SON XƏBƏRLƏR

Rəcəb Tayyib Ərdoğan: “Gələcəyin Türkiyəsini Çaldıran ruhu üzərində inşa etməyə çalışırıq”

2021.10.20, 07:36
Rəcəb Tayyib Ərdoğan: “Gələcəyin Türkiyəsini Çaldıran ruhu üzərində inşa etməyə çalışırıq”

Gunaz.tv
Rəcəb Tayyib Ərdoğan: “Gələcəyin Türkiyəsini Çaldıran ruhu üzərində inşa etməyə çalışırıq” erdoan.jpg Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan seçkiqabağı mitinqlərini davam etdirir. APA-nın məlumatına görə, fevralın 17-də Qırıqqala şəhərindəki mitinqdə çıxış edən R. T. Ərdoğan növbəti dəfə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının ünvanına sərt ittihamlar səsləndirib. O, üzünü D. Bağçalıya tutaraq deyib: “Bağışla məni, türklük nə zamandan bəri sənin inhisarındadır?! Monqolustanda Orxon-Yenisey abidələrinə aparan 42 kilometrlik yolu biz asfaltladıq. Biz boş-boş danışmaq yerinə iş görürük. Hər türk türkdür və bir-biri ilə həmrəylik içindədir. Bu ölkədə türk, kürd, laz, çərkəz, gürcü, abxaz Türkiyə Cümhuriyyəti vətəndaşlığı altında birdir, bərabərdir, bütövdür. Kimsə etnik kimlik əsasında siyasət aparmasın”. R. T. Ərdoğan daha sonra türk-Osmanlı tarixinin iftixar duyduğu səhifələrini xatırladıb və bu sırada Osmanlı sultanı Səlim Yavuzun Azərbaycan Səfəvi İmperiyasının hökmdarı Şah İsmayıl Xətai üzərində qələbə qazandığı Çaldıran döyüşünü də göstərib: “Biz tariximizə baxdıqda Mohaçı, Niğbolunu, Çaldıranı, Malazgirti görürük. İstanbulun fəthini, Çanaqqala dastanını, Qurtuluş savaşımızı görürük. Biz bu ruhla yaşadıq, bu ruhla böyüdük, bu ruhda tərbiyə edildik və gələcəyin Türkiyəsini bu ruh üzərində inşa etməyə çalışırıq”. Qeyd edək ki, iki türk imperiyası arasındakı Çaldıran döyüşü 1514-cü il avqustun 23-də baş verib. Gün ərzində davam edən qardaş qırğını odlu silahlarla silahlanmış Osmanlı ordusunun qəti qələbəsi ilə başa çatıb. Şah İsmayıl Xətai döyüşdə yaralanıb. Qələbədən sonra Yavuz Sultan Səlim Təbrizə daxil olsa da, 6 gün sonra şəhəri tərk edərək geri dönüb. Mohaç müharibəsi isə 1526-cı ildə Osmanlı İmperiyası ilə Macarıstan Krallığı arasında baş verən və Macarıstanın böyük hissəsinin Osmanlının nəzarəti altına keçməsi ilə nəticələnən tarixi olaydır. Niğbolu müharibəsi 1396-cı ildə Dunay çayı üzərindəki Niğbolu (Nikopol) qalası yaxınlığında xaç yürüşünə çıxan Avropa krallıqlarının ordusu ilə Osmanlı ordusu arasında baş verib. Tarixdəki sonuncu xaç yürüşü olan bu döyüşdə Osmanlı sultanı İldırım Bəyazidin ordusu 3 saat ərzində xristian ordusunu darmadağın edib. Malazgirt döyüşü 1071-ci ildə böyük Səlcuq hökmdarı Alparslan və Bizans imperatoru IV Romen Diogen arasında baş verib. Həmin döyüşdə türk ordusu sayı 4-5 dəfə artıq olan Bizans ordusunu məğlub edib. Bu müharibə türklərə Anadolunun qapılarını açıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar