SON XƏBƏRLƏR

Orta Asiya "Nabucco" uğrunda mübarizə meydanına çevrilir

2021.10.20, 07:36
Orta Asiya "Nabucco" uğrunda mübarizə meydanına çevrilir

Gunaz.tv
Orta Asiya "Nabucco" uğrunda mübarizə meydanına çevrilir Daşkəndə gedən Dmitri Medvedyev Rusiyanın narahatçılığını ortaya qoyub Rusiya və Ukrayna arasında təbii qaz qalmaqalı hələlik həllini tapıb. Amma soyuq qış günlərində qazsız qalan avropalılar artıq nə Rusiyaya, nə də Ukraynaya etimad bəsləyir. Avropa Birliyinə hazırda sədrlik edən Çexiyanın xarici işlər naziri Karl Şvartsenberq deyib ki, sonuncu qaz böhranından Brüssel üçün çıxarılan nəticə odur ki, Rusiya və Ukrayna Avropa üçün etibarlı təminatçı deyil. Ona görə də "Nabucco" qaz kəmərinin tikintisinin əhəmiyyəti daha da artıb və Avropa Birliyinin ümumi energetika siyasətinə ehtiyacı var. Qeyd edək ki, "Nabucco" layihəsi Orta Asiya və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan Rumıniya və Avstriya üzərindən Avropa ölkələrinə ötürülməsini nəzərdə tutur. "Nabucco" artıq tikilib istifadəyə verilmiş Bakı-Tiflis-Ərzurum qaz kəmərinin davamı olmalıdır. Avropa Birliyinə sədrlik edən Çexiyanın xarici işlər nazirinin bəyanatı da göstərir ki, artıq "Nabucco" Qərbin gündəmində duran əsas məsələdir. Ramiz Mikayıloğlu Amma Avropa Birliyi, o cümlədən ABŞ üçün də bəllidir ki, bu kəməri tikib ilkin mərhələdə Azərbaycan qazı hesabına, "Şahdəniz" yatağında hasilatın ikinci mərhələnin başlamasıyla işə salmaq mümkün olsa da, növbəti mərhələdə mütləq Orta Asiya qazı lazımdır. Bu da Orta Asiya uğrunda mübarizəni qaçılmaz edir. Hələ bir il əvvəl Türkmənistan, Qazaxıstan və Özbəkistanla təbii qaz və neftin alınması, üçüncü ölkələrə ötürülməsilə bağlı uzunmüddətli müqavilələr bağlayan, kəmərlərin tikintisinə dair razılıq alan Rusiya da artıq ciddi mübarizəyə hazırlaşmaq lazım olduğunu olduğunu anlayır. Məsələn, Montana Universitetinin professoru, məşhur amerikalı jurnalist Tomas Qolts da Orta Asiya qazı uğrunda mübarizənin başlayacağına işarə edib. O bildirib ki, qaz böhranının yaranmasının səbəbi Rusiyadan aldığı qazın və cərimələrin pulunu verə bilməyən və 2009-cu illə bağlı yeni müqavilə bağlamağa çalışan Ukraynanın davranışıdır. Məsələ ondadır ki, Kiyev son zamanlar aldığı qaza görə bazar qiymətləriylə pul ödəməyib. Ancaq Rusiya da Avropaya və Ukraynaya ötürdüyü qazın böyük əksəriyyətini Türkmənistan, Qazaxıstan və Özbəkistandan alır. Həm də Moskva regionun qaz ehtiyatlarını nəzarətdə saxlamaq üçün bir il əvvəl bu ölkələrdən qazı bazar qiymətləriylə almaqla bağlı müqavilə imzalayıb. Elə ona görə də Rusiya Ukraynaya ixrac olunan qaza görə ikiqat subsidiya ödəmək istəmir. Yaranmış mənzərənin də mahiyyətində bu durur. Tomas Qolts hesab edir ki, sonuncu böhran Xəzər regionu qazının Avropa istehlakçılarına Rusiya, o cümlədən Ukraynadan yan keçən istənilən alternativ marşrutlarla ötürülməsinə diqqət və marağı artırıb. Rusiya da hərəkətə keçib. Dünən prezident Dmitri Medvedyev Daşkəndə gəlib. Bu, ikigünlük bir səfərdir. Rusiya mətbuatı da bunun "enerji səfəri" olduğunu yazır. Düzdür, səfər zamanı güzəştli şərtlərlə Özbəkistana rus silah və sursatının satılması da müzakirə mövzusudur. Amma Moskvanı hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müvafiq sənədini ratfikasiya etməyən, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatından uzaqlaşan Özbəkistanın Qərblə isti münasibətlər qura biləcəyi və öz enerji resurslarını da bazarlıq mövzusuna çevirə biləcəyi ehtimalı daha çox narahat edir. Ancaq tikintiyə indidən start verilsə belə, Orta Asiya qazını Xəzər dənizinin dibindən keçməklə Bakı-Tiflis-Ərzurum qaz kəmərinə ötürülməsi, o cümlədən Avropada Bakı-Tiflis-Ərzurum kəmərinin davamının çəkilməsi 3-4 il apara bilər. Bu da ruslarda müəyyən qədər arxayınlıq yaradır. Rus politoloqu Aleksandr Proxanov deyir ki, Azərbaycan və Qazaxıstan qazının Avropaya daşınması ideyası var, ancaq o ideya həyata keçirilənə qədər Avropa dona bilər: "Azərbaycan və qazax qazının İrandan keçməklə Avropaya ötürülməsinin mümkünlüyü barədə də danışırlar. Liviya qazıyla bağlı da fikirlər var. Amma onların hamısı layihə mərhələsindədir. Digər tərəfdən, son böhran göstərdi ki, "Qazprom"un qaz təminatı etibarlı deyil". Yaranmış vəziyyətdə Türkiyənin də manevr imkanları genişlənib. Politoloq Haluk Direskeneliyə görə, Ankara bütün ümidlərini "Nabucco"ya bağlayıb. Türkiyə istəyir ki, Avropaya qaz nəqlində ixrac qovşağı olsun. Politoloq hesab edir ki, bu baxımdan Türkiyənin coğrafi mövqeyi çox idealdır. Bunun üçün Ankaraya qonşularının razılığını almaq qalır. "Reuters" agentliyi yazır ki, Türkiyə Avropanın yeni qaz icracı qovşağı olmasını arzulayır. Elə buna görə də son dörd ildə ilk dəfə baş nazir Rəcəb Tayyib Ərdoğan Brüsselə gəlib və ölkəsinin enerji sahəsindəki önəmini qabardıb. Avropa Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Zeynəb Yanaşmayana görə, Türkiyə Yaxın Şərqdə artan siyasi əhəmiyyəti fonunda Avropa Birliyinə qəbul yönündə maneələri aradan qaldırmağa çalışır. Baş nazir Rəcəb Tayyib Ərdoğan da Brüsseldə keçirdiyi mətbuat konfransında vurğulayıb ki, Ankaranın səylərinə baxmayaraq, Avropa Birliyi üzvlüklə bağlı danışıqlar prosesini sürətləndirmir: "Ancaq bu məsələdə uduzan tərəf Avropa Birliydir". Rəcəb Tayyib Ərdoğan bu mətbuat konfransında Avropa Birliyinə üzvlük məsələsində problemlər yaranarsa, Türkiyənin "Nabucco" layihəsinə qoşulmayacağını da dilə gətirib. Yeri gəlmişkən, fərqli düşünənlər də var. Avropada fəaliyyət göstərən ekspert Maqnus Karaveli düşünür ki, dinçi AKP-nin mövqeyi tədricən Yaxın Şərq ölkələrinə yaxınlaşmasıyla bağlıdır. Nə AKP, nə də Avropa Birliyi Türkiyənin quruma həqiqi üzvlüyünü arzulamır. Sadəcə, Avropa Birliyi müəyyən jestlər edərək AKP-nin Türkiyənin daxili siyasətində rolunu artırmağa çalışır. Avropa Birliyi də müzakirələri apararaq Türkiyənin daxili işlərinə müdaxilə imkanı qazanır. Ancaq istənilən halda Rusiya və Ukraynanın Avropa üçün yaratdığı qaz böhranından sonra "Nabucco"nun gündəmdə əsas məsələyə çevrilməsiylə Türkiyənin önəminin artması və türk rəsmilərinin səslərinin daha gur çıxması inkarolunmaz faktdır. Ən əsası da odur ki, bütün bunların fonunda Azərbaycanın artan önəmi hər kəs tərəfindən etiraf olunur. Politoloq Tomas Qolts da bunu etiraf edib: "Azərbaycanın Qərb üçün əhəmiyyətinin artdığı şübhəsizdir. Üstəlik, Azərbaycan artıq Rusiyadan yan keçən kəmərlə Türkiyəni enerji resurslarıyla təmin edir". ARDNŞ-in prezidenti Rövnəq Abdullayev də Rusiya, Ukrayna və Avropa arasındakı qaz böhranının Azərbaycanın əhəmiyyətini artırdığını dilə gətirib: "Azərbaycanın Avropanın enerjiylə təminatındakı rolu bir daha təsdiqləndi. İndi biz öz planlarımızı həyata keçiririk. Bu, tək "Nabucco" deyil. O cümlədən Türkiyə-Yunanıstan-İtaliya və "Transadriatik" qaz kəmərləridir. Biz Azərbaycan qazını yüksək qiymətlərlə Avropa bazarına çıxaracaq bütün layihələrin reallaşmasına çalışırıq". Xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, dünən Bakıya gələn Bolqarıstan prezidentinin də səfəri son qaz böhranıyla bağlıdır: "Alternativ qaz mənbələri axtarılır. Bolqarıstan prezidenti Bakıda təbii qaz təminatı ilə bağlı məsələləri müzakirə edəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar