SON XƏBƏRLƏR

Aydın Mirzəzadə: "Türkiyə hakimiyyət orqanları tərəfindən Azərbaycanın maraqlarına ciddi addımlar atılarsa, buna müvafiq də reaksiya olacaq" . MÜSAHİBƏ

2021.10.20, 07:36
Aydın Mirzəzadə: "Türkiyə hakimiyyət orqanları tərəfindən Azərbaycanın maraqlarına ciddi addımlar atılarsa, buna müvafiq də reaksiya olacaq" . MÜSAHİBƏ

Gunaz.tv
"Rusiya ilə münasibətləri pisləşdirməyə dəyməz" Aydın Mirzəzadə: "Türkiyə hakimiyyət orqanları tərəfindən Azərbaycanın maraqlarına ciddi addımlar atılarsa, buna müvafiq də reaksiya olacaq" Türkiyə-Ermənistan danışıqlarında Qarabağ şərtindən imtina edildiyi barədə informasiyalar ara vermir. Bəzi eksprertlər bunu Türkiyənin Azərbaycana xəyanati kimi dəyərləndirir. Milli Məclisin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini, deputat Aydın Mirzəzadə isə hesab edir ki, indiyə qədər Ermənistanla danışıqların Azərbaycanla olan dostluğun ziyanına aparıldığını iddia etmək düzgün olmaz. "Ekspress"ə müsahibəsində A.Mirzəzadə bu, eləcə də digər məsələlərə aydınlıq gətirib. - Azərbaycanda önəmli bir vəzifə tutmuş general-leytenant Rail Rzayevin qətli ilə bağlı nə düşünürsünüz? - Bu hadisə ninki Azərbaycanda, ölkəmizdən kənarda da böyük əks-səda doğurdu. KİV, ayrı-ayrı şəxslər bu məsələyə çox ciddi reaksiya verdilər. Hesab edirəm ki, ən ciddi, prinsipial mövqe isə ölkə prezidenti İlham Əliyevin mövqeyi oldu. Belə ki, prezident xarici səfərdən qayıdan kimi hüquq-mühafizə orqanlarının iştirakı ilə müşavirə keçirərək, bu qətli pislədi və qətlin açılması üçün çox ciddi tapşırıqlar verdi. Verilən məlumatlara görə, hazırda iş gedir və qətlin üstünün açılacağına ümidlər çoxdu. Bu hadisə ilk növbədə şübhəsiz ki, dövlətçiliyə qarşı bir cinayətdir. Bu, Azərbaycan xalqını sarsıtmaq üçün atılan bir addımdır. Rail Rzayev kimi tanınmış bir hərbçinin, dövlət xadiminin qətlə yetirilməsi Azərbaycan cəmiyyətində bir çaşqınlıq məqsədi güdür. Digər versiyalar isə, qətl tam açılanda məlum olacaq. - Hazırda versiyalardan biri kimi, qətlin Rusiya tərəfindən həyata keçirilməsi göstərilir. Belə hesab olunur ki, Qırğızıstanın ABŞ-ın "Manas" hərbi hava qüvvələri bazasını bağlamaq qərarından sonra ABŞ həmin bazanı məhz Azərbaycanda yerləşdirmək niyyəti güdüb və Rusiya bu niyyətin qarşısını almaq üçün şübhəsiz ki, general Rail Rzayev məhz bu sahəyə rəhbərlik etdiyi üçün onu aradan götürərək Azərbaycan iqtidarına mesaj verib... - Qeyd etdiyim kimi, qətlin üstünün açılması istiqamətində iş gedir. İş tam açılmadığından, qətlin arxasında hansı qüvvələrin durduğunu birmənalı demək çətindir. Sualın digər hissəsinə gəlincə, dövlət başçımız Azərbaycan ərazisində xarici hərbi bazaların olmayacağı və Azərbaycan ərazisindən digər ölkələrə qarşı istifadə edilməyəcəyi barədə dəfələrlə bəyanat verib. Mənə elə gəlir ki, ümumən götürəndə bu, bütün dünya üçün aydın məsələdir. - Son günlər Türkiyə-Ermənistan danışıqlarında Türkiyənin Qarabağ şərtindən imtina etməsi barədə yayılan informasiya Azərbaycan mediasında və cəmiyyətdə Türkiyənin Azərbaycana xəyanət etməsi kimi fikirlərə yol açıb. Bu barədə siz nə düşünürsünüz? - Rəsmi şəkildə Türkiyənin heç bir bəyanatında Azərbaycanın müdafiəsindən əl çəkməsi barədə işarə yoxdur. Bu səbəbdən də biz hər hansı mülahizəyə görə Türkiyənin Azərbaycanın mövqelərindən geri çəkildiyini iddia edə bilmərik. Digər tərəfdən isə, əlbəttə ki, Türkiyənin özünün maraqları var, qonşu dövlətlərlə özünün münasibətlərini qaydaya salmağa çalışır və Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün atdığı addımlar onun bir dövlət kimi hüququdur. Onun nə nəticə verəcəyini isə gələcək göstərəcək. Hər halda, indiyə qədər Ermənistanla danışıqların Azərbaycanla olan dostluğun ziyanına aparıldığını iddia etmək düzgün olmaz. - Bəs deyilənlər təsdiqini taparsa, bu, Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmayacaqmı? - Siyasət, dövlətlərarası münasibətlər ilk növbədə konkret faktlara söykənir. Bu gün Türkyənin Azərbaycanla münasibətləri pisləşdirmək barəsində hər hansı bir fakt yoxdur. Gələcəkdə Türkiyə hakimiyyət orqanları tərəfindən belə bir addımlar atılarsa, buna müvafiq də reaksiya olacaq. Ancaq hesab edirəm ki, belə bir addımın atılması, ümumən Azərbaycandan çox, Türkiyənin milli maraqlarına ziyan vurmuş olardı. - Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat verməsindən sonra Milli Məclisdə məsələni araşdırmaq üçün deputat qrupu yaradıldı. Hansı işlər görülüb, nə yenilik var? - Bu barədə mənim məlumatım yoxdur. MM-in axırıncı iclasında spiker Oqtay Əsədov bildirdi ki, müdafiə naziri Səfər Əbiyev parlamenti məsələ barəsində məlumatlandırandan sonra, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Moskvaya səfəri baş tuta bilər. İndi biz spikerdən yeni məlumatlar gözləyirik. - Rusiyanın Ermənistana növbəti dəfə silah verməsi münasibətlərə yenidən baxmağı zəruri etmirmi? Ystəlik bundan sonra Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Çevik Qüvvələr Korpusu yaradıldı. Sizcə, Azərbaycan da bu quruma qarşı məsələn, GUAM çərçivəsində alternativ bir təhlükəsizlik qurumu yarada bilərmi? - Rusiyanın KTMT tərkibində Çevik Qüvvələr yaratması Azərbayacanın əleyhinə yönəlməyib. Düzdür, Ermənistanın hakimiyyət orqanları bunu Dağlıq Qarabağ məsələsi ilə bağlamağa çalışırlar. Amma həm hərbi blokun, həm çevik qüvvələrin əsasnaməsində yazılır ki, o qüvvələr ancaq və ancaq ora üzv olan 7 ölkədən birinin ərazisinə əgər təcavüz olarsa istifadə ediləcək. Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan ərazisidir. Bunun Ermənistana heç bir aidiyyatı yoxdur. Bu baxımdan Çevik Qüvvələri bununla bağlamaq düzgün olmazdı. Bunun əleyhinə alternativ qüvvə yaratmağın da əhəmiyyəti yoxdur. Ona görə ki, Çevik Qüvvələrin Azərbaycan əleyhinə yönəlməsi barəsində hərbi bloka üzv olan ölkələrin heç birinin hər hansı bir bəyanatı olmayıb. Həmçinin nəzərə alsaq km, Azərbaycan bütün hərbi bloklarla eyni dərəcədə münasibət saxlamağa, bütün ölkələrlə eyni dərəcədə dostluq münasibətləri qurmağa çalışır, hesab edirəm ki, Rusiya ilə münasibətləri pisləşdirməyə dəyməz. Rusiya bizim şimal qonşumuzdu, Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verən, Azərbaycanla marağını daim gözləyən bir ölkədir. Bu baxımdan Rusiya ilə əməkdaşlığı, dostluq münasibətlərini daim inkişaf etdirmək, ortaya çıxan məsələləri isə qarşılıqlı maraq və beynəlxalq hüquq normaları gözlənilməklə həll etmək lazımdır. Ermənistana əvəzsiz olaraq 800 milyon dollarlıq silahın verilməsinə dairsə araşdırmalar davam edir. Azərbaycan tərəfinini notasına cavab olaraq Rusiya tərəfi bir neçə dəfə bununla bağlı bəyanat verib. Hesab edirəm ki, bu məsələ bundan sonra da araşdırma mərhələsində olacaq. Rusiyanın Ermənistana silah vermədiyini və regionda hərbi balansı pozmaq istəmədiyi barədə verdiyi bəyanatlar diqqəti cəlb edəndi və biz çox istərdik ki, həqiqətən də o Rusiyanın dediyi kimi olsun. - Deyirsiniz ki, Rusiya ilə münasibətləri pisləşdirmək olmaz. Amma Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərin birinə silah verir... - İstəyimiz Rusiyanın Ermənistandan bizim işğal edilmiş torpaqlarımızdan qoşunlarını çıxarması tələbini etməsi olardı. Rusiya bizim ərazi bütövlüyümüzü tanısa da, təssüf ki, Ermənistan tərəfə belə bir tələb vermir. Həmçinin biz Rusiyadan hansısa dövlətlərlə strateji müttəfiqliyini qurub-qurmayacağı tələbini qoya bilmərik. Azərbaycanın digər ölkələrin siyasətinə münasibəti ilk növbədə Azərbaycana qarşı etdiyi siyasətə cavab ola bilər. İstənilən formada biz ancaq cavab verə bilərik və buna müvafiq olaraq siyasətimizi qurmalıyıq. - Bir az əvvəl Çevik Qüvvələrin Azərbaycan əleyhinə yönəlmədiyini dediniz. Amma Rusiya tərəfdən belə bir açıqlama verilib ki, həmin qüvvələrdən 1000 nəfəri Ermənistan-Azərbaycan sərhəddində yerləşdiriləcək... - Mən bunu normal bir şey hesab edirəm. Ermənistan ərazisində Rusiyanın və Çevik Qüvvələrin hərbi birləşmələri yerləşə bilər. Söhbət Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşib-yerləşməməsindən gedir. Biz buna cavab aldıq ki, o qüvvələr işğal olunmuş ərazilərdə yerləşməyəcək. Həmçinin Azərbaycan əgər torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyat aparacaqsa, bunu ancaq və ancaq öz ərazisində aparacaq və Azərbaycan Silahlı Qüvvləri Azərbaycan-Ermənistan dövlət sərhəddinə çıxmağa çalışacaqlar. Bu baxımdan həmin Çevik Qüvvələrin sonradan Azərbaycana qarşı istifadə edilməsi üçün hər hansı bir əsas yoxdur. - Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanat verib ki, Rusiya-ABŞ arasında yenidən Qəbələ RLS-dən birgə istifadə barədə müzakirələr aparıla bilər. Uzun fasilədən sonra yenidən belə bir bəyanatın verilməsi nədən xəbər verir? - Maraqlı bəyanatdır. Uzun müddətdən sonra Azərbaycanın Qəbələ RLS-i yenidən beynəlxalq münasibətlərin gündəminə gəlir. Bu, yeni seçilmiş prezident Barak Obamanın nüvə arsenalının hər iki tərəfdən 80 faizə qədər azaldılması və raket əleyhinə sistemin qurulması məsələsinə yenidən baxılması ilə bağlı verdiyi bəyanatlarla bağlıdır. Əgər bu iki dövlət Azərbaycan stansiyasından istifadə etmək fikrinə düşərsə, Azərbaycan böyük məmnuniyyətlə öz imkanlarını onların ixtiyarlarına verər. Əgər bu danışıqlar həqiqətən də ciddiləşəcəksə, müəyyən konkret qərarlar qəbul edilmək zərurəti yaranacaqsa, Azərbaycan da bu danışıqlarda bir tərəf kimi iştirak etməlidir. Çünki bu, Azərbaycanın ərazisidir, Azərbaycana məxsus olan hərbi obyektdir. Bu baxımdan danışıqların sonrakı mərhələsi nə dərəcədə Azərbaycanın bu hərbi obyektindən istifadə etməyin mümkünlüyünü çıxaracaq. Əgər obyekt istifadə edilərsə, birincisi bu, beynəlxalq gərginliyi azaldar, ikincisi isə, Azərbaycana hərbi obyektə və onun xidmət sahələrinə olsa da, xeyli sayda investisiyanın artmasına gətirib çıxaracaq. Bir sözlə, bu stansiyadan istifadə edilmək ehtiyacı yaranarsa, Azərbaycan buna cavab verməyə hazırdır. - Maraqlı bir məsələ də var. Siz dediniz ki, İlham Əliyev Azərbaycan ərazisində heç bir xarici ölkənin hərbi qüvvələrinin yerləşdirilməyəcəyini bəyan edib. Amma bu günlərdə XİN sözçüsü Xəzər İbrahim bildirdi ki, Qarabağ danışıqlarında belə razılığa gəlinib ki, problem həll olunduqdan sonra Qarabağda sühməramlı qüvvələr adı altında xarici hərbi qüvvələr yerləşdiriləcək... - Xəzər İbrahimin bu bəyanatına rast gəlməmişəm. Ona görə də bunu şərh etməyə çətinlik çəkirəm. Belədə isə, hələ danışıqlar getdiyinə və danışıqların nəticəsi olmadığına görə, razılaşmanın nədən ibarət olacağı və hansı formada ondan istifadə edəcəyi barəsində danışmaq hələ tezdir. Aqil ASLAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar