SON XƏBƏRLƏR

İSRAİL SEÇKİLƏRİNDƏ QALİB MƏLUMDUR, BAŞ NAZİR İSƏ YOX

2021.10.20, 07:36
İSRAİL SEÇKİLƏRİNDƏ QALİB MƏLUMDUR, BAŞ NAZİR İSƏ YOX

Gunaz.tv
İSRAİL SEÇKİLƏRİNDƏ QALİB MƏLUMDUR, BAŞ NAZİR İSƏ YOX Tsipi Livninin partiyası Benyamin Netanyahunun partiyasından cəmi 1 səs çox toplayıb 6483.jpg İsraildə fevralın 10-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb. Səslərin 99 faizə yaxınının sayılmasından sonra açıqlanan nəticəyə görə, indiyədək hökumət koalisiyasına rəhbərlik edən iqtidar partiyası Kadima 120 yerlik parlamentdə 28 mandat qazanıb. Keçmiş baş nazirlərdən Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud müxalifət partiyası isə 27 səs qazanıb. Hələlik rəsmi olmayan nəticələrə görə qatı millətçi Avidqor Libermanın başçılıq etdiyi “Yurdumuz İsrail” Partiyası üçüncü yerdə gedir. Partiya 15 mandat qazanıb, 4-cü sırada isə hazırkı müdafiə naziri Ehud Barakın rəhbərlik etdiyi “İşçi Partiyası” qərar tutub və 13 mandat əldə edib. Digər partiyalar hərəyə 3-4 mandat qazanıblar. Seçkilərin nəticələrindən də göründüyü kimi, heç bir partiya təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs çoxluğuna malik deyil. Lakin xarici işlər naziri Tsipi Livni artıq bəyan edib ki, seçkilərdə simvolik üstünlüklə də olsa, onun partiyası qalib gəlib və bu səbəbdən baş nazir postu ona verilməlidir. Livni artıq prezident Şimon Pereslə görüşdüyünü və hökumət qurmaq səlahiyyətlərinin Kadima Partiyasına veriləcəyini bildirib. Netanyahu isə bəyan edib ki, seçkilərin nəticələri millətçi qüvvələrin açıq üstünlüklə qalib gəldiyini göstərir. Buna görə də hökuməti qurmaq səlahiyyətləri onun partiyasına verilməlidir. Netanyahunun qatı millətçi Libermanla ittifaq qurmaq şansları böyükdür. Çünki onların hər ikisi ərəblərə qarşı radikal münasibətdədirlər və Fələstinlə münaqişənin nizamlanmasında ərazi güzəştlərinə qarşı çıxırlar. Bu baxımdan müşahidəçilər Netanyahunun baş nazirliyində qurula biləcək hökumətin İsrail demokratiyası üçün ciddi sınaq ola biləcəyini deyirlər. Liberman isə İsrail demokratiyası üçün təhdid hesab edilir. Bu həmin Libermandır ki, Qəzza əməliyyatları zamanı nüvə bombasından istifadəni təklif etmişdi. İsrailin seçki sistemi elə qurulub ki, həmişə koalisiya hökumətlərin yaradılması ilə nəticələnir. Heç bir partiya tam çoxluq üçün lazım olan 61 yeri qazanmağa nail olmayıb. Yerlərin çoxunu qazanan partiyanın liderinə koalisiya hökuməti yaratmaq imkanı təklif olunur. Hazırkı nəticələr göstərir ki, Netanyahunun Likud Partiyası ilə bir neçə daha kiçik dini və millətçi partiyaların daxil olduğu sağçı blok azı 63 yer qazana biliblər. Təhlilçilər deyirlər ki, Netanyahu Əmək Partiyasını öz koalisiyasına daxil etməyi nəzərdən keçirə bilər. Bu isə ona Barakı hazırkı müdafiə naziri vəzifəsində saxlamaq imkanını verəcək. Bundan başqa, Likud-Kadima alyansını da istisna etmək olmaz. Seçkilərin nəticələri rəsmən fevralın 17-də açıqlanacaq və bu tarixdən sonra prezident parlamentdə yer qazanan partiyaların liderləri ilə məsləhətləşmələrə başlayacaq. Məsləhətləşmələr nəticəsində hökumət qurmaq səlahiyyətlərinin hökmən ən çox səs toplamış partiyaya verilməsi şərt deyil. Artıq indidən görünür ki, hökuməti formalaşdırmaq, üstəlik, stabil komanda yaratmaq asan olmayacaq. Liberman seçkilərdən əvvəl elan edib ki, hansı partiya ona müdafiə naziri postunu təklif etsə, onunla koalisiya quracaq. Libermanın millətçi düşərgə ilə koalisiya qurmaq şansları hazırda daha çoxdur. Ancaq bəzi müşahidəçilər hesab edir ki, qatı millətçi qüvvələrin hökuməti İsrail üçün yaxşı heç nə vəd etmir, ona görə də sonda ən çox səs toplamış iki partiyanın koalisiyası qurula, baş nazirlər isə rotasiya ilə dəyişə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar