SON XƏBƏRLƏR

Ermənilərə dost "şahid"lər

2021.10.20, 07:36
Ermənilərə dost "şahid"lər

Gunaz.tv
Ermənilərə dost "şahid"lər "Rahat nəfəs alın, hazırlaşın. İndi ibadətə başlayacağıq! Ağsaqqalı diqqətlə dinləyin!" Bakının Əhmədli qəsəbəsindəki mənzillərdən birinə yığışmış şəxslər buranı "Çarlıq zalı", özlərini isə "şahidlər" adlandırırlar. Onlar xüsusi, seçilmiş insan olduqlarına, məşhər günü Tanrının himayəsinə qvuoaşacaqlarını, yerdə qalan hər kəsin isə əbədi məhvə sürüklənəcəyinə sidq ürəkdən inanırlar. "Çarlıq zalı"ndakı 30 nəfər "Yehova şahidləri" təriqətinin üzvləridir. Mənzilin ən böyük otağının o başında, pəncərənin qarşısında duran və hamının "Ağsaqqal Məcid" dedikləri şəxs sektanın yerli rəhbərlərindən biridir. Yerdə qalanlar isə "pioner"lər, yəni sektanın sıravi üzvləridir. 1872-ci ildə ABŞ-ın Bruklin şəhərində Çarlz Teylor Rasselin əsasını qoyduğu "Yehova şahidləri" təriqəti indi dünyanın faktiki olaraq, bütün ölkələrində fəaliyyət göstərir. "Yehova şahidləri" din və ya təşkilatlanmış kilsə olmasalar da, ideyalarının təbliğində həddən ziyadə aktivdirlər. Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Ekspress"ə verilən məlumata görə, onları xristianlardan əsas fərqləri İsa Məsihin Tanrının oğlu olub Tanrı çağırıla bilməyəcəyini demələri; xaç, ikona və kilsə tanımamaları; qan köçürülməyə və yeməkdə qandan istifadəni haram bilmələri; dünyanın İblis tərəfindən idarə edildiyini və bu idaraetmənin Roma Katolik Kilsəsində xüsusilə qabarıq şəkildə göründüyünü demələridir. Bu sekta mənsubları yalnız "Yehova əsgərləri" olduqlarını deyərək hərbi xidmətdən imtina edir, dövlətçiliyi və onun atributlarını tanımırlar. "Şahidlər" ictimai və siyasi təşkilatlarda üzvlükdən də qaçırlar. Təriqətin qəribəlikləri bunlarla bitmir. "Yehova şahidləri" müsəlmanların cümə, yəhudilərin şənbə, xristianların isə bazar gününün istirahət zamanı olmasını qəbul etmir, həftədə bir dəfə çox sadə döşənmiş "Çarlıq zalı"nda görüşürlər. Məzkur təriqətdə keşişlər olmur, çünki "şahidlər" kilsə adlarını əsla tanımaq istəmirlər. Vəftiz ediləndən sonra sektanın hər bir üzvü özünü "kütləvi şahidlik" işinə həsr etməli, "Keşik Qülləsi" cəmiyyətinin broşür və kitablarının paylanması, habelə satışı ilə məşğul olmalıdır. Bakıda köhnə "Qaqarin" körpüsünün yanında və Əhmədlidəki iki mənzildə yığışan "Yehova şahidləri"nin dediklərinə görə, Məşhər günü "Mələk Mikayıl" dedikləri İsa Məsih Yerə dönəcək, 144 min seçilmiş "şahid"lə birlikdə 1000 il ərzində kainatı idarə edəcək. Təbii ki, həmin idarəçilik zamanında müsəlmanlar, xristianlar, yəhudiləri məhz "şahidlər" sorğu-suala çəkəcəklər. Bu sektada olarkən onu da dedilər ki, bəs ruh yoxdur: insan öləndə, onun ruhu da ölür. Bakıda "Yəhova şahidləri"nin sayı 400, ölkədə isə 2 min nəfərə yaxındır. Bu insanlar cəmiyyət və dövlətimiz üçün hələlik ciddi təhlükə kəsb etməsələr də, potensial baxımdan olduqca təhlükəli problemə dönə bilərlər. Ən azı ona görə ki, Ermənistanın xüsusi xidmət orqanlarının sözügedən təriqətin Cənubi Qafqazdakı rəhbərliyi, daha doğrusu "şahidlər"in özlərinin "ağsaqqallar" dedikləri ierarxiya ilə çox sıx əlaqələri var. Azərbaycandakı "Yehova şahidləri" təriqətində da üzvlərə və bu "icma"ya yeni qoşularaq "pioner" adlandırılan kəslərə ələ silah almaq, orduda xidmət etmək, illah da ki, orduda "İsa Məsihə tapınan erməni qardaşlar"a qarşı vuruşmaq qəti qadağan edilir. Bu əməlləri "ağsaqqallar" haram buyururlar. "Yehova şahidləri" indi fəaliyyətlərini genişləndirməyə, Bakı ilə bahəm, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində də iri mərkəzlər yaratmağa çalışırlar. Onlar əyalətlərdə vətəndaşları öz sıralarına qatmaq üçün xüsusilə fəallaşıblar. Bu təriqət Bakıda fəaliyyət üçün rəsmi qeydiyyatdan keçsə də, əyalətlərdə işlə bağlı qeydiyyatı yoxdur. "Yehova şahidləri"nin son vaxtlar Gəncə və Zaqataladakı fəaliyyətlərinin rəsmi şəkildə dayandırılması, onlardan xeyli yasaq dini ədəbiyyat, CD disklər və videofilmlərin müsadirə edilməsi isə təriqət mənsublarını dayandırmayıb. Onlar indi yarırəsmi fəaliyyətdədir. Əldə etdiyimiz məlumatlara görə, "Yehova şahidləri" Cənubi Qafqazda bir mərkəzdən idarə edilən sindikat formasında fəaliyyət göstərir və qarşısına da "pioner"lərin, yəni sıravi üzvlərinin saylarının maksimum dərəcədə artırılmasını başlıca məqsəd qoyur. Ermənistanda bu təriqət rəsmən təqib olunsa da, düşmən ölkənin xüsusi xidmət strukturlarının "şahid"lərdən Gürcüstan və Azərbaycanda casusluq fəaliyyəti üçün istifadə etmələri də istisna edilmir. Ekspertlər "Yehova şahidləri"ni insanlara sərt psixoloji təzyiq göstərən totalitar təriqət hesab edirlər. Sosioloq Münəvvər Qədimovanın fikrincə, sözügedə təriqət üzv etməyə çalışdıqları azərbaycanlıları əvvəlcə dinlərindən döndərərək İsa Məsihə tapınmağa çağırır, "qurban tələyə düşən"dən sonra isə həmin şəxslə sürəkli təmaslar, ayinlər və ibadətlər vasitəsilə onun psixologiyasını elastikləşdirirlər: "Belə insan təriqət rəhbərinin istənilən əmrini yerinə yetirməyə qadirdir və hətta əmri gerçəkləşdirəndə şadlanır. Hesab edirəm ki, "Yehova şahidləri"nin Azərbaycandakı fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır". ..."Bizdə "Yehova şahidləri" təriqətinə münasibət birmənalı deyil. Lakin bircə onu demək istərdim ki, Azərbaycana qarşı fəaliyyətdə vətəndaşlarımızın və mömin xristianların dost saymadığı insanları özümüzə dost etmişik", - Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Vardan Hakopcanyan "Tert"ə verdiyi açıqlamasında belə demişdi. Yetərincə maraqlı etirafdır. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar