Oyanış nədir?

Güntay Gəncalp - Günümüzdə ”oyanış” sözü çox tələffüz edilir, bunun tarixi örnəkləri varmı? - Oyanış yalnız günümüzün qavramı deyildir. Müxtəlif ulusların tarixində bunun örnəklərinə rast gəlmək mümkündür. Miladdan öncə VIII əsrdə Yunanistanda, Hindustanda və çində oyanış devirləri olmuşdur. Yəni daha öncə bənzəri olmayan bilgi artışı ortaya çıxmış və böyük fəlsəfi əsərlər yazılmış, riyazi düşüncə meydana çıxmışdır. Alman filosof Karl Yaspers bu üç məkanı tarixin mehvəri adlandırır. Yəni daha sonraki gəlişmələr bu üç mehvər üzərində inkişaf etmişdir. İşin maraqlı yanı budur ki, eyni əsrlərdə bir-birindən xəbərsiz bu üç məkanda insan ağlının geniş miqyaslı fəaliyəti ortaya çıxmışdır. Bəzən deyirlər ki, bunlar çox əski İkiçayarası mədəniyətindən təsirlənmişlər. Ancaq bunlar keçərli deyil, təsirlənməklə bu qədər ciddi bilgi birikimini sağlamaq olmaz. Necə ki, 500 ildir Qərbdən təsirlənən Şərq heç bir gəlişmə əldə edə bilmir. Bir ulusun öz iç dinamikləri hərəkətə keçməz, təsirlənməklə önəmli hadisələr ortaya qoymaq olmaz. Tarixdə belə hadisələrə rast gəldiyimizdə Hegelin ”tarixi millət” anlayışı istər-istəməz xatırlanır. Hegelə görə mütləq ruh özünü yaşada bilməsi üçün müəyyən bir millət seçir, o milləti fəallaşdırır. Bu fəallaşma o millətin, ya da millətlərin yaratdığı sənət əsərlərində, elmi yaradıcılığında təzahür edir. O millətin sənət yaradıcılığı, fəlsəfi çalışmaları durduğunda mütləq ruh (ideya) o milləti tərk edib, başqa millət axtarmağa başlayır. Hegelin bu yozumunda bir şəkildə metafiziklikdə var. Ancaq Miladdan öncə VIII əsrdə üç ayrı məkanda (Yunanistanda, çində, Hindistanda) insan ağlının belə parlaması Hegelin yanaşma tərzini haqlı kimi göstərir. Ancaq tarixin daha dərinliklərində də oyanış devirləri olmuş. örnəyin əski və yeni daş devirlərini də insanın teknik yarada bilən ağlının oyanması kimi anlamaq olar. Tarımın qadınlar tərəfindən kəşf edilməsi və beləliklə də torpağa bağlılıq da bir oyanış devridir. Miladdan öncə ən böyük oyanış devri kimi Sumer devlətinin qurulması və xəttin kəşf edilməsidir. Yazının kəşf edilməsi oyanışın ən böyük mərhələsi olmuşdur. Tarixin yaddaşında qalmamış bir çox oyanış devirləri də olmuşdur. - Bunlar oyanışın ümumi anlamıdır. Bunu necə konkretləşdirmək olar? - Oyanışın konkret mərhələsinə, yəni milli oyanışa tarixin bəlli mərhələlərində ehtiyac olmamışdır. Daha əski dönəmlərdə oyanış bugünkü anlamda olmamışdır. örnəyin tarixdə dini anlamda oyanış devirləri olmuşdur. Məslən VII əsrdə islam dini meydana çıxır. O zaman islam ən modern bir din idi. VII əsr bucağından baxdığımızda islam bir növ modernləşmə kimi ortaya çıxır. çünkü gerçəkdən həm özündən öncə yayqın olan dinlərdən daha irəli görüşlüdür, həm də yeni bir əxlaq düzəni ilə toplumu idarə etmək iddiasındadır. VII əsr Orta Doğu üçün oyanış devridir. Bu oyanış tam dini anlam daşısa da bir yenilik çağrışdırırdı. çünkü insan ağlında dünyaya yeni bir baxış açısı açırdı. İslamın yayqınlaşması ilə daha öncədən örnəyi olmayan əsərlər yazıldı Orta Doğu tarixində. Bu oyanışın əqli plana daşınması daha sonra durduruldu. Yəni digər dinlərin tarixində olduğu kimi, islam dini də qurumlaşdıqca, siyasiləşdikcə islam orta çağı yarandı. Bəzi önyarqılar hər növ əqli düşüncənin önünə keçdi. İslam Orta çağında da ağıl sıradan çıxarıldı və şəriət hökmləri düşüncələrə hakim kəsildi. Bir modern hərəkət olaraq ortaya çıxan islamiyət daha sonra özü hər növ yeniliyə qənim kəsildi. Təqlid kültürü institutlaşdı və təhqiq yasaqlandı. Bunu ən gözəl şəkildə M. Füzuli anlatmaqdadır: ”Gər özün təqlid ilə dana bilir zahir pərəst, Aləmi təhqiqdə biz aanı nadan bilmişiz.” Təhqiq durduruldu, təqlid yayqınlaşdı. Ancaq insan ağlı, mahiyəti etibarı ilə düşünməkdən geri qala bilməzdi. Ağıl bu dini orta çağdan qurtulmaq üçün fürsət axtarırdı. Ərəb imperatorluğu sınırlarının genişləməsi və fərqli kültürlərlə üz-üzə gəlməsi islam tarixində yeni bir oyanış devrinin ortaya çıxmasına səbəb olacaqdı. Hz. Məhəmməddən ”Elm çində də olsa, gedin öyrənin”- kimi bir hədis nəql edilməkdədir. Bu o deməkdir ki, VII əsrdə çində elmin olması ilə bağlı bilgi var imiş. Ərəb mperatorluğunun sınırları çinə qədər ozanmış və bu coğrafiyanın millətləri islamla tanış olmuşdular. Ayrıca hind və yunan mədəniyəti ilə tanışlıq müsəlmanların ağlını dərindən təsirləndirmişdi. özəlliklə Hind və Yunan dilindən bəzi əsəərlərin ərəb dilinə tərcümə olunması yeni oyanış devrinə şərait yaradacaqdı. Bütün oyanış devirlərində tərcümənin böyük rolu olmuşdur. çünkü tərcümə yolu ilə dünyanın dəyişik mədəniyəətləri ilə tanış olmaq mümkün olur. İslamın doğuşundan təqribən bir əsr sonra Mötəzilə məzhəbi ortaya çıxdı. Mötəzilə məzhəbi ən əqli məzhəb olmuşdur. Onlar vəhy və ağıl qarşıdurmasında vəhyi buraxıb ağılı tərcih edirdilər. Mötəzilə məzhəbinin insan ağlına dəyər verməsi səbəbi ilə Hind və Yunan kitabları ərəb dilinə tərcümə edildi. Əslində islam şərqinin mədəniyəti deyilən şey əsasən yunan mədəniyətinin ərəb dilinə tərcüməsindən başqa bir şey olmamışdır. Bir çox düşüncə adamları, o cümlədən Əbureyhan Biruni də islam şərqinin mədəniyətini yunan mədəniyətinin tərcüməsi kimi anlamaqdadır. VIII əsrin ikinci yarasından başlayıb XI əsrin birinci yarısına qədər mötəzilə məzhəbi Abbasi xilafətinin rəsmi ideologiyası, dövlət ideologiyası olmuşdur. Bu yüz il müddətində Yunan fəlsəfəsi və Hind elmi ərəb dilinə tərcümə edilir. Məslən sıfır rəqəmi olmadan riyazi düşüncə inkişaf edə bilməz. Müsəlmanlar sıfır rəqəmini hindlilərdən aldılar. Yunan fəlsəfəsi tərcümə edildiyi üçün əflatunçu, aristotelçi şərhçilər meydana çıxdı. Ancaq yunan fəlsəfəsinin yanı sıra yunan ədəbiyatı tərcümə edilmədi. çünkü yunan ədəbiyatında, özəlliklə dram əsərlərində dünyadan ləzzt alma düşüncəsi hakim idi. Yayqın olan dini psixologiya bu əsərlərin tərcüməsinə imkan vermədi. Ona görə də müsəlmanlar arasında yunan fəlsəfəsi üzərinə fəlsəfi şərhlər yazıldı, ancaq dəram əsərləri üzərinə heç bir şey yazılmadı və Şərqdə dram əsəri yazma sənəti gəlişmədi. Farabi, İbni Sina, İbni Rüşd, İbni Bacə kimi bir çox mütəfəkkirlər bu tərcümənin nəticəsində yetişdilər. Bunların içində İbni Rüşdün böyük yeri var. Daha sonra Avropanın oyanış devirlərində İbni Rüşdçü cərəyanlar meydana çıxacaqdı. Bertrand Rasselə görə fəlsəfə Şərqdə İbni Rüşdlə sona çatır, ancaq Qərbdə İbni Rüşdlə başlayır. Əqli diriliş və ya oyanış devri olaraq bilinən Mötəzilə devri daha sonra söndürülür. Həm də elə söndürülür ki, artıq bu günə qədər heç bir geniş miqyaslı oyanışa islam tarixində rast gəlmirik. - Avropada bu oyanış necə meydana çıxmışdır? - Daha öncə də söylədiyimiz kimi əski yunan mədəniyəti böyük bir oyanışın nəticəsi idi. Yunan mədəniyəti daha sonra Ruma imperatorluğu tərəfindən özümsəndi. Hz. İsa ortaya çıxıb və yeni bir din gətirdi. Hz. İsa yalnız üç il peyqəbər oldu və dövlət qurmaq istəmədi, çünkü Roma imperatorluğu kimi bir dövlət var idi. Ancaq Hzş Məhəmmədin zamanında ərəblərin dövləti olmadığı üçün Hz. Məhəmməd ərəblərə dövlət də qurdu. Yəni islamın siyasi din olması ərəzidir, zati deyildir. Yəni əgər o zaman ərəblərin dövləti olsaydı, Hz. Məhəmməd də Hz. İsa kimi dövlət qurmağa ehtiyac duymazdı. Dinin siyasətdən ayrı olmasını savunanlar da tarix boyu bu prinsip üzərində durmuşlar. Xristianlıq da mahiyəti etibarı ilə qardaşlıq və dostluq çağrışdırırdı. İlk xristianlar çox təmiz və cəsur insanlar idilər. Atəşdə yaxılırdılar, ancaq inanclarından vaz keçmirdilər. Roma imperatoru Neron Romanı yandırıb atdı xrıstianların üstünə və minlərcə xristianı atəşdə yaxdı. Ancaq sonunda Roma imperatorluğu xristianlığı rəsmi dövlət dini kimi qəbul etdi. Elə o gündən etibarən, yəni xristianlıq siyasətə alət olduqdan sonra onun təmizliyi və qardaşlıq kimi məsajları unuduldu və nifrət, kin qusmağa başladılar dindar siyasətçilər. Beləliklə qaranləıq çağ başladı Qərbdə. Qaranlıq çağ həm Şərqdə, həm də Qərbdə davam etdi. Ancaq XVI əsr renesansdan başlayaraq qaranlıq çağ çökməyə başlasa da islam şərqində hələ də davam edir. Bu qaranləıq çağa Orta çağ da deyirlər. Yəni XVIII əsr aydınlanma dönəmi ilə yunan mədəniyəti dönəminin arasındaki orta çağ. Yunan mədəniyəti islam şərqində oyanışa səbəb olduğu kimi, Qərbdə də oyanışa səbəb oldu. çünkü renesans əslində əski yunan mədəniyətinə, fəlsəfi düşüncəsinə müraciət olaraq şəkilləndi. Renesans yenidən doğuş və ya diriliş anlamında meydana çıxdı. Bu dönəmdən başlayaraq fizikada, kosmolojidə və digər elmlərdə böyük yeniliklər ortaya çıxdı. Kopernik, Qalile kimi bilim adamları xristan orta çağının zehniyətini uçurmağa başladılar. Yerin sabit deyil, hərəkətdə olduğunu savundular. Bir çox bilim adamları kilsənin görüşlərini inkar etdikləri üçün öldürüldülər. Ancaq Qərbdə insan ağlının dərin oyanış sürəci başlamışdı və gündən günə irəliləyirdi. XVII əsr bu oyanışın ikinci dalğası idi. Bu əsrə Dekartın skeptisizm (fəlsəfi şübhə) fəlsəfəsi öz damğasını vurdu. XVII əsr rasionalizm devri adlanır, yəni tekniksəl zəkaya üstünlük vermə çağıdır. Artıq oyanış geniş miqyaslı hərəkətinə davam edirdi. XVII əsr intelektualizm çağıdır, yəni ağlın öz işığına bürünməsi, ağlın rəhbərliyi ilə aydınlanmaq. İntelektualizm yəni iktişafi ağıl, kəşf edən ağıl, olayların dərinliyini, varlığın cövhərini kəşf etməyə çabalayan ağıl. Bu əsrin ən böyüklərindən biri Kantdır. Kant ”Aydınlanma nədir?” risaləsi ilə, aydınlanmanın yolunu açdı. XVIII əsrdə dünyada ən çox nüfusa sahib olan Fransa idi. 25 milyon cəmiyəti var idi. Həm kəmiyət hesabına, həm də renesansdan başlayıb davam edən aydınlanma hesabına Fransada inqilab oldu. Feodalizm və kilsə hökmranlığına son verildi. Daha sonra da ilk dəfə olaraq laik (sekular) Fransa Cümhuriyəti quruldu. Din rəsmən siyasətdən ayrıldı kilsənin mal varlığı milliləşdi. Bu inqilabın gerçəkləşməsində aydınlama hərəkətində fəal olan Didero, Rosso, Volter kimi mütəfəkkirlərin böyük rolları oldu. Fransa özgürlüklər ölkəsinə çevrilmişdi. Fransa Cümhuriyəti rəsmən bütün dünya filosoflarına vətəndaşlıq haqqını tanıdı. Avropanın müxtəlif ölkələrində dini basqı altında olan filosoflar Fransaya axışdılar. Bu üzdən də insanlığın aydınlanmasında fransızların böyük rolu olmuşdur. Bu gün bəlkə fərqində deyilik, ancaq demokrasi və insan haqları kimi anlayışların dünyada yayılmasında Böyük Fransa İnqilabında şəhid düşənlərin rolu olmuşdur. Bu günkü azadlıq anlayışı onların qanından yoğrulmuşdur. - Fransadakı aydınlanma sürəci bütün Avropa üçün keçərli oldumu, daha doğrusu Fransadakı kimi digər Avropa ölkələrində də aydınlanma sürəci gerçəkləşdimi? - Fransa inqilabı, fransız aydınları bütün Avropanı etkilədi, ancaq məslən Almaniyada fərqli bir aydınlanma sürəci gerçəkləşdi. Əslində renesans həm də dini reformlar dönəmi kimi başlamışdır Avropada. Milli dillərə önəm vermə də renesansdan başladı. Martin Luter adında bir alman keşiş İncili alman dilinə tərcümə etdi və beləliklə də alman dili dini mətnlərdə böyüməyə başladı. Bununla da alman dili latın dilinin əsarətindən qurtuldu. Almanlar da vatikana vergi verməkdən, Vatikan vassalı olmaqdan qurtuldular. Əlbəttə bu sürəc çox çətin gerçəkləşdi və Martin Luter çox əziyətlərə qatlaşdı. Alman dili dini anlamda latın dilinin əsarətindən qurtulduğu andan etibarən, fəlsəfəyə girməyə başladı. özəlliklə Leibniz adında bir filosof alman dilinin gəlişməsində böyük rol oynadı. Leibnizin arxasından gələn bir çox filosof alman dilini gerçək anlamda fəlsəfə dili yapdılar. örnəyin XVII əsrdə Vilhelm von Humbolt bütün fəlsəfəsini dil üzərinə yapdı. Beləliklə alman dilinin önü açıldı və bu gün insanlıq ağlının böyüməsində alman fəlsəfəsinin təsirini açıqca görürük. - Rusiyada da buna bənzər oyanış olmuşmu? - XIX əsr rusların oyanış devridir. Rusiyada da oyanışa təkan verən tərcümə olmuşdur. XVII əsrdə bir çox Qərb fəlsəfəsi rus dilinə tərcümə edilmişdi. Bu tərcümələrin hesabına rus dilində özünə güvən yaranmağa başladı. Diqqət etsəniz bütün oyanış dönəmlərində dil birinci rol oynamışdır. çünkü əqli oyanışın nəticələrini yazmaq, anlatmaq üçün bir dil lazımdır. Rus dili də tərcümə yolu ilə öz imkanlarını anlamağa başladı. Ancaq XIX əsrdən başlayaraq rus dilində böyük əsərlər yazıldı. Rusiyada tərcümələrin yanı sıra fransız dili və kültürünün heyranlığı da var idi. Tolstoy bu heyranlığa ən böyük zərbəni vurdu. Tolstoy ”Savaş və barış” kimi şah əsərinin 60 səhifəsini fransız dilində yazdı. Fransız dilini çox yaxşı bildiyini, ancaq öz ana dilində yazmağı tərcih etdiyini isbatladı. Göründüyü kimi oyanış devirləri böyük fikir adamları tərəfindən inşa edilmişdir. Daha sonra Dostyeviski, Turginev, Puşkin, Lermantov, çernişeviski kimi aydınlar oyanış dinamiklərini daha da sürətləndirdilər. - Qara dərililərdə də oyanış devri olmuşmu? - Qara dərililər hər zaman aşağı irq kimi görünmüş, kölə kimi istifadə edilmişlər. Onlardakı oyanış son zamanlarda, özəlliklə XX əsrdə başladı. Qara dərililərin oyanışında iki şəxsiyətin tarixi rolları olmuşdur: 1. Martin Luter King. 2. Nelson Mandella. Birincisi Amerika Birləşik Dövlətlərində, ikincisi isə Afriqada qaraların qurtuluşu və özgürlükləri uğruna mübarizə aparırdı. Hər ikisi də qara dərili xalqları səfərbər edə bildilər. Amerikada qara dərililərin ağların girdikləri restorana girmə haqları yox idi və dövlətin yönətimində onlara haq tanımırdılar. Martin Luter King böyük bir iradə ilə qardaşlıq və bərabərlik çağrılarında bulundu. Martin luter King 1968-ci ildə öz eyvanında güllələndi. Ancaq artıq onun sarsılmaz iradəsi özgürlük sevgisini ruhlara əkmişdi. Qaralar özgürlüklərinə çatdılar, bu yolda bolluca ədəbiyat da oluşdurdular. İndi bu gün Amerikanın dövlət yönətiminin üst düzeyində qaraları da görürük. Hətta bu gün Amerikanın cümhur başqanı bir qaradır. Obama cümhur başqanlğını Martin Luter Kingin bu yolda şəhid olmasına borcludur. Görürsünüz ki, oyanış dönəmləri necə böyük iradə və dirəniş tələb etmişdir. Bütün bunlardan bizlər də dərs almalıyıq. - Türk tarixində oyanış dönəmləri olmuşmu? - Türklərin oyanışı çox gec başladığı üçün çox şeyləri itirdilər. Ya da itirdik. İtirdiklərimizin hamısı oyanış devirlərini doğru-dürüst yaşamamağımızdan qaynaqlanmışdır. Türklərdə ilk oyanış devri kimi X və IX əsri görə bilərik. Mahmud kaşqarlı və Hacib Yusif Xas bu dönəmdə türkçəyə çox önəm verir və türk dilində böyük əsərlər yaradırlar. Bundan öncə də Uyğurlarda oyanış devirləri olmuş və ”Altun yaruq” kimi əsərlər çin dilindən türk dilinə tərcümə edilmişdir. Ancaq bizdə baş qaldıran oyanış devirləri heç bir dövlət tərəfindən dəstəklənmədiyi üçün bir çox əsərlər də dövlət mərkəzlərində arşivləşmədən ortalıqda itib batdılar. Türkistanda Əmir Teymur dönəmindən başlayan oyanış devri Əlişir Nəvai yaradıcılığı timsalında zirvəyə ulaşdı. Türkistandakı oyanış devri Şah İsmayıl Səfəvi tərəfindən söndürüldü. Şah İsmayılın türkistanı işğal etməsi ilə türkçə yazma gələnəyi durduruldu. özəlliklə şah İsmayıl Türkistanda yaradılmış ədəbiyatı sünnilərin məhsulu olduğu üçün yasaqladı. Şah İsmayıl, hətta Mövlana Cəlaləddin Ruminin də kitablarını yasaqlamışdı. Səfəvi dövlətinin quruluşu ilə Türk dünyasına ideoloji sınır qoyuldu. Türk dünyası öz coğrafi və inancsal bütünlüyünü itirdi. Daha sonra Nadir Şahın da zamanlında yarımçıq oyanışa şahid oluruq. Nadir Şah dini siyasətdən ayırır və səfəviyətin tarixdən silinməsi üçün hökm çıxarır. Nadir Şahın zamanında ”Səngulaq” kimi türkçə böyük sözlük əsəri yazılır. Rusiya gücləndikdən və türk yurdlarını öz istilasına alıb, əritmə siyasəti başladığı andan etibarən təpkisəl oyanış başlamışdır. Ancaq iş-işdən keçmişdi. çünkü artıq Rusiya və çin Türkistanı öz aralarında bölmüşdülər. Osmanlılar isə öz qaranlıqlarına elə alışmışdılar ki, hətta ulduzlardan da qorxurdular. XX əsrin əvvəllərindəki oyanışın qurtuluşa yararı olmadı. Başqurdistan, Kırım, türkistan, Quzey Azərbaycan Rusiyanın və Doğu Türkistanın çinin əsarətindən qurtulmadılar. İndiki qurtuluş da böyük bir təlaşın nəticəsi deyil, çünkü tarix bu müsəqillik fürsətini Türkistan üçün tanıdı. Əgər bu yolda dərin bir oyanış təcrübəsi olsaydı dərhal türkistan federasionu yaranardı. Türkiyədəki oyanış isə bir liderin, böyük Atatürkün tarixə bağışladığı səadətdir. əslində Osmanlıdan modern və laik bir dövlət qurmaq üçün heç bir mənəvi dəyər miras qalmamışdı. Hər şey Atatürk dühasının memarisidir. - Bu gün Güney Azərbaycanda və İrandakı oyanış haqqında nələr söyləmək olar? - ”Oyanış” və ”diriliş”in tarixi haqqında özət olaraq bəzi şeyləri anlatdıq. Bəlli oldu ki, oyanış çox da asan iş deyildir. Oyanış uzun bir sürəcdir. Bizdə də modern anlamda bir oyanış sürəci başlamışdır. Bu oyanışın dərin kökləri yoxdur, yenidir. Bütün oyanış devirlərində bir dilə ehtiyacın olduğunu gördük. Oyanış devrinin düşüncələrini əks etdirəcək bir dilə ehtiyac var. Oyanış devirlərində tərcümənin rolunu gördük. Ona görə də Güney Azərbaycanda birinci bu tərcüməyə çox önəm verilməlidir. Hətta fars dilində mövcud olan, ya da farscaya tərcümə edilmiş bəzi əsərləri ana dilimizə tərcümə etməliyik. Məslən Nigar Xiyavi, Q. Saidinin kitablarını tərcümə etməkdə böyük iş görmüş. Yabancı dil bilgimiz zəifdirsə, Türkiyədəki imkanlardan istifadə edib oradakı fəlsəfi, sosioloji, tarixi və elmi əsərləri ana dilimizə uyğunlaşdırıb ərəb əlifbasında oxucuların mütaliəsinə təqdim etməliyik. Güney Azərbaycanda və İranda oyanışın daha çox şeirdə hiss olunduğunu görürürük. Ancaq bu yetərli deyil. çünkü olqun düşüncələr, fəlsəfi əsərlər ancaq düzyazı (nəsr) yolu ilə gerçəkləşər. Bugünkü ən böyük əksikliyimiz nəsr dilimizin gəlişməməsidir. Ancaq başlanan bu oyanış sürəcində bu əksikliyində bərtərəf ediləcəyi mümkündür. İstibdadın hördüyü qaranlıq divarları modernitənin (modern mədəniyətin) dalğaları uçurur. Oyanış və yüksəliş böyük bir iradə və yaradıcılıq tələb edir. İradə və yaradıcılıq. Böyük bir iradə vəqərarlılıqla yaradıclıq. Bu aydınlanma sürəci başladıqdan sonra qurtuluşun üfüqləri görünməyə başlayacaq.