İranda 6 məhbus edam edilib
CENTCOM rəhbəri ABŞ Konqresinə Yaxın Şərqdə hərbi məqsədləri barədə məlumat verib
Qəzvin Toli-Press fabriki bağlı qalmağa davam edir
Təbriz həbsxanasında olan məhbuslar Yürüş Mehrəlibəylinin xüsusi bölməyə köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başlayıblar
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
Xiyavda 9 iş yeri möhürlənıb
İsrail səfiri İranın Livanı ABŞ-la danışıqlara tabe etmək cəhdini rədd edib
Məşhəddə məşhur klisə dağıdıldı
İranın ərəb qonşuları neft daşımalarını davam etdirmək üçün “qaranlıq” transferlərə üz tutur
Vens: ABŞ İranla razılaşma əldə etmək üçün güclü mövqedədir
Ceyhun Bayramov Yaponiyaya səfər edib
Tramp: ABŞ və İran arasında növbəti iki həftə ərzində razılaşma əldə oluna bilər
Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı bir hücuma cavab verəcək
Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
Katz: “Hizbullah”ın hər hansı bir hücumu İsrailin Beyruta zərbələrinə səbəb olacaq
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb
3121 nəfər məsuliyyətə cəlb edilib- Cahangir
Türkmən fəala ağır həbs cəzası verildi
Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir
"Etimad" qəzetinə qarşı cinayət işi açıldı
Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır
Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
İsrail: Zərbələr Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirib
Tehranda uçuşlar ləğv edildi
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İran yenidən İsrailə raket atdı
AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Fidan və Əraqçi regiondakı yeni gərginliyi müzakirə ediblər
Tramp: İrana qarşı quru əməliyyatının həyata keçirilməsi ehtimalı azdır
Ceyhun Bayramov İstanbula səfər edib
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
Türkiyə çətin, olduqca çətin bir mərhələdən keçir. Kiminə görə, bu mərhələnin adı demokratiya savaşı, kiminə görə Ərdoğan hökumətinin tək güc olmanın verdiyi rahatlıqla müxaliflərini qorxutma və cümhuriyyət dəyərlərini sıradan çıxarma cəhdidi. Hər nə olursa olsun, bu sancılı proses Türkiyə cəmiyyətində bölünməni dərinləşdirməkdədi. Atatürk dəyərlərinin qoruyucusu olduğunu iddia edən, dövlətin, cəmiyyətin bütün təbəqələrində ağırlığını qoruyan, çoxluğunu “solçu”ların təşkil etdiyi kəsimlə Türkiyədə illərlə sürən “sağ-sol” savaşında kənara çəkilib mövqe gözləyən, AKP (Ədalət və Qalxınma Partiyası) iqtidarı sayəsində əməlli-başlı dirçələn mühafizəkar kəsim açıq şəkildə qarşı-qarşıya gəlib. İki ilə yaxındı davam edən “Ergenekon” davası nə baş nazir Ərdoğanın dediyi kimi sadəcə “çete”lərdən qurtulma prosesidi, nə də onun müxaliflərinin iddia elədiyi kimi “stəkanda fırtına” cəhdi. Türkiyədə (siyasətdə, iqtisadiyyatda, mediada – hər yerdə) amansız mövqe savaşı gedir və “Ergenekon” əslində bu savaşın kod adıdı. Bu savaşın tərəflərini təmsil edənlərin heç də hamısı süddən şıxmış ağ qaşıq deyil – “Ergenekon”da qarşı-qarşıya gələnlər arasında gerçəkdən dünyəvi dövlət dəyərlərinə qarşı çıxanlar da var, adı “dərin” çetelərə qarışanlar da... Və heç şübhəsiz, bütün savaşlarda olduğu kimi “qurunun oduna yanan yaş”lar, istintaqın qılıncının tərs tərəfinə düşənlər, ortamdan yararlanıb meydan sulayanların sinsitmə kampaniyasının hədəfinə çevrilənlər, üsulsuzluq və üslubsuzluq qurbanı olanlar da... Bu ümumi girişdən sonra detallara keçək. “Ergenekon” varmı? Məncə, Türkiyənin ədalət sisteminə hörmət edən və güvənən kimsə məhkəmələr sonuclanana qədər bu suala birmənalı şəkildə “var” və ya “yox” cavabı verməməlidi. Üsul və üslub haqqında danışıla, həbs olunanların terrorçu olub-ola bilməyəcəyi, hüququ pozub-poza bilməyəcəyi haqqında şəxsi tanışlıqdan və ya müşahidələrdən yola çıxaraq fikir yürüdülə bilər, amma ““Ergenekon” iddiası tamamən yalandan ibarətdi!”, ““Ergenekon” adlı terror təşkilatı var və o, Türkiyədə dövlət çevrilişi etmək istəyib!” kimi qəti hökmlər vermək mümkün və düzgün deyil. Bu məsələdə ən düzgün mövqeni, mənə görə, Türkiyə ordusu tutub: üsul və üsluba, güzdən salma kampaniyasına etirazı olduğu zaman ən açıq və ən sərt şəkildə ifadə edir, amma istintaqın gedişinə kiçicik də olsa təsir sayıla biləcək hər hansı bəyanat vermir. Hökuməti və ana müxalifəti isə təəssüf ki, bu baxımdan nümunə göstərmək mümkün deyil... O ki qaldı fikir bildirməkdə daha sərbəst olan media əhlinə və kənar müşahidəçilərə, hazırda yalnız ortada olan iddialardan (hər iki tərəfin iddialarından), mənzərədən və məntiqdən çıxış edərək arqumentlərimizi irəli sürə bilərik və məncə, mənzərə hər nə qədər qarmaqarışıq və əcaib şəkil alsa da, məntiq “yox” deyənlərin xeyrinə deyil. Çoxumuza məlumdur ki, Türkiyədə “dərin dövlət”, “kontrgerilla” və başqa bu kimi adlarla zaman-zaman gündəmə gələn, hərbiçiləri, siyasətçiləri, jurnalistləri, elm və iş adamlarını əhatə edən, qurumlarüstü müəyyən toplumlar, eləcə də “dərin dövlət” adına özfəaliyyətlərdə bulunan qruplar mövcuddur. Həmin qruplar özlərini “dövlət qurtarıcısı” hesab edir və dövlətin dəyərlərinə (təbii ki, bu dəyərlər heç də hər zaman Konstitusiyadakı prinsiplərlə üst-üstə düşmür) təhlükə hiss etdikləri zaman duruma əl qoymaq üçün hərəkətə keçirlər. Hətta dövlət naminə hər cür cinayətin işlənməsi də məqbul sayılır. Düzdü, bu hal dünyanın əksər ölkələri üçün xarakterikdir, amma görünür, Türkiyədə milli reflekslərin daha güclü olması səbəbindən daha qabarıq şəkildə təzahür edir. Digər tərəfdən, bu məsələdə tərəfsizliyini qoruya bilməsə də, istintaq işinə siyasəti qarışdırsa da, ictimaiyyətə inandırıcı mənzərə təqdim etməyi bacarmasa da, Ərdoğan iqtidarının iki ildi ölkəni heç nədən çalxaladığını düşünmək sadəlövhlük olardı. Hər nə qədər özünəməxsus demokratiyaya sahib olsa da, Türkiyədəki siyasi güclərin xalq-səs qorxusu var və bu ölkənin tarixində AKP qədər xalqın səsinə oynayan, səs uğrunda mübarizəsini bir gün belə dayandırmayan siyasi partiya olmayıb. Bunları və Ərdoğanın uzun illər Türkiyə siyasətində qalmaq iddiasını nəzərə alsaq, AKP iqtidarının sadəcə “bunlar mənim xoşuma gəlmir” hikkəsiylə “Ergenekon” adlı bir “heç”in üzərinə bu qədər israrlı şəkildə, bütün arsenalını işə salaraq və bəzi hallarda hətta “baltayla” getməsi inandırıcı görünmür. “Ergenekon” hardan çıxdı? “Ergenekon” adlı təşkilatın mövcudluğu iddiası Türkiyə gündəminə ilk dəfə 1997-ci ilin yanvarında “Show TV”də yayınlanan “40 dəqiqə” adlı proqramda gəlir. Türkiyənin tanınmış jurnalistlərindən Can Dündarın müəllifi olduğu bu proqrama qatılan başqa bir məşhur jurnalist Erol Mütərcimlər “Ergenekon” deyə bir təşkilatın varlığından bəhs edir. O, Türkiyədə 12 mart çevrilişindən sonra məhbuslara işgəncələrin verildiyi iddia olunan “Zivərbəy köşkü”nün komandanı, 1991-ci ildə “Dev-Sol” militanı tərəfindən öldürülən general Məmduh Ünlütürkdən eşitdiyi sözləri proqramda səsləndirir: “Məmduh Paşa dedi ki, “Ergenekon” Baş Qərargahın da, hökumətlərin də, bürokratiyanın da üzərində olan bir təşkilatlanmadır. Bu, qanunla-filan qurulmuş təşkilat deyil. 27 may çevrilişindən sonra Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqonun istəyilə qurulub. Amma bu təşkilatdakı insanlar vətənə xəyanət olsun deyə xidmət etməzlər, “Vətəni qurtarırıq” düşüncəsiylə hörgüttə yer alarlar. Xüsusilə Amerikada “kontrgerilla” təlimi almış, kurslardan keçmiş generalların bir bölümü yeri gəldiyi zaman “Ergenekon”un içində yer alır”. Erol Mütərcimlər daha sonra bu məsələni araşdırdığını və başqa bilgilər əldə etdiyini deyir: “Daha sonra “Ergenekon”u araşdırdığım zaman gördüm ki, bunun içində zabitlər, polislər, professorlar, jurnalistlər, iş adamları, sıradan adamlar var. Bizim “çete” dediyimiz kiçik qruplar “Ergenekon”un içindəki kiçik parçalardı, bu “çete”lərdə adı keçən insanlarsa “Ergenekon” adı verilən bu təşkilatlanma tərəfindən istifadə olunan tətikçilər...” Türkiyəli jurnalist 18 iyun 1988-ci ildə Turqut Özala qarşı təşkil olunan sui-qəsdin arxasında da “Ergenekon”un olduğunu iddia edir. Onun sözlərinə görə, Özal bu məsələni araşdırıb, amma sui-qəsdin arxasındakı gücün kim olduğunu öyrənincə “elədirsə, qalsın...” deyib... Bu proqramdan sonra Can Dündar “Ergenekon” adlı kitab yazır və yalnız indi diqqətləri cəlb edən bir çox məqamlara yer verir. Amma o zamanlar Türkiyə ictimaiyyəti indi “Ergenekon” işinə birləşdirilən “Susurluq” qalmaqalıyla çalxalanırdı və bu səbədən “Ergenekon” iddiaları çox ciddi diqqətə səbəb olmur... 2001-ci ilin mart ayında iki jurnalist – Tuncay Güney və Ümid Oğuztan avtomobil qaçaqçılığı əməliyyatında həbs olunur; onların evlərində və iş yerlərindəki axtarışlar zamanı “Ergenekon”la bağlı bir sıra sənədlər tapılır. Tuncay Güneyi 2008-ci ildə həbs olunan Cinayət-Axtarış Şöbəsinin müdiri Adil Sərdar Saçan dindirir və Güney ifadəsində bir sıra iddialar səsləndirir, bu gün həbsdə olan bir sıra insanların adlarını çəkir. O zaman Güneyin haqqında xuliqanlıq maddəsiylə cinayət işi açılır, “Ergenekon” sənədlərisə “unudulur”... 2003-cü ilin dekabrında bomba xəbərdarlığı alan İstanbul polisi Qaziosmanpaşa səmtində bir fabrikə basqın edir və burada Tuncay Güneydən alınan “Ergenekon” sənədlərinin olduğu çuvallar tapılır. Gizli sənədləri qurumdan çıxardığı üzün Adil Sərdar Saçan haqqında araşdırma başlanır... Amma bütün bunlar barədə Türkiyə ictimaiyyətinə geniş bilgi verilmir. Bu baxımdan demək olar ki, Türkiyə ictimaiyyəti “Ergenekon”la əslində 2007-ci ildə tanış oldu. “Tanışlıq”dan düz bir il öncə - may ayının əvvəlində solçu atatürkçülərin əsas tribunalarından olan “Cümhuriyet” qəzetinin binasına əl bombaları atıldı. Olayın səs-küyü keçməmiş növbəti şok yaşandı: 2006-cı ilin 17 mayında Ali Məhkəməyə hücum oldu, bir nəfər öldü, 4 nəfər yaralandı. 2007-ci ilin yanvarında isə Hrant Dink öldürüldü. Türkiyə mediası aylarla iz sürdürməklə məşğul oldu və məhkəməyə hücum edən Alparslan Aslanın daha sonra “Ergenekon” əməliyyatında həbs edilən Müzəffər Təkinlə, Təkininsə adı “Susurluq” olayında da keçən general Vəli Küçüklə tanış olduğu iddiaları manşetlərə çıxdı. Təbii ki, adı çəkilən şəxslər bu olaylarla əlaqələrinin olmadığını iddia etdilər, amma... Addım-addım “Ergenekon” əməliyyatı... “Ergenekon” adı verilən əməliyyat rəsmən 2007-ci il iyunun 12-də başladı. Polis İstanbulun Ümraniyyə səmtindəki bir gecəqonduda əməliyyat keçirdi və 27 əl bombası tapdı. Bombalar bir il əvvəl “Cümhuriyet” qəzetinə atılan bombalarla eyni seriyadandı. İstintaq müstəntiq Zəkəriyyə Özə həvalə edildi. Gecəqondu sakinləri ifadələrində bombaların istefada olan hərbçi Oqtay Yıldırıma aid olduğunu, digər istefada olan zabit Müzəffər Təkininsə bombaları yoxlamaq üçün evə gəldiyini söylədilər. Birinci dalğada Yıldırım və Təkinlə yanaşı daha 6 nəfər həbs olundu. Onların evlərindəki axtarışlarda “Ergenekon” və “Lobi” adlı sənədlər tapıldı. Əməliyyat genişləndirildi və Ankaraya sıçradı: daha bir neçə nəfər tutuldu. İkinci dalğa bir ay sonra gəldi: bu olaylara qədər adını Ərdoğan və həyat yoldaşı haqqında yazdığı “Musanın zocukları” kitabıyla tanıdan yazar Ərgün Poyraz və “Susurluq” olayında da adı keçən “Yeşil” kod adlı Mahmud Yıldırımın adamı kimi tanınan Mete Yazaqangil həbs edildi. Sonra bir neçə ay ortaya sükut çökdü. Hələ əməliyyat “Ergenekon” adıyla məşhurlaşmamışdı. 6 ay keçdi və 2008-ci il yanvarın 21-də Türkiyə yeni həbs xəbərləriylə çalxalanmağa başladı. Adı “Susurluq” olayında keçən, amma bu olayı araşdıran komissiyada ifadə belə verməyəcək qədər “toxunulmaz” olan general Vəli Küçük də daxil 31 nəfər həbs edildi. Türkiyə tarixində ilk dəfə bir general həbs edilirdi və bu, ölkədə şoka səbəb oldu. Vəli Küçüklə yanaşı istefada olan polkovnik, Kuvayi-Milliyə dərnəyinin rəhbəri Fikri Karadağ, istefada olan hərbiçilər Zəkəriyyə Öztürk, Məhəmməd Yüce, AKP iqtidarına qarşı sərt çıxışlarıyla tanınan vəkil Kamal Kərinçsiz, jurnalist Gülər Kömürçü, “Susurluq”da adları keçən Sami Hoştan, “drej Ali” ləqəbli Əli Yasak, Türk Ortodoks kilsəsinin mətbuat sözçüsü Sevgi Erenerol, 2001-ci ildə Tuncay Güneylə birlikdə həbs olunub sonra azadlığa çıxan jurnalist Ümid Oğuztan və daha bir neçə nəfər də artıq həbsdəydi. Evlərdən və iş yerlərindən yenə “Ergenekon”, “lobi” adlı sənədlər tapıldı, mediaya “Ergenekon”la bağlı məlumatlar, cədvəllər, “kroki”lər çıxmağa başladı... Dördüncü dalğa özünü çox gözlətmədi: cəmi bir ay sonra – fevralın 21-də İstanbul Universitetinin əməkdaşı Ümit Sayın, Sakarya Universitetinin müəllimi Emin Gürsəs, istefada olan zabit Orxan Tunc, Turqut Özal ailəsinin zərgəri kimi tanınan Xeyrəddin Ərtəkin, jurnalist Vədat Yenerər, Noel Baba Barış dərnəyinin rəhbəri Muammər Qarabulud həbs edildi. Onların “Ergenekon”un universitetlərdə təşkilata nəzəri dəstək və yeni üzv qazandırmaq istiqamətində fəaliyyət göstərdikləri iddia edildi. Beşinci dalğa da çox səs-küy doğurdu: İşçi Partiyasının sədri, son illərdə kommunistlikdən milliyyətçiliyə qəfil “transfer” etmiş Doğu Perincək, İstanbul Universitetinin keçmiş rektoru Kamal Ələmdaroğlu və “Cümhuriyet” qəzetinin yazarı İlhan Səlçuq da daxil olmaqla 13 nəfər tutuldu. Altıncı və yeddinci dalğa dalbadal gəldi: Ankara Ticarət Odası başqanı Sinan Aygün, istefada olan generallar Şenər Əruyğur, Xurşid Tolon və “Cümhuriyet” qəzetinin Ankara təmsilçisi Mustafa Balbay həbs olundu. Yeddinci dalğa isə bütün Türkiyəni əhatə etdi. Adanada 26, Konyada 13, İstanbulda 5, Qocaelidə 6, Elazığ və Mersində 2 nəfər tutuldu. “Ergenekon” bu dalğada maqazin dünyasına da sıçradı və sənətçi Nurseli İdiz, bir çox sənətçilərin menecerliyini həyata keçirən Seyhan Soylu həbs edildi. İstanbul Ülkü Ocaklarının keçmiş başqanı Ləvənt Təmiz də bu dalğada həbs olunanlar sırasındaydı. Səkkizinci dalğa tamamən hərbiçiləri əhatə etdi. 5 bölgədə həyata keçirilən əməliyyatlarda orduda xidmət edən 15 zabit həbs olundu. Doqquzuncu dalğa da səs-küylü oldu: “ulusalçı”ların dəstəyilə “Kanaltürk”ü yaradıb AKP iqtidarına sərt müxaliflik edən, daha sonrasa kanalı Fətullah Gülən tərəfdarlarına sataraq siyasətə atılmağa çalışan populist jurnalist Tuncay Özkan, keçmiş Əsənyurd bələdiyyə başqanı Gürbüz Çapan və İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin sabiq müdiri Adil Sərdar Saçan həbs olundular. Onuncu dalğa Türkiyəni növbəti dəfə şoka saldı. Milli Təhlükəsizlik Şurasının (Milli Güvənlik Kurulu-MGK) keçmiş baş katibləri, istefada olan generallar Tuncər Kılıc, Kamal Yavuz, istefada olan general Ərdal Şenər, Ali Təhsil Şurasının (Yüksek Ögretim Kurulu-YÖK) keçmiş sədri Kamal Gürüz, yazar Yalçın Küçük, Özəl Hərəkat Dairəsinin (xüsusi təyinatlılar) sabiq başçısı İbrahim Şahin, istefada olan zabitlər Mustafa Ləvənt Göktaş, Hüseyn Vural, Mustafa Dönməz daxil olmaqla 20-dən çox insan həbs olundu. “Yedditəpə” Universitetinin rektoru, İstanbulun sabiq bələdiyyə başqanı Bədrəddin Dalansa axtarışdadı. İbrahim Şahinin evindən çıxan sənədlər əsasında bir sıra yerlərdə araşdırmalar aparıldı və silahlar tapıldı. Daha sonrasa yenə həmin sənədlər əsasında “Ergenekon”un hələlik sonuncu, on birinci dalgası gerçəkləşdirildi. Bu dalğada 6-sı hərbiçi, 12-si polis və 19-u mülki vətəndaş olmaqla 37 nəfər həbs edildi. Həbs edilənlər sırasında Türk Metal-İş Sendikasının rəhbəri Mustafa Özbək də var… Görünən budu ki, hələ proses başa çatmayıb. Son günlərdə 1996-cı ildə baş verən “Susurluq”olayıyla bağlı hesabatın “Ergenekon” işinə əlavə olunması da göstərir ki, hələ bu xəmir çox su aparacaq. Hazırda “Ergenekon” əməliyyatlarının 15-ci dalğaya qədər davam edəcəyi haqqında söz-söhbətlər dolaşır. O səbəbdən hələ prosesə yekun vurmağa tələsməyək, amma indiyəqədərki statistikanı ümumiləşdirməyə çalışaq. Rəqəmlərdə “Ergenekon” İddianamədə rəsmən 12 iyun 2007-ci ildə başladığı bildirilən “Ergenekon” əməliyyatıyla bağlı indiqə qədər 174 nəfər həbsə alınıb, 3 nəfər – İstanbulun keçmiş bələdiyyə başqanı Bədrəddin Dalan, Ərdoğanın sabiq ailə həkimi, sabiq millət vəkili Turhan Çöməz və “Ergenekon”un əsas şahidi sayılan Tuncay Güney axtarışdadır. Həbs olunanlardan 98 nəfəri barəsində həbs-qətimkan tədbiri seçilib. Tutulanların 35-i hərbiçi, 17-si polis, 15-i jurnalistdir. 7 general tutulub, onlardan 3-ü həbsdədir, 4-ü azadlığa buraxılıb. “Ergenekon” əməliyyatının 6-cı dalğasına – yəni 1 iyul 2008-ci ilə qədər həbs olunan 86 nəfərin məhkəməsi ötən il oktyabrın 20-də başlayıb və hələ davam edir. Altı dalğada həbs olunanlar haqqında hazırlanan cinayət işi 2455 səhifədən ibarətdi; cinayət işində “örgütün liderləri” kimi göstərilən şəxslər haqqında toplam 2 dəfə ağırlaşdırılmış ömürlük cəza və 500 il həbs cəzası tələb olunur. 1 iyul 2008-ci il və ondan sonra həyata keçirilən sonrakı dörd əməliyyatda həbs olunan 33 nəfərin işi hələ istintaqdadır, onların haqqında əlavə cinayət işi hazırlanır. “Ergenekon” əməliyyatının 10 və 11-ci dalğasında həbs olunan 57 nəfərin barəsində daha bir əlavə cinayət işinin hazırlanacağı deyilir. İstintaqın gözüylə “Ergenekon” İstintaqın iddiasına görə, “Ergenekon” leqal və qeyri-leqal sahələrdə təşkilatlanan; aşkara çıxan təşkilat üzvünün öldürülməsi dərəcəsində sərt iyerarxik qaydaları olan; təşkilatlanma şəkli, məqsədi və fəaliyyətləri baxımından məlum hörgütlərdən ciddi şəkildə fərqlənən, daha öncə heç bir cinayət işində adı keçməyən, üzvlərinin “dərin dövlət” kimi qəbul və təqdim etdiyi terror təşkilatıdır. İstanbul Prokurorluğunun hazırladığı iddianaməyə görə, heç bir hüquqi dayağı olmayan “Ergenekon” təşkilatı konstitusiyanı heçə sayaraq özünü dövlət və millət üçün çalışırmış kimi göstərib, dövlət orqanlarını təzyiq altında saxlamaq yoluyla dövlət hakimiyyətinə təsir göstərmək məqsədilə yaranıb. İstintaq orqanı iddia edir ki, hərbi qurumlar da daxil bütün dövlət orqanları “Ergenekon”un fəaliyyət sahəsinə daxil olub və media orqanlarını, mafiya və “çete”ləri nəzarət altına almağa çalışan hörgüt qeyri-hökumət təşkilatlarını da öz məqsədləri istiqamətində yönləndirib. “Ergenekon”un hər kəs tərəfindən qəbul edilən milli dəyərləri istismar yoluyla qəsdən adamöldürmə də daxil hər cür cinayətə əl atdığını iddia edən istintaqa görə, bu təşkilatın yaxın strategiyası Türkiyədə qarışıqlıq salmaq yoluyla iqtidara hüquqazidd müdaxilə və bu müdaxilənin cəmiyyətdə haqlı qəbul olunmasına zəmin yaratmaq olub. İstintaq orqanı Türkiyədə üstüörtülü qalan bir sıra cinayətləri “Ergenekon”un gerçəkləşdirdiyini iddia edir. İddianamədə yer alan ifadələrə görə, “Cümhuriyet” qəzetinə bomba atılması və Ali Məhkəmə üzvlərinə hücumdan başqa son illərdə Türkiyəni sarsan “Hablemitoğlu sui-qəsdi”, Hrant Dinkin öldürülməsi, ”Zirvə” Yayınevi qətliamı”, ABŞ-ın İstanbul konsulluğuna hücum, Üzeyir Qarih cinayəti kimi olaylarda da “Ergenekon” təşkilatının əli var. Bundan əlavə, “Ergenekon”un baş nazir Rəcəb Teyyub Ərdoğan, sabiq Baş Qərargah rəisi Yaşar Böyükanıt, jurnalist Fəhmi Koru, yazar Orxan Pamuk , kürd deputatlar Əhməd Türk, Səbahat Tuncel və başqalarına yönəlik sui-qəsd planları hazırladığı iddia edilir. İstintaq hələ bitməyib. Bu o deməkdir ki, iddialar da bitməyib… Hökumətin gözüylə “Ergenekon” Ərdoğan hökuməti “Ergenekon” olayında tərəfsiz olduğunu desə də, prosesə tam dəstək verir. Baş nazir Ərdoğan “Ergenekon” əməliyyatını İtaliyada “Qladio”nun çökdürülməsi prosesinə – “Təmiz əllər” əməliyyatına bənzədir və təqdir edir: “İtaliyada bu əməliyyat olarkən hər kəs təqdir etdi. İndi Türkiyədə olunca niyə biriləri narahat olur?” Onun fikrincə, Türkiyə hazırda mafiyalardan, “çete”lərdən qurtulma dönəmini yaşayır və bu dönəmdə hər kəs məsuliyyətini bilməlidi. Ərdoğanın yaşananları “Təmiz əllər”ə bənzətdiyini nəzərə alsaq, demək ki, baş nazirin gözündə “Ergenekon” “Qladio”nun bənzəridi. “Qladio” (italyanca “Roma qılıncı”) İkinci Dünya müharibəsindən sonra ABŞ-ın NATO ölkələrində qurduğu, hərbiçilər, polislər və mülki şəxslərdən ibarət kontrgerilla təşkilatının İtaliyadakı adıdır. Müxalifətin gözüylə “Ergenekon” “Ergenekon” olaylarının ilk günündə müxalifət xeyli səssiz idi. Ana müxalifət Cümhuriyyət Xalq Partiyasının heç bir bəyanatı eşidilmir, Milliyyətçi Hərəkat Partiyası isə yalnız “Ergenekon” kimi müqəddəs bir adın bu şəkildə hallanmasına etirazını təmkinli şəkildə bildirməklə kifayətlənirdi. MHP həmin təmkinli davranışı yenə davam etdirir. Ara-sıra həbslərin üslubuna və iqtidar təmsilçilərinin açıqlamalarına etiraz ifadə edən MHP “Ergenekon”la bağlı qəti mövqe ortaya qoymağa tələsmir. Ana müxalifəti təmsil edən Cümhuriyyət Xalq Partiyası isə son həbs dalğalarından sonra ciddi şəkildə fəallaşıb və hesab edir ki, iqtidar “Ergenekon” əməliyyatı adı altında psixoloji müharibə aparır. CXP lideri Dəniz Baykala görə, “Ergenekon” işi siyasi hədəfi olan, baş nazirin və prezidentin qafasında şəkillənmiş siyasi ittihama uyğun sürdürülən davadır: “Düşmənlər, dostlar müəyyənləşib, qüvvələr hesablanıb və hərəkat başlanıb. Dövlətin gücündən hesablaşma üçün istifadə edilir. Bu olub-bitənlər Türkiyənin dünyəvi demokratik cümhuriyyət anlayışıyla hesablaşmadan başqa bir şey deyil”. Ordunun gözüylə “Ergenekon” AKP mediası hər nə qədər “Ergenekon” olayları üzərindən ordunu vurmağa çalışsa da, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı hələ soyuqqanlılığını qorumaqdadı. Ordu rəhbərliyi ciddi şəkildə narahat olsa da, açıqlamalarında məsələnin mahiyyətindən daha çox istifadə olunan üsluba diqqət yönəldir. Amma görünən odu ki, elə bu üslubun özü də ordu rəhbərliyini hövsələdən çıxaracaq həddədi. Baş qərargah rəisi İlkər Başbuğun hər həftə baş nazirlə görüşmək və durumu dəyərləndirmək qərarı almasından dərhal sonra Ərdoğanın “orduya toxunmayın ” açıqlamasını verməsi bunun göstəricisi sayıla bilər. Daha bir göstəricisə ordunun AKP-yə yaxın mediaya yönəlik sərt xəbərdarlığıdı. “Star” qəzetində bir keçmiş PKK-çının dilindən istefada olan polkovnik Abdulkərim Kırcaya yönəlik ittihamlar səsləndirildi və o ittihamlardan sonra Kırca intihar etdi. Polkovnikin yas mərasimində tam heyətdə iştirak edən ordu rəhbərliyi bu hadisədən sonra da hər kəsi Türkiyə Silahlı Qüvvələrini gözdən salmağa yönəlik davranışlardan uzaq durmağa çağırdı. Baş qərargah eyni zamanda “Ergenekon” əməliyyatı əsnasında tapılan silahlarla bağlı məsələyə önəm verdiyini açıqladı: “Bu məsələnin aydınlaşmasını hamıdan çox biz istəyirik”... Yəni istefada olanlar və hazırda çalışanlar da daxil 30-dan çox hərbiçinin həbsə alınmasına rəğmən ordu rəhbərliyi hələ araşdırmanın sonunu gözləməkdə qərarlıdı. Əsgərə görə, “Ergenekon” nə var, nə yoxdu... Medianın gözüylə “Ergenekon” Əslində cəmiyyətdə qarşı duran tərəflərin gözündə “Ergenekon” nədisə, bu tərəflərə yaxın media qruplarının gözündə də odu. AKP iqtidarına yaxın (bura Fətullah Gülənə yaxın media da daxildi) medianın gözündə “Ergenekon” özəyini ordu və polis mənsublarının təşkil etdiyi terror təşkilatıdı. Bu media qrupları hətta işi istintaqdan da irəliyə götürərək günahı olanla olmayanı bir-birinə qarışdırmaqdan, suçsuz insanları da suçluların gözünə qatıb ittiham etməkdən çəkinmirlər. Qatı müxalif media – xüsusilə də təmsilçiləri “içəridə” olan televiziya və qəzetlərin təqdimatında “Ergenekon” AKP iqtidarının müxalifəti yoxetmə cəhdi; dünyəvi dövlətlə islamçı zehniyyətin çatışması; mühafizəkar kəsimin cümhuriyyətçilərdən qisas alma cəhdi; Türkiyənin bölünməsi üçün Amerika və Avropanın hazırladığı təxribatdı. Tərəfsiz olmağa çalışan media quruluşlarısa fikir yürütməkdən çəkinirlər: “Ergenekon”da izlər o qədər bir-birinə qarışıb ki, bu durumda ən salamatı sadəcə xəbər verib, şərhdən yayınmaqla prosesin aydınlanmasını gözləməkdi... Xalqın gözüylə “Ergenekon” Xalqın “Ergenekon”la bağlı nə düşündüyünü birmənalı şəkildə iddia etmək, təbii ki, mümkün deyil. Heç kimsə “xalq bu cür düşünür” deyə bir iddia ortaya qoya və bunu isbat edə bilməz. Amma belə bir ortaq rəy mövcuddur ki, martın 29-da Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri xalqın “Ergenekon”la bağlı rəyini də müəyyən mənada ortaya çıxaracaq. Mütəxəssislərə görə, bələdiyyə seçkisində AKP-yə verilən səslər həm də xalqın “Ergenekon” olayına münasibətinin ifadəsi olacaq. Məhkəmənin gözüylə “Ergenekon” Təbii ki, “Ergenekon”la bağlı son sözü Türkiyə məhkəmələri deyəcək və yuxarıda sadaladığımız bütün kəsimlərin də fikirləri bu hökmlərə görə yenidən şəkillənəcək. Hələliksə məhkəmənin heç bir hökmü yoxdu. Və məhkəmə o hökmə qədər ““Ergenekon” terror təşkilatı var” ifadəsi yerinə “iddia olunur” ifadəsinin işlənməsinin tərəfdarıdı. “Ergenekon” işinə baxan məhkəmə bununla bağlı mediaya və müvafiq qurumlara xəbərdarlıq edib. Azərbaycanın gözüylə “Ergenekon” Əməliyyatın üçüncü dalğasından – Vəli Küçük, Sevgi Erenerol, Kamal Kerinçsiz və başqalarının həbsə alınmasından sonra “Ergenekon”un Azərbaycanda uzantısının olduğuna dair iddialar səslənməyə başladı. Və bu iddialar yalnız Türkiyə mətbuatının səhifələrində qalmadı, istintaq işində də əksini tapdı. Düzdü, hələlik məsələ iddiadan irəli getməyib, amma nəzərə alsaq ki, cinayət işi də hələ tamamlanmayıb, məncə, sürprizlərə hazırlıqlı olmalıyıq. Hələliksə, Azərbaycanda “Ergenekon” yalnız medianın diqqətindədi. Azərbaycan mətbuatı bəzi istisnalar olmaqla tərəfsiz qalmağa çalışaraq “Ergenekon” olaylarıyla bağlı xəbərlərə geniş yer verir. Azərbaycan iqtidarı indiyədək “Ergenekon”la bağlı heç bir açıqlamada bulunmayıb. Müxalifətin əsas simaları bu olayla bağlı təmkinli və ehtiyatlı bəyanatlar verməklə kifayətləniblər. Yalnız “Ergenekon” işiylə bağlı həbs edilən insanlarla əlaqələri olan ayrı-ayrı şəxslərin AKP iqtidarına yönəlik sərt açıqlamalarına, tənqidi bəyanatlarına rast gəlmək mümkündür ki, bu da anlaşılandır. Könül ŞAMİLQIZI [email protected]/* */
Qəzvin Toli-Press fabriki bağlı qalmağa davam edir
İsrail səfiri İranın Livanı ABŞ-la danışıqlara tabe etmək cəhdini rədd edib
İranın ərəb qonşuları neft daşımalarını davam etdirmək üçün “qaranlıq” transferlərə üz tutur
Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı bir hücuma cavab verəcək
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb