SON XƏBƏRLƏR

TEHRAN VAŞİNQTONLA DİL TAPACAQ?

2021.10.20, 07:36
TEHRAN VAŞİNQTONLA DİL TAPACAQ?

Gunaz.tv
TEHRAN VAŞİNQTONLA DİL TAPACAQ? 39294_1 Barak Obama İrana yönəli siyasətin yaxın aylarda açıqlanacağını bəyan edib S.SƏDRƏDDİN Dünyanın başı Fələstin məsələsinə qarışsa da, İranın atom-nüvə proqramı ilə bağlı problem də diqqətdən kənarda qalmayıb. Almaniyanın keçmiş kansleri Herhard Şröder bu ilin fevralında məsələni müzakirə etmək üçün Tehrana səfər edəcək. Məlumatlara görə, bu səfər AFR Xarici İşlər Nazirliyi tərəfindən başda ABŞ prezidenti Barak Obama olmaqla Ağ evlə razılaşdırılaraq gerçəkləşdiriləcək. Səfərin dəqiq vaxtı haqda məlumat yayılmayıb. Qeyd etmək lazımdır ki, bir müddət öncə Obama bildirmişdi ki, İran məsələsi əsas problemlərdəndir və bu yöndə yeni siyasət yürüdüləcək. Ağ evin yeni sahibinin sözlərinə görə, Tehran hakimiyyəti ilə qarşılıqlı münasibətlərə başlamaq vacibdir. AĞ EV TEHRANLA BARIŞACAQ? Amerikalı mütəxəssis Cefri Frankel "Trend"ə müsahibəsində bildirib: "Əgər ABŞ-ın yeni hakimiyyəti İranla danışıqlara daha həvəslə yanaşarsa, habelə Tehran məsələyə əvvəlkilərdən daha uyğun cavab verərsə, münasibətlər normallaşa bilər. Bu isə İslam Respublikasının nüvə problemi ilə bağlı məsələdə BMT Təhlükəsizlik Şurasının mövqeyini yumşaldar". Obama prezident kimi bəyan edib ki, İslam Respublikasının rəhbərliyi danışıqlar üçün "əl uzadacağı" halda İrana eyni davranışı göstərə bilər. O, yaxın aylarda Vaşinqtonun Tehrana yönəli siyasətini tam şəkildə açıqlayacağını vurğulayıb. Amerikanın BMT-dəki yeni səfiri Süzan Raysın sözlərinə görə, Ağ ev İranın atom-nüvə proqramı ilə bağlı "təzyiq və danışıq diplomatiyası"nı davam etdirəcək. "Biz hələ də İranın atom-nüvə proqramının bölgədə yaradacağı təhlükədən narahatıq. ABŞ və sülhsevər beynəlxalq ictimaiyyət, o cümlədən "altılıq" (Amerika, Almaniya, Fransa, Çin, İngiltərə və Rusiya - S.S.) İslam Respublikası ilə diplomatik təmasları intensivləşdirəcək. Eləcə də biz İranın nüvə proqramını dayandırmasından ötrü başqa basqı vasitələrini də nəzərdən keçiririk", - deyə yeni səfir söyləyib. İran danışıqlar və başqa diplomatik vasitələrlə BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməyə məcbur edilməlidir. S.Raysın dediyinə görə, Tehran şərtləri icra etməkdən boyun qaçırsa, "bu, İrana təzyiqlərin artması ilə sonuclanacaq". İndi baş verənlərdən görünür ki, Ağ evin Tehrana münasibəti hələ bir müddət dəyişməyəcək. Dəyişikliklərin baş verməsindən ötrü İslam Respublikasının iddialarından əl çəkməsi ilkin şərt kimi görünməkdədir. ALMANLAR İRANA "HÜCUMA KEÇİB" "Faynənşl tayms"ın yazdığına görə, Almaniya hökuməti İranla ticarət sahəsində əməkdaşlıq edən yerli şirkətlərlə əlaqələri dayandırmaq barədə göstəriş verib. Almanların bu addımı atmasına səbəb kimi rəsmi Berlinin İsrail və ABŞ tərəfindən tənqid olunması göstərilir. AFR-in müttəfiqləri bildirir ki, Tehran BMT TŞ-nin qətnamələrinə məhəl qoymadığı üçün ona qarşı sanksiyaların tətbiqində Almaniya da səmərəli iştirak etməlidir. Qəzet 2008-ci ilin birinci yarısına aid bir sıra rəqəmləri dərc edib. Həmin məlumata görə, ötən ilin ilk yarısında alman hökuməti ixracat üçün 73,4 milyon avroluq təminatlı kredit ayırıb. 2007-ci ildə 503 milyon avro ayrılmışdı, 2006-cı ildə isə bu göstərici 1,16 milyard avro təşkil edib. Almaniya İqisadiyyat Nazirliyi bildirib ki, İrana ixracat edən şirkətlər "fövqəladə məhdudiyyətlər"lə üzləşəcək. "Uyğun qurumlar ixracatın məhdudlaşdırılmasından ötrü nəzarəti gücləndirəcək", - deyə nazirlik bəyan edib. AFR mətbuatının yaydığı xəbərlərə əsasən, kansler Angela Merkel iqtisadiyyat naziri Mixail Qlosa tapşırıq verib ki, İslam Respublikasına mal ixrac edən yerli şirkətlərə bütün növ federal krediti dayandırsın. Xəbərlərə görə, ötən ilin ilk 11 ayı ərzində Almaniya şirkətləri İrana 3,6 milyard avro məbləğində mal ixrac edib, bu isə 2007-ci ilin uyğun dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Bundan başqa, "altılıq"ın fevralda Berlində keçiriləcək toplantısında AFR-lə yanaşı, Fransa və İngiltərənin də İslam Respublikasına qarşı iqtisadi qadağaları sərtləşdirəcəyi gözlənilir. ÖTƏN İLİN SONUNDAKI DURUM Xatırladaq ki, ötən il BMT TŞ uranın zənginləşdirilməsini dayandırmaq tələbi ilə Tehran hakimiyyətinə qarşı dörd qətnamə qəbul edib. İslam Respublikasının rəhbərliyi isə atom-nüvə proqramını həyata keçirməkdə hələ də israrlıdır. Elə Buşəhr Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı məsələ bu qəbildən sayıla bilər. Bu günlərdə İran prezidenti Mahmud Əhmədinijat bildirib ki, Rusiya mütəxəssisləri tərəfindən inşası davam etdirilən AES-in tikintisi nəzərdə tutulmuş qrafikə uyğun həyata keçirilir. İran tərəfi iddia edir ki, stansiyada işlərin 94,8 faizi yerinə yetirilib. Rusiya rəsmiləri tikintinin 2008-ci ilin dekabrında yaxud 2009-cu ilin fevralında istifadəyə veriləcəyini boyun olmuşdular. Moskva bu layihəni 1995-ci ilin yanvarından gerçəkləşdirməkdədir. Ötən illər ərzində Rusiya bu müddəti bir neçə dəfə təxirə salıb. "İranın nüvə məsələsi artıq köhnəlib və aktuallığını itirib. Bu artıq dünyada vəziyyətin dəyişməsi üçün bəhanə ola bilməz", - deyə Əhmədinijat AES və ölkəsinin atom-nüvə proqramı barədə danışarkən söyləyib. Tehranın atom texnologiyasına yiyələnməsindən ərəb dövlətləri də narahatdır. Bu narahatlığı aradan qaldırmaq istəyən İran hakimiyyəti ərəb dövlətlərinə də bu istiqamətdə birgə layihələr gerçəkləşdirməyi təklif edir. Ötən ayın axırında Ərəb Dövlətləri Liqasının baş katibi Əmir Musa bölgədəki problemlərin həlli ilə bağlı yolların aranmasından ötrü İslam Respublikasını danışıqlar aparmağa çağırmışdı. Xatırladaq ki, keçən ilin sonunda Birləşmiş Ərəb Əmirliklərinin strateji araşdırmalar mərkəzində İran körfəzinə dair konfrans keçirildi. Həmin yığıncaqda çıxış etmiş Böyük Britaniya xarici işlər naziri Devid Milibənd isə bölgədəki ərəb ölkələrini atom-nüvə proqramını davam etdirməkdən çəkinmək üçün Tehran hakimiyyətinə qarşı təzyiqləri artırmağa çağırmışdı: "İran beynəlxalq qanunlara əməl edərsə, o zaman sizlər də mövcud iqtisadi əlaqələri genişləndirmək məqsədi ilə bu ölkəyə sərfəli təkliflər edə bilərsiniz. Əks halda, müəyyən tədbirlərə əl atmaq qaçılmazdır. Bunun üçün bir sıra addımları atmaq olar, məsələn, ticarət əlaqələrini məhdudlaşdırmaq, bu ölkəyə ixracat həcmini azaltmaq yolu ilə təzyiqləri gücləndirmək mümkündür". İngilis diplomat İslam Respublikası ilə beynəlxalq ictimaiyyət arasındakı mövcud problemlərin danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını bildirmişdi: "Bizim məqsədimiz problemin bütövlükdə diplomatik və danışıqlar yolu ilə həllinə nail olmaqdır. Bu səylərin uğurla başa çatmasından ötrü İran hakimiyyətini iki seçim qarşısında qoymaq lazımdır: o, BMT Təhlükəsizlik Şurası ilə əməkdaşlıq etməlidir, əks halda, kəskin təcridlə üzləşəcək". London rəsmisinin həmin bəyanatına Tehran hakimiyyəti dərhal reaksiya vermiş, Britaniyanın bu ölkədəki səfiri Ceffri Adams İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılmış, ona belə çıxışların qəbuledilməzliyi bildirilmişdi. Amerikanın maliyyə qurumunun informasiya üzrə o vaxtkı təmsilçisi Stüart Levi isə jurnalistlərə bəyan etmişdi ki, Birləşmiş Ərəb Əmirliklərindən Dubay şəhərində fəaliyyət göstərən İran banklarının işini nəzarət altında saxlamağı tələb ediblər. "ABŞ əmirliklə bir sıra məsələlər haqda müzakirə aparır. Bu ölkədə fəaliyyət göstərən İran bankları narahatlığa əsas verən mühüm sahələrdəndir. Həmin maliyyə qurumlarının bu ölkədəki fəaliyyəti nəzarət altına alınmalıdır. Əgər əmirlik dünyada etibarlı bazara çevrilmək niyyətindədirsə, bu məsələyə önəm verməlidir". Bundan başqa, ötən il noyabrın əvvəlində ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı sanksiyanı kəskinləşdirdi, Amerika maliyyə sistemi Tehranın üzünə sonuncu "baca"nı da bağladığını elan etdi. Həmin qərara görə, İslam Respublikasının banklarına başqa dövlətlərdən köçürmələrə də bu yasaq tətbiq olunacaq. S.Levi bildirmişdi ki, bu addımı atmalarına səbəb Tehran hakimiyyətinin yürütdüyü siyasətdir. Onu da yada salmaq lazımdır ki, ABŞ İslam Respublikasının "Saderat", "Bank-e-Milli" banklarına sanksiya tətbiq edib. Bunun ardınca Tehran Asiya ölkələrində və ona yaxın bölgələrdə, çox güman, Rusiya, eləcə də MDB-də fəaliyyətini genişləndirəcəyini bəyan etdi. Bundan başqa, bir neçə il öncə əmirlikdə çalışan iranlı iş adamlarından biri bildirmişdi ki, İslam Respublikası hakimiyyətinə məxsus bir sıra qurumların nümayəndələri Dubayda fəaliyyət göstərir. Bu şəbəkə Tehrandan siqnalın gəlməsini gözləyir. Həmin vaxt onlar əmirlikdə və başqa ərəb dövlətlərində pozuculuq fəaliyyətinə başlayacaqlar. Nəzərə almaq lazımdır ki, yuxarıda adıçəkilən hər iki bankın BƏƏ-də şöbələri mövcuddur. Bu maliyyə qurumları isə atom-nüvə proqramının maliyyələşməsində şübhəli bilinir. 2008-ci ilin oktyabrında isə ABŞ İran İslam İnqilab Keşikçiləri Qvardiyasına yeni sanksiyalar tətbiq etmişdi. Təxminən bir il öncə Konqresin Nümayəndələr Palatası qvardiyanın adını terrorçu təşkilatlar siyahısına daxil edəndən sonra Ağ ev bu hərbi təşkilata qarşı iqtisadiyyat, ticarət sahələri üzrə əlaqəyə girən bütün müəssisə və şirkətlərə qarşı qadağalar həyata keçiriləcəyini bildirmişdi. Məlumata əsasən, qvardiya kütləvi qırğın silahlarının və raket texnologiyasının qanunsuz alış-verişi ilə məşğul olduğuna görə bu yasağa məruz qalıb. Bu qərar Çin, Cənubi Koreya, Şimali Koreya, Suriya, Rusiya, Sudan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən, qvardiya ilə əməkdaşlıq edən 12 özəl və hərbi quruma tətbiq ediləcək. Rusiya ilə İslam Respublikası arasında maliyyə məsələsinə dair əlaqələr də genişlənməkdədir. RF Mərkəzi Bankına (keçmiş SSRİ-nin Dövlət Bankı - "Rusiya Bankı") üç dəfə sədrlik etmiş Viktor Geraşenko "RİA-Novosti"yə müsahibəsində deyib ki, maliyyə nazirinin müavini Aleksey Kudrin bu yaxınlarda İran rəsmiləri ilə görüşüb. Həmin görüş zamanı Rusiya rəsmisinə İslam Respublikası ilə Çin arasında ticarətin rublla aparılması təklif edilib. İlkin olaraq İranın Çinə ixrac etdiyi illik 80 milyon ton neftin Rusiya valyutası ilə gerçəkləşdirilməsi nəzərdə tutulub. Kudrinin "Nədən" sualına aydınlıq gətirən iranlı məmur deyib: "Sizdə metal ucuzlaşıb və onu hazırda rublla almaq mümükündür. Biz onu sizdən və böyük miqdarda almaq istəyirik. Hazırda ölkəmizdə yol və yaşayış binaları sahəsində tikinti geniş vüsət alıb". V.Geraşenko belə bir mübadilə nəticəsində perspektivdə Rusiya rublunun bölgə üzrə aparıcı valyuta ola biləcəyini istisna etməyib. Amma o bunun uzun müddət aparacağını da vurğulayıb. Beləliklə, İslam Respublikası bir yandan beynəlxalq maliyyə böhranından az itki ilə çıxmaqla yanaşı, atom-nüvə proqramı kimi bahalı layihəni də gerçəkləşdirmək niyyətindədir. Ancaq bütün bu və başqa oxşar ideyaların həyata keçirilməsindən ötrü Tehran hakimiyyəti ilk növbədə Ağ evlə dil tapmalıdır, əks halda, Vaşinqtonun İrandakı rejimə münasibəti dəyişməyəcək. Bu isə daha çox Tehranın ziyanına olacaq.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar