SON XƏBƏRLƏR

Türk dünyasının mənafeyini əvvəlcə bu dünyanın özündə qorumalıyıq

2021.10.20, 07:36
Türk dünyasının mənafeyini əvvəlcə bu dünyanın özündə qorumalıyıq

Gunaz.tv
Türk dünyasının mənafeyini əvvəlcə bu dünyanın özündə qorumalıyıq Yaqub Mahmudov: "Türkiyə-Azərbaycan münasibətlərinin qanlı və şanlı tarixi var ki, biz onu unutmamalıyıq" Türkiyənin bəzi siyasətçi və tarixçiləri ermənilərlə münasibətlərində təslimçilik mövqeyi tutublar. Bu isə Azərbaycan və türk xalqlarının siyasi, qloballaşan dünyadakı vahid mövqeyinə ziddir. Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bu fikirdədir. ("OLAYLAR"İA) -Yaqub müəllim, bu yaxınlarda Qazaxıstanda buraxılmış "Turan" adlı atlasda tarix saxtalaşdırılıb. Bu cür problemlərə qarşı mübarizəni necə aparmaq lazımdır? -Bu atlas rus alimləri ilə birgə buraxılıb. Atlas müəlliflərinin arasında heç bir erməninin adı yoxdur. Amma Moskvanın ermənilər fəaliyyət göstərən bütün elmi-tədqiqat müəssisələri atlasın buraxılmasında iştirak edib. Bizim qazax qardaşlarımız da onların hamısına köməklərinə görə təşəkkür edirlər. Məlumdur ki, türk dünyasının qaynar yeri, türkçülüyün kökü həmişə Azərbaycanda olub. Amma həmin Turan atlasında Azərbaycan "Böyük Ermənistan" kimi təqdim olunub. Azərbaycan ərazisi "Böyük Ermənistan" xəritəsinin içərisində verilib. Dünyanın hər yerində Azərbaycan-türk həqiqətlərini yaymaq, vahid diasporanın olması sahəsində Azərbaycan öndə gedir. Amma çox təəssüf ki, ölkənin apardığı bu qabaqcıl işə Turan - türk dünyasının mühüm tərkib hissəsi olan Mərkəzi Asiyada lazımınca dəstək verilmir. Yəni Azərbaycan və Türkiyənin apardığı bu xəttə bizim ordakı qardaşlarımız çox çətinliklə gəlirlər. Bunun da təbii səbəbləri var. Yeni çıxarılan "Turan" atlasına gəlincə isə, onu demək istəyirəm ki, necə ola bilər Turan atlasına Azərbaycan düşməsin, amma Ermənistan olsunğ Turan bütün Türk xalqlarının hamısını əhatə edən bir dünyadır. Qədim xəritələrə baxmışam. Bu xəritələrin hamısında "Böyük Ermənistan" deyilən yer Araz çayının, Dəclə-Fəratın başlandığı yerdir. Azərbaycana yaxınlığı belə yoxdur. Heç olmasa, verdikləri xəritələrə baxmayıblar. Aydın hiss olunur ki, bu məsələdə Moskva alimləri vasitəsilə ermənilər öz planlarını həyata keçirib. Maraqlı məqamlardan biri isə odur ki, atlasın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə İranın Qazaxıstandakı səfirinə təşəkkür olunur. Fikrimcə, biz Turan dünyasının mənafeyini elə ilk növbədə Türk dünyasının özündə müdafiə etməliyik. Mübarizəyə gəlincə isə, bu işlər arayışlar yazmaq, hardasa çıxan bir kitaba rəy verməklə həll olunmaz. Bu il bir kitaba rəy verəcəksən, sabah başqa birini buraxacaqlar. Erməni varlıları pulunu verir, əlaltılarını tapır və bu işi görür. Biz mütəmadi kitablar nəşr etdirməliyik. Bu kitablar buraxılandan sonra qoy erməni bizə cavab versin. Tarix İnstitutunun götürdüyü xətt bundan ibarətdir. Onlar bizim kitablarımıza cavab verə bilməyəndə başqa vasitələrə əl atırlar. Ölkənin içərisindəki etnik qüvvələrin tarixini qədimləşdirməyə, Azərbaycan türklərinin bu torpaqlara gəlmə olduğunu sübut etməyə çalışırlar. Amma bunların heç birinin faydası yoxdur. Xalqımız öz tarixini öyrənməlidir, tarixi həqiqətləri bilməlidir. Xalq öz tarixinə sahib çıxanda tarixinin mücahidinə, məğlubedilməz sərkərdəsinə çevrilə bilər. Bizim qarşımıza qoyduğumuz məqsəd də bundan ibarətdir. Biz eyni zamanda dünya mədəniyyətinin inkişafında çox böyük rol oynamışıq. Bunlar da üzə çıxarılmalıdır. -Turan dünyasının xəyali bir dünya olduğunu, onun gerçəkləşməsinin heç bir zaman mümkün olmayacağını iddia edənlər daha çoxdur. Amma bu dünyanın var olmasından qorxuya düşənlər də az deyil. Bu cür əks təbliğatların aparılması belə bir dünyanın yaranmasından irəli gələn təşvişin nəticəsi ola bilərmiğ Ümumiyyətlə, Turan necə dərk olunmalıdır? ¬-Bu məsələyə münasibətim çox konkretdir. Tarixin elə anları var ki, o yaşanır və bitir. Deyək ki, slavyan xalqlarının hamısının tarixini araşdıranda lap qədimdə gedib vahidləşir. Tarixdə roman xalqları var ki, onların da kökü gedib Romaya çıxır. Amma indi Latın Amerikası və sairə böyük bir dünyadır. Türk xalqları da həmçinin tarixin dərinliklərində eyni kökə bağlanır. Amma tarixin gedişində xalqlar haçalanıb və onların sırasında yeniləri meydana gəlib. Dünənə kimi Osmanlı adlanan, Atatürkün vaxtından sonra türk adını götürən Türk xalqı var. İndi Türk xalqı, mədəniyyəti, dili deyiləndə onlar başa düşülür. Halbuki vaxtilə yeganə türk adlandırılan biz idik. Onlar osmanlı idilər. İndi dünyada azərbaycanlı deyiləndə biz yada düşürük. Yəni bunların hamısını təzədən tarixin dərinliyində olduğu kimi birləşdirmək xəyali məsələdir. Amerika qitəsini keçmişə necə qaytarmaq olarğ Bura hinduların ölkəsidir. Şimali Amerikada da qədim türk xalqlarının vətənidir. Bu baxımdan da turançılıqdan olan qorxu əsassızdır. Qədim türk xalqlarının torpağında yaşayanlar narahatçılıq keçirir. Onların dövlətləri, şovinist dairələr narahatçılıq keçirirlər. Türk xalqlarının tarixində bir çox hökmdarlar var ki, onlar vaxtilə öz sözlərini deyiblər. Ona görə də bir qorxu, hürkü var. Dirçəlmədən əndişə edən qüvvələr dünyanın hər yerində var. Amma bu çox dayaz düşüncədir. Əvvəldə də qeyd etdiyim kimi bu xalqlardan artıq müxtəlif xalqlar əmələ gəlib. O tarix bizim şərəfli tariximizdir. Biz onu öyrənməliyik. Amma bugünkü reallığı ona bağlamaq doğru deyil. Mənim türkçülüyümün kökündə azərbaycançılıq dayanır. Bu gün mən Azərbaycanın hərtərəfli mənafeyini qorusam, bu, turançılığa böyük sədaqətdir. Digər türk xalqları da həmçinin. Yəni bu baxımdan da türk dünyasının qüdrətini artırmaqdan ötrü qazax, türkmən, özbək, çuvaş və digər türklər hamısı çalışmalıdır ki, öz vətən torpağının keşiyində ayıq dayansın. Eyni zamanda da bu böyük dünyanın xalqları, dövlətləri arasında güzəştli münasibətləri olsun. Deyək ki, gömrük sərhədləri götürülsün, güzəştli iqtisadi münasibətləri, UNESCO kimi bir təşkilatı olsun. Avropa Birliyi, Avropa Şurası kimi təşkilatları olsun. Bu yolla xalqların keçmiş mədəniyyətini bir-birindən götürməsinə və mənəvi irsinin vahidləşməsinə gedib çıxmaq olar. Bu da birlik deməkdir. -Yeri gəlmişkən, Azərbaycan-Türkiyə əlaqələrinin mövcud vəziyyəti barədə nə deyə bilərsiniz? Türkiyənin Ermənistanla əlaqələrini bərpa etməyə çalışması, Azərbaycan televiziyalarında ana dilinin təkmilləşdirilməsi məqsədilə türk dilində olan verilişlərin efirə verilməməsi qarşılıqlı münasibətlərin korlanmasına səbəb ola bilərmi? -Türk dilində verilişlərin verilməməsi münasibətləri korlaya bilməz. Biz müstəqil dövlətik. Televiziyalar, radio dalğaları ilə bağlı məsələlərin hamısında dövlətin öz siyasəti olmalıdır. Azərbaycanın daxilində bu məsələlərə qınaqlar olanda onun digər tərəfinə də baxmaq lazımdır. Deyək ki, Rusiyada Azərbaycan kanalları müstəqil yayınlanırmığ Yayınlasınlar, biz də bunu edək. Türkiyədə də bizim kanallarımızı müstəqil yayınlasalar, biz də bunu edərik. Burda dövlət məsələsi var. Dövlət isə ölkələrə fərqli münasibət göstərə bilməz. Bütün münasibətlər qarşılıqlı olmalıdır. Azərbaycan cəmiyyətində olan müəyyən narazılıqlar isə Türkiyənin Ermənistana olan münasibətilə bağlıdır. Çox təəssüf edirəm ki, Türkiyənin müəyyən dairələri sözdə Azərbaycan həqiqəti, Qarabağ məsələlərinə etiraz bəyan etsələr də, bir ziyalı kimi demək istəyirəm ki, Türkiyə ilə Ermənistan arasında olan futbol diplomatiyası xalqda çaşqınlıq yaradır. Bu əsaslıdır. Faktlara toxunmaq istəyirəm. Dəfələrlə Qarsda olmuşam. Ordan Ermənistana qapı açmaq məsələsi çox güclü qoyulmuşdu. Dövlət məmurları tərəfindən buna ciddi dəstək verilirdi. Biz orda dəfələrlə konfranslarda olduq. Qardaş türk xalqının mövqeyi tamam başqadır. Dünən Azərbaycanda Xocalı soyqırımı həyata keçirilib, ondan bir az əvvəl Anadolunun şərqində ermənilər soyqırım həyata keçirib. Bu həqiqətlərin var olduğu bir halda Türkiyənin bəzi dairələrinin yeritdiyi siyasət bir tarixçi kimi məni də qane etmir. Amma bizim hamımız belə düşünürük ki, bir qüdrətli türk xalqı var ki, onlar bizim qardaşımızdır. Heydər Əliyevin qoyduğu "bir millət, iki dövlət" xətti var ki, bizə bu xəttin yeridilməsi doğmadır. Ona görə də biz münasibətimizi türk xalqına, qan qardaşlarımıza görə qururuq. O xalqı mən yaxşı tanıyıram. Bizdə 20 Yanvar faciəsi baş verəndə onlar bizə əl yetirə bilmədikləri üçün sərhəddə yığışıb, dizlərini yerə vurub hönkür-hönkür ağlayan xalqdır. Onlar 1918-ci il faciələrində bizə əl yetirdi, biz ondan əvvəl Çanaqqalada onlara yardım etdik. Nuru Paşa Azərbaycan üçün çox böyük işlər gördü. O, Batumda zindanda olanda bizim igidlərimiz gedib ingilislərlə vuruşub onu oradan çıxardılar. Tarixə bu cür baxıram. Siyasətdəki müəyyən dolanbaclarla baxmıram. Tarixin ana xətti var. Azərbaycan və Türk xalqı vahid bir xalqdır və onlar heç zaman bir-birlərini tərk etməyəcəklər. Ona görə də bizim siyasətimiz buna köklənib. Ortada müəyyən qüvvələr ola bilər. Təəssüf doğuran haldır ki, o qədər türk diplomatları öldürüldü, ermənilər Anadolunun bütün şərqinə yiyələnmək istəyir, amma bütün bunlara baxmayaraq bir də görürsən ki, hardasa bir kilsə təmir olunuur, səfirliyin açılması söhbətləri gedir. Bu necə ola bilərğ Mənim bir ziyalı kimi mövqeyim qətidir. Ermənilər tarixdə türklərə qarşı soyqırımlar həyata keçiriblər. Onlar bunu etiraf etməlidirlər. Amma onlar tələb edirlər ki, Türkiyə bunu etiraf etsin. Türkiyə tərəfinə gəlincə isə, mən bunu bəzi alim və siyasətçilərin də zəifliyi hesab edirəm. Onlar təslimçilik mövqeyi tutublar. Çünki bunu ermənilər etiraf etməlidir. Onlar etiraf edəndə münasibətlər qaydaya salına bilər. Nə qədər ki, Azərbaycan torpaqları işğal olunub və ermənilər Azərbaycan ərazisində dövlət yaratdıqlarını etiraf etmirlər, qoşunlarını bizim ərazimizdən çəkib getməyiblər, biz ermənilərlə heç bir münasibət yaratmamalıyıq. Və qardaşlarımız da bunu etməməlidir. Bu prosesin aparılması Azərbaycan və Türk xalqlarının siyasi mənafeyinə, qloballaşan dünyadakı vahid mənafeyinə ziddir. Bu, türk xalqının mövqeyi deyil. Türkiyənin silahlı qüvvələrinin, türk dünyasının gələcəyinə baxan qüvvələrin mövqeyi deyil. Bu baxımdan da mən bizim televiziya kanallarını da, təbliğat sistemimizi də münasibətlərimizi daha sıx qoruyub saxlamağa çağırıram. Münasibətlər bəzi siyasətçilərin bir-iki gün atdığı addımla ölçülmür. Münasibətlərin qanlı və şanlı tarixi unudulmamalıdır. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar