı ilə qeyd edəcək. Faciənin 17-cı ildönümü günü Moldova Azərbaycanlıları Konqresi Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi ilə birlikdə Kişineu şəhərində soyqırım qurbanlarını anım məqsədi ilə mərasim təşkil edəcək. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş CD-lər, kitablar, broşurlar paylanacaq. Baltikyanı ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da Xocalı faciəsinin ildönümü münasibətilə birgə tədbirlər planı hazırlayıblar. Fevralın 26-da Estoniyadakı “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi anım tədbirində faciə ilə bağlı film göstəriləcək və fotosərgi təşkil olunacaq. Latviyada “Ocaq” Mədəniyyət Mərkəzinin Latviya Akademiyasının Kitabxanasında təşkil edəcəyi “dəyirmi masa”da ölkə Seyminin deputatları, Latviya Xarici İşlər Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak edəcəklər. “Litva Azərbaycanlıları Cəmiyyəti” də faciənin 17-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirəcək. Praqada Azəri-Çex Cəmiyyəti, Budapeştdə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Buxarestdə isə Rumıniya Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ölkəmizin bu dövlətlərdəki səfirlikləri ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirəcəklər. Xocalı faciəsinin 17-cı ildönümünü fevralın 27-da Kanadanın Ottava şəhərindəki Kanada- Azərbaycan Təşkilatlar Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə, fevralın 28-də isə Edmontonda “Alberta – Azərbaycan” Mədəniyyət Mərkəzi qeyd edəcəklər. ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq. Belə ki, Amerika-Azərbaycan Şurasının və Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ABŞ-da “Xocalı həftəsi” keçiriləcək. Tədbirlərin Nyu-York, Vaşinqton, San-Fransisko, Kaliforniya, Çikaqoda təşkili nəzərdə tutulub. “Xocalı ədalət kampaniyası” adı altında baş tutacaq tədbirlər çərçivəsində soyqırımı ilə bağlı konfrans da keçiriləcək. Konfransda Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı filmi nümayiş olunacaq, millət vəkili Həvva Məmmədovanın ingilis dilində işıq üzü görən Xocalı soyqırımı ilə bağlı kitabı iştirakçılara təqdim olunacaq. Bundan başqa, tədbirlər çərçivəsində BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz aksiyası keçiriləcək. Etiraz aksiyasında BMT ölkələrinə və baş katibinə müraciət ünvanlanacaq. Nyu-Yorkdakı “Türk evi”ndə isə təqdimat keçiriləcək. Slaydlar vasitəsilə aparılacaq bu təqdimat və panel-disskussiya Kaliforniyadakı Berkli Universitetində də təşkil olunacaq. Silsilə tədbirlər fevralın 28-dək davam edəcək. Tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları Həvva Məmmədova, Qənirə Paşayeva və Asim Mollazadə, amerikalı jurnalist Tomas Qolts və başqaları iştirak edəcəklər. Soyqırımın 17-ci ildönümünün qeyd olunduğu daha bir mərasimi Nyu-Yorkda “Azərbaycan Nyu-York Assosiasiyası” ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyi ilə birgə keçirəcək. Fevralın 26-də Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası soyqırımın 17-ci ildönümünə həsr olunmuş anım tədbiri və fotosərgi keçirməyi nəzərdə tutub. Manisada Azərbaycan Kültür və Dayanışma Dərnəyi anım mərasimi, İzmirdə təhsil alan azərbaycanlı tələbələr isə Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə birgə konfrans keçirəcək. Türkiyədəki anım tədbirləri sırasına İzmitdəki Kocaeli Azərbaycan Evi Dərnəyinin təşkil edəcəyi konfrans və bir həftəlik sərgi də daxildir. Şimali Kİpr Türk Respublikasının Doğu Akdeniz Universitetində burada fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzininkeçirəcəyi anım tədbirində rəsmi qonaqlar, Doğu Akdeniz Universitetinin tələbə və müəllim kollektivi iştirak edəcək. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti, Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətən Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi də Xocalı faciəsinin 17-ci ildönümü münasibətilə anım tədbirləri keçirəcəklər. Tayland Krallığındakı Azərbaycan Mədəniyyət Evi Xocalı soyqırımı ilə bağlı Bankoq şəhərində yerləşən Assumtion Universitetində konfrans keçirəcək. Tədbirdə faciəni əks etdirən fotoşəkillər də sərgilənəcək. Yeni Zellandiyanın Okland şəhərində fəaliyyət göstərən “Azəri” Yeni Zellandiya - Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırmının ildönümü münasibəti ilə bu şəhərdə çıxan iki qəzetdə məqalələrin yer almasını razılaşdırıb. Yazılar artıq qəzetlərin redaksiyalarına təqdim olunub. Təşkilat həm də bir neçə ali təhsil ocağında soyqırımla bağlı məlumat xarakterli tanıtım aksiyaları keçirəcək. Gürcüstan Respublikasının Marneuli şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” Azərbaycanın Gürcüstandakı Səfirliyi ilə birlikdə Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirəcək. Fevralın 26-da həmçinin Tibilisi şəhərində “Gürcüstan Azərbaycanlıları konqresi” səfirliklə birgə Xocalı soyqırımı ilə bağlı elmi praktik konfrans təşkil edəcək. Özbəkistan Respublikasının Daşkənd şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası” faciə qurbanlarının xatirəsini yad edəcək. Qazaxstanın Astana şəhərində “Xəzər” İctimai Birliyi, Aktau şəhərində isə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Turan” Konqresi Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər. Hər iki tədbir fevralın 26-na təyin edilib. Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi və “Türk Dünyasının Siyasətinə Dəstək” İctimai Fondu birlikdə anım tədbiri keçirəcəklər. Rusiya Federasiyası üzrə fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresi Moskva şəhərindəki “Bakı” kinoteatrında Xocalı soyqırımına həsr edilmiş toplantı keçirməyi və sənədli film nümayişini nəzərdə tutur. Həmin gün Sankt-Peterburq, Yekaterinburq, Samara, Tula, Ufa, Novosibirsk, Ulan-Ude, Xabarovsk və Rusiyanın digər şəhərlərində də Ümumrusiya Azərbaycan Konqresinin regional nümayyindəlikləri Xocalı soyqırımının ildönümünü qeyd edəcəklər. Ukraynada, Kiyevdə fevralın 25-də Ukrayna Azərbaycan Konqresinin təşkilatçılığı ilə azərbaycanlı rəssam Rasim Səydiyevin Xocalı soyqırımına həsr edilmiş sərgisi nümayiş etdiriləcək. Bu sərgi Xarkov, Dnepropetrovsk şəhərlərində də ictimaiyyətə təqdim olunacaq. Fevralın 26-da isə Kiyevdə və Ukraynanın digər bir neçə şəhərində yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki Səfirliyinin binası qarşısında piket keçirəcəklər. Eyni zamanda ATƏT-in Ukraynadakı Nümayəndəliyinin binası önündə də piket keçirilməsi və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilməsi nəzərdə tutulub. Həmin sənəd BMT-nin Ukraynadakı nümayəndəliyinin ofisinə də təqdim olunacaq. Həmçinin Ukraynanın Kiyev, Xarkov, Donetsk, Dnepropetrovsk və digər şəhərlərində faciənin ildönümü ilə əlaqədar dəyirmi masalar və digər anım mərasimləri keçiriləcək. Fevralın 26-da Xocalı soyqırımının 17-cı ildönümü Azərbaycanın Belarusdakı Səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Minsk şəhərində də anılacaq, dəyirmi masa keçiriləcək, Xocalı Soyqırımına həsr olunmuş sənədli film nümayiş etdiriləcək. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar