SON XƏBƏRLƏR

Daha bir azərbaycanlı uşağa adına görə sənəd verilmir

2026.11.27, 13:36
Daha bir azərbaycanlı uşağa adına görə sənəd verilmir

Qərbi Azərbayca əyalətinin Xoy şəhərinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Şöbəsi valideynlərinin "Əlihan" adı qoyduqları yeddi aylıq uşağa şəxsiyyəti təsdiq edən sənəd verməkdən imtina edib.

Gunaz.tv

Bu haqda Əlihanın valideynləri sosial mediada paylaşım ediblər.

Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Şöbəsi valideynlərə bildirib ki, yalnız rəsmi məhkəmə qərarı alacaqları təqdirdə övladlarına seçdikləri adda şəxsiyyəti təsdiq edən sənəd verilə bilər.

Əlihanın valideynlərinin sözlərinə görə, Xoy şəhər məhkəməsindən qərar aldıqlarına baxmayaraq, Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Şöbəsi yenə də sənəd verməkdən boyun qaçırıb.

Bildirilib ki, Şəhərin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi məhkəmə orqanının qərarından apelyasiya şikayəti verib və iş hazırda Qərbi Azərbaycan əyalətinin Apelyasiya Məhkəməsinə göndərilib.

Sənədin verilməməsi, sosial sığortaya əlçatanlığın olmaması səbəbindən tibbi müayinə xərclərinin artması, ananın doğuşdan sonrakı məzuniyyət müavinəti ala bilməməsi, eləcə də valideynlərin körpə üçün zəruri olan uşaq qidasını (süni qida) təmin edə və lazımi peyvəndləri vurdura bilməməsi kimi bir sıra problemlər yaradıb.

Xatırladaq ki, son illər İranda, xüsusən azərbaycanlılar yaşayan bölgələrdə təxminən 500 uşağa məhkəmə qərarından sonra Əlihan adına kimliyi təsdiq edən sənəd verilsə də, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi bu ad seçilən uşaqlara sənəd verməməkdə israrlıdır. 

Qeyd edək ki, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimliyi təsdiq edən sənəd verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

İdarənin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar