SON XƏBƏRLƏR

MİÇİQAN UNİVERSİTETİNİN ŞƏRQŞÜNASLIQ FAKÜLTƏSİNDƏ QARABAĞLA BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR

2021.10.20, 07:36
MİÇİQAN UNİVERSİTETİNİN ŞƏRQŞÜNASLIQ FAKÜLTƏSİNDƏ QARABAĞLA BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR

Gunaz.tv
MİÇİQAN UNİVERSİTETİNİN ŞƏRQŞÜNASLIQ FAKÜLTƏSİNDƏ QARABAĞLA BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR ABŞ-ın Miçiqan Universitetinin ermənişünaslıq fakültəsi yanvarın 30-da “Kosovodan sonra Qarabağ” mövzusunda konfrans təşkil etmişdir. Birgünlük müzakirələr zamanı erməni mənşəli isveçrəli yazıçı Viken Çeterian, Kaliforniya Universitetinin Qafqaz üzrə tədqiqatçısı Benjamin Qrehem, Corcia Texnoloji İnstitutunun tədqiqatçısı Mikulas Fabri, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Gürcüstanın sabiq diplomatı Qoça Lordkipanidze, Moskvadakı Demokratiya və Əməkdaşlıq İnstitutunun tədqiqatçısı Andranik Miqranyan Kosovo və Qarabağ arasında oxşarlıq və fərqləri təhlil etmiş, Kosovonun müstəqilliyinin tanınmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı rol oynaya biləcəyinə dair fikir mübadiləsi aparmışlar. Baş konsul Elin Süleymanov çıxışında bildirmişdir ki, münaqişələrə dair mövqeyində beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini rəhbər tutan Azərbaycan Kosovonun müstəqil ölkə kimi tanınmasını səhv addım kimi qiymətləndirir. O demişdir ki, Dağlıq Qarabağdan fərqli olaraq, Kosovo dövlətlərarası deyil, dövlətdaxili münaqişədir. Dağlıq Qarabağın erməni separatçı rejimi Ermənistanın dəstəyi ilə nəinki Azərbaycanın ətrafdakı yeddi rayonunu işğal etmiş, həm də burada yaşayan azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoymuşdur. Kosovoda baş verən qırğınlar xarici telekanallar vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırıldığı halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük qırğını olan Xocalı faciəsindən dünya xəbərsiz idi. Azərbaycan diplomatı Ermənistan tərəfini münaqişənin sülh yolu ilə həllinə dair aparılan danışıqların irəliləməsi üçün addımlar atmağa çağırmışdır. O demişdir ki, işğal edilmiş ərazilərin qaytarılması və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtması Dağlıq Qarabağın erməni əhalisi üçün ən yaxşı təhlükəsizlik təminatı olardı. Çünki zəbt edilən ərazilərdə infrastrukturun bərpası, məcburi köçkünlərinin evlərinə dönməsi üçün maliyyə vəsaiti sərf edən Azərbaycanın hərbi əməliyyatlara başlayacağı real deyildir. Elin Süleymanov əlavə etmişdir ki, hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olsa da, təcavüzün qurbanı olan Azərbaycan son 15 ildə münaqişənin həlli üçün silaha əl atmamışdır. O xatırlatmışdır ki, ötən il martın 4-də atəşkəs rejiminin ciddi şəkildə pozulmasından sonra hərbi əməliyyatların başlamaması nikbinliyə əsas verir. Lakin Ermənistan tərəfinin mövqeyini izah edən Andranik Miqranyan Azərbaycan diplomatının ifadə etdiyi nikbinliyi bölüşməmişdir. O, çıxışında ənənəvi qeyri-konstruktiv bəyanatları təkrarlayaraq demişdir ki, Dağlıq Qarabağ hüquqi cəhətdən heç vaxt Azərbaycana məxsus olmayıbdır. Ermənistan tərəfinin münaqişədə edəcəyi yeganə güzəşt Dağlıq Qarabağın müstəqilliyinin tanınması ola bilər. Miqranyanın fikrincə, tərəflərin həll yolu tapmaq şansı çox azdır. Münaqişənin həlli yalnız ABŞ və Rusiya kimi böyük dövlətlərin nizamasalma yolunu yeritdiyi halda mümkun ola bilər. Şəfəq Akifqızı AzərTAc-ın xüsusi müxbiri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar