SON XƏBƏRLƏR

Sabir Rüstəmxanlı barəsində ölüm fətvası verən saxlanıldı

2021.10.20, 07:36
Sabir Rüstəmxanlı barəsində ölüm fətvası verən saxlanıldı

Gunaz.tv
Xalq şairi Sabir Rüstəmxanlıya ölüm fitvası verməkdə təqsirləndirilən Nardaran sakini Hacı Əli Hüseynov saxlanılıb Bu barədə «Azadlıq» radiosuna Məşədi Natiq Kərimov məlumat verib. «Məni, Hacı Fəyyaz Nəbizadə və onun oğlunu tutmuşdular. Biz şəhərə konfransa gedirdik. Ağa Nemətulla küçəsində saxladılar. Başımıza torba keçirdib harasa apardılar. Bir saat saxlayandan sonra bildik ki, Banditizm və Terrorizmə Qarşı Mübarizə İdarəsindəndirlər. Səhər 10-un yarısında saxlayıb, axşam saat 7-də buraxıblar. Kənddə xəbər tutduq ki, Hacı Əli Hüseynovu buraxmayıblar. Eşitdik ki, Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə ona cinayət işi qaldırıblar. S.Rüstəmxanlını yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən piketdə ölümlə hədələyiblər. Hacı Əli Hüseynov Nardaran ağsaqqallarından birinin S.Rüstəmxanlının barəsində ölüm fitvası verdiyini bildirib. O, bunu xalq şairinin İranın «Səhər» kanalına qarşı səsləndirdiyi fikirlərlə əlaqələndirib. Məşədi Natiq deyir ki, Nardaran sakinlərinin Sabir Rüstəmxanlı ilə problemi yoxdur: «Biz Sabir müəllimin özü ilə telefonla danışmışıq… Hacı Əli Hüseynov heç bir fitva verməyib. Sadəcə deyib ki, S. Rüstəmxanlı Nardaran barəsində pis sözlər danışır, özündən müştəbeh adamdır. Mitinqlərdə hər cür söz deyilə bilər. İnsanı söz deməyə görə məhkum etmək, ona maddə açmaq olmaz axı…». APA isə xəbər verir ki, bu gün Bakının Nardaran qəsəbəsinin sakinləri Haci Əli Hüseynov, Məşədi Natiq Kərimov , Fəyyaz Nəbizadə və onun oğlu Ürfan Nəbizadə səhər saat 10.00 radələrində Bakının Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospektində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinın əməkdaşları tərəfindən saxlanılıblar. Qəsəbə sakinləri idarəyə aparılaraq, dindiriliblər. Onlar Nardaran kəndində keçirilən son aksiyalarda səsləndirilmiş fikirlərlə bağlı sorğu-sual ediliblər. Axşam saat 20.00 radələrində isə saxlanılanlardan Natiq Kərimov, Fəyyaz və Ürfan Nəbizadələr sərbəst buraxılıblar. Ə. Hüseynov isə buraxılmayıb. Onun barəsində Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə ((öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) cinayət işi açılıb və o saxlanılıb. F. Nəbizadə agentliyə onu da deyib ki, hazırda qəsəbənin bir qrup sakininin buna etiraz edərək Nardaranın İmam Hüseyn meydanında toplaşır: “Biz bu məsələnin Sabir Rüstəmxanlının tələbi ilə olduğunu bilirik. Amma biz onunla telefonla danışaraq bu söhbətin bitdiyini də demişdik. O da razılaşmışdı. Amma nədənsə belə oldu” . APA xatırladır ki, bu il yanvarın 9-da Nardaranda keçirilən mitinqdə Azərbaycan Ordusu, bəzi dövlət məmurları və millət vəkilləri əleyhinə sərt fikirlər səsləndirilib. Mitinqdə çıxış edən Nardaran sakini Hacı Əli Hüseynov Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumatlar verdiklərini, bununla millətə xəyanət etdiklərini deyib. Onun çıxışı belə olub: “Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan “Səhər” (İran kanalını nəzərdə tutulur -red.) kanalına böhtan atır. Sabir Rüstəmxanlının bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır”.lentaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar