SON XƏBƏRLƏR

NABUCCO alternativ ola biləcəkmi?

2021.10.20, 07:36
NABUCCO alternativ ola biləcəkmi?

Gunaz.tv
NABUCCO alternativ ola biləcəkmi? thumbnail.php?file=qaz_kemeri_706390981.jpg&size=article_medium Budapeşt sammiti və Rusiyanın bəyanatları NABUCCO layihəsi ilə bağlı keçirilən beynəlxalq tədbir gözlənildiyi kimi bir sıra ziddiyyətlərlə müşaiyət olundu. Sammitin özündə fərqli fikirlər səsləndi. Bəzi dövlət başçıları layihənin reallaşması üçün bir sıra şərtlərin aydın olmasını istədiklərini bildiriblər. O cümlədən, Azərbaycan tərəfi qiymət məsələsində dəqiqliyin olmasını arzuladığını ifadə edib. Bu da təsadüfi deyil. Çünki Azərbaycan müxtəlif marşrutlara üstünlük verən dövlətdir və onlardan optimalını seçmək istəyir. Azərbaycan tərəfinə Rusiya da təklif verib. İki təklif arasında optimal olanını seçmək lazım gəlir. Bununla yanaşı, Azərbaycan NABUCCO-nun reallaşmasında maraqlıdır. Ölkəmiz beynəlxalq layihənin iştirakçısı olmaqla yanaşı, əsas enerji ixracatçılarından biridir. İndi Azərbaycanın qaz satışından gələn gəlirləri artır. NABUCCO-nun reallaşması ilə bu gəlirlər daha da artacaq. Ona görə də Azərbaycan özü üçün daha səmərəli olan variantı seçməlidir. Macarıstanda aparılan müzakirələr kənarda da diqqəti cəlb etmişdir. Xüsusilə Rusiya tərəfinin həssas reaksiyası müşahidə edilmişdir. Macarıstanda açıq bildiriblər ki, NABUCCO Rusiyaya qarşı yönəlməyib. Bu, Avropanın alternativ marşrutla enerji təminatının həyata keçirilməsi planıdır. Rusiya və İrandan yan keçən marşrut uzun məkanı əhatə edir və bütün Avropanı dolaşır. Rusiya isə bu layihənini həyata keçəcəyinə inanmadığını bildirib. Çünki o, çox bahalı və səmərəsizdir (Rusiya tərəfi belə deyir). Rusiyalı ekspertlər ona da diqqət çəkirlər ki, nə üçün Rusiya-Ukrayna qaz savaşından dərhal sonra NABUCCO məsələsi aktuallaşdı? Bu böhrandan sonra Qərb həmin layihənin həyata keçməsinin yeni mərhələsinə başladı. Buradan ruslar o nəticəni çıxarırlar ki, layihə Rusiyanı təcrid etmək məqsədi daşıyır. Ancaq bunun mümkün olmayacağını Kremldən bildiriblər. Rusiya nəyə arxalanır? Maraqlısı budur. Hələlik onu demək olar ki, bir vaxtlar Bakı-Ceyhan neft kəmərini də səmərəsiz sayan Rusiya sonradan ona qoşuldu. Həm də bu layihənin işə düşməsi ilə Qafqazın geosiyasi mənzərəsində çox şeyin dəyişdiyini gördük. Odur ki, NABUCCO-nun səmərəsizliyindən danışmağın tez olduğu düşüncəsindəyik. Hər bir halda geosiyasi mühitə yeni bir mövzunun daxil olduğunu deyə bilərik. Bu, beynəlxalq böhranın dərinləşdiyi bir zamanda daha diqqətçəkən görünür. Belə bir situasiyadan kimin daha səmərəli istifadə edəcəyini zaman göstərəcək. Hələlik isə Rusiya ilə Qərbin NABUKKO-ya görə qarşıdurması davam edir. Bundan sonra məsələnin daha geniş miqyasda gərginlik kəsb edəcəyini təxmin etmək olar. NABUCCO postsovet məkanında da situasiyanı dəyişə bilər. Bu layihədə aktiv iştirak edən ölkələrin geosiyasi təsirləri artacaq. O cümlədən, Azərbaycan Qafqazda əsas dövlətə çerviləcək. Məsələ heç də ondan ibarət deyil ki, NABUCCO Avropanı enerji ilə neçə faiz təmin edəcək. Əsas olanı Azərbaycanın dünya üçün etibarlı olan layihələrdə iştirak etməsidir. Bu da ölkəmizin etibarlı tərəfdaş kimi bundan sonrakı layihələrdə iştirak etməsini şərtləndirəcək. Bu proses faktiki olaraq Azərbaycanın geosiyasi olaraq bölgənin lider dövləti kimi ciddi mövqeyə çıxması ilə nəticələnəcək. O baxımdan Azərbaycanın həmin tip layihələrdə iştirakı lazımlı işdir. Başqa tərəfdən, Macarıstan sammiti də göstərdi ki, Qərb Rusiya faktorundan narahatdır. Rusiya ondan yan keçən enerji marşrutlarının tikintisinə sakit baxmayacaq. Onun hansı addımları atacağını görəcəyik. Bununla yanaşı, Rusiyanın özünün alternativ marşrutlarını çəkmək üzərində düşündüyü məlumdur. Hətta Rusiya hesab edir ki, NABUCCO Avropanın enerji ilə təminində elə bir dəyişiklik etməyəcək. Burada nəyin nəzərdə tutulduğunu demək çətindir. Ola bilsin ki, Rusiya bu layihəni neytrallaşdıra biləcəyinə ümid edir. Bu proqnozun hansı mənanı verdiyini bilmək maraqlı olardı. Bununla, Budapeşt sammitində geosiyasi mübarizə meydanına yeni bir amil daxil edildi. NABUCC-nun həyata keçməsi məsələsini müzakirə edənlər, onun əleyhinə olanları da fəallaşdırdılar. Görünür, bu istiqamətdə mübarizə uzun davam edəcək. Enerji sahəsində uğur əldə edən tərəf daha yaxşı şans qazanmış olacaq. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar