SON XƏBƏRLƏR

NATO AZƏRBAYCANLA BAĞLI SİYASƏTİNİ DƏYİŞİR?

2021.10.20, 07:36
NATO AZƏRBAYCANLA BAĞLI SİYASƏTİNİ DƏYİŞİR?

Gunaz.tv
NATO AZƏRBAYCANLA BAĞLI SİYASƏTİNİ DƏYİŞİR? 39122_1 Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində həyata keçiriləcək islahatlara nəzarət Rumıniyaya tapşırılıb Cəsur SÜMƏRİNLİ Ötən həftənin ən maraqlı məlumatlarından biri NATO-nun Azərbaycanla münasibətlərində əlaqə dövləti statusunda olan ölkənin dəyişdirilməsi ilə bağlı oldu. Məlumata görə, 2009-cu il yanvarın 1-dən etibarən NATO-nun Azərbaycanla münasibətlərində əlaqə dövləti Rumıniya elan olunub. Bununla da Türkiyənin NATO-nun Azərbaycanla əlaqə dövləti statusunda olması müddəti başa çatıb. Xatırladaq ki, Türkiyə dövləti 1994-cü ildən - Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" sənədini imzalayandan əlaqə dövləti statusunda idi. NATO-nun tərəfdaş ölkələrlə münasibətləri təcrübəsinə müvafiq olaraq əlaqə dövləti NATO tərəfindən iki il müddətinə təyin edilir. Bu müddətin artırılıb-artırılmaması isə NATO-ya üzv dövlətlərin yekdil qərarından asılıdır. Maraqlısı budur ki, verilən məlumata görə, Azərbaycanla münasibətlərdə növbəti "əlaqə dövləti" statusunda olmaq üçün ən çox mübarizə aparan dövlətlər sırasında Türkiyə də olub. Polşanın da qatıldığı gərgin mübarizədən Rumıniya "qalib" çıxıb. Qeyd edək ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlət olub. 1999-cu il iyulun 14-də Buxarestdə Azərbaycan Müdafiə Nazirliyi və Rumıniyanın Milli Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. 2000-ci il fevralın 15-də Bakıda iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb. 2006-cı il martın 14-də Bakıda Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Bundan başqa ötən illərdə iki ölkə arasında qarşılıqlı hərbi informasiya çatdırılmasının mühafizəsi sazişi imzalanıb. Rumıniya rəhbərliyi hələ 2006-cı ildə Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) reallaşması üçün NATO-ya qəbul olmağa hazırlıq təcrübəsini bölüşməyə hazır olduqlarını bəyan etmişdi. Qeyd edilmişdi ki, bu sahədə artıq lazımi hüquqi çərçivə mövcuddur və bu çərçivə eyni zamanda IPAP əməkdaşlığının gücləndirilməsinə xidmət edəcək. TÜRKİYƏ AZƏRBAYCAN ORDUSUNA BÖYÜK YARDIM GÖSTƏRİB Türkiyənin Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində NATO standartlarına uyğun olaraq həyata keçirilən islahatlara nəzarəti dövründə Ankara Bakıya 170 milyon dollara qədər müxtəlif hərbi yardımlar göstərib. Türkiyə Silahlı Qüvvələrinin köməyi nəticəsində Naxçıvanda hərbi hissələr Azərbaycanda ilk dəfə olaraq NATO standartlarına uyğunlaşdırılıb. 2005-ci ildə muxtar respublikadakı hərbi birləşməyə təmənnasız olaraq 2,7 milyon dollar dəyərində rabitə avadanlıqları və tibbi ləvazimatlar verilib. Türkiyə Azərbaycanın tək Quru Qoşunlarına deyil, Hərbi Hava Qüvvələri (HHQ), Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri (HDQ), Daxili Qoşunlar, Milli Qvardiyaya müxtəlif formalarda yardımlar göstərib. Türkiyə Azərbaycanın HDQ-nin maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də kadr hazırlığında mühüm rol oynayır. Xatırladaq ki, hələ 90-cı illərin sonlarında Türkiyə Azərbaycan HDQ-yə "AV-34" (Türk tipli) patrul kateri bağışlamışdı. Ötən ilin əvvəlində və sonlarında Türkiyədən yüksəkvəzifəli zabitlər və generallar qrupu Azərbaycana səfər etmişdi. KİV-də yayılan məlumatlara görə, 2008-ci ildə Türkiyə Azərbaycana hərbi sahədə sürətli islahatlar paketini təqdim edib. Həmçinin ötən ilin dekabrında iki ölkənin Müdafiə Nazirliyi arasında keçirilən dialoqda Ankaranın Azərbaycan Silahlı Qüvvələrinə göstərə biləcəyi növbəti yardımlar siyahısının müzakirə edildiyi bildirilirdi. Ekspertlərin fikrincə, Türkiyə Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində NATO standartlarına uyğun islahatların sürətləndirilməsində və effektli nəticələrin əldə olunmasında israr edirdi. Lakin göründüyü kimi, Türkiyədən "əlaqə dövləti" statusunun alınmasından sonra Ankaranın üzərinə götürdüyü missiyanı əvəlkitək davam etdirəcəyi sual doğurur. MÜDAFİƏ NAZİRLİYİ: "STRATEGİYA DƏYİŞİLMƏYİB" Ekspertlərin fikrincə, Rumıniyanın NATO ilə Azərbaycan arasında "əlaqə dövləti" statusunda olması bir sıra yeniliklərlə xarakterizə edilə bilər. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Eldar Sabiroğlu "Mediaforum" saytına bildirib ki, əlaqə dövləti statusunun bir ölkədən başqasına keçməsi əsasnaməyə uyğun aparılır: "Burada hansısa məna arxasınca düşmək üçün əsaslı səbəb görmürəm. Biz həqiqətə baxmalıyıq, hər bir əməkdaşlığın strateji hədəfləri olur, əlaqələndiricilər dəyişə bilər, amma bu, strategiyanın dəyişməsi demək deyil". Son illər Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində müsbət nəticələr əldə etdiyini vurğulayan E.Sabiroğlu bu işdə 14 il əlaqə dövləti qismində fəaliyyət göstərmiş Türkiyənin Azərbaycana böyük dəstəyini qeyd edib. "Azərbaycanın Müdafiə Nazirliyi bunu yüksək qiymətləndirir. Bu müddət ərzində ordumuzun bütün qoşun növləri, qərargah strukturları NATO standartlarına uyğunlaşdırılıb. Əməkdaşlığımız gələcəkdə də davam etdiriləcək, buna heç bir şübhə ola bilməz. Əlaqə dövləti kimi indi Rumıniyanın seçilməsi ardıcıllığın qorunmasına böyük ümidlər verir. Ölkəmiz bir çox sahədə Rumıniya ilə sıx əlaqələr qurub, eyni zamanda Azərbaycanın Rumıniya ilə ikitərəfli hərbi sazişi mövcuddur. Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Biz məsələyə məhz bu kontekstdən yanaşaraq qiymət verməliyik", - deyə o bildirib. EKSPERTLƏR: "CAVABLANDIRILASI SUALLAR YARANIB" "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli baş vermiş hadisəni "adi rotasiya dəyişikliyi" hesab edərək Rumıniyanın Azərbaycanın NATO ilə münasibətlərində "əlaqə dövləti" statusunda olmasını mühüm hadisə hesab edir. Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin tərəfdaş dövlətlərlə bu tip münasibətləri çox böyük əhəmiyyət kəsb edir. "Düşünürəm ki, Rumıniya Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində Azərbaycanın səylərinə dəstək verəcək", - deyə ekspert bildirir. Y.Cəfərli Türkiyənin 14 illik fəaliyyətini müsbət qiymətləndirir. Onun sözlərinə görə, ötən illər ərzində Türkiyə qardaş ölkə kimi Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsinin müasir standartlara uyğunlaşdırılması işində çox böyük addımlar atıb. Ekspert əmindir ki, "əlaqə dövləti" statusundan çıxmasına baxmayaraq, Türkiyə Azərbaycanla hərbi əlaqələri dərinləşdirməkdə, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun qurulmasında dəstəyini davam etdirəcək. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi isə baş vermiş hadisənin həm adi, həm də düşündürücü tərəflərinin olduğu qənaətindədir. Mərkəz ekspertlərinin fikrincə, NATO-nun qayda-qanunları, nizamnaməsi prinsipindən yanaşılsa, onda hər 2 ildən bir "əlaqə dövləti"nin dəyişməsi normal hadisədir: "Amma sual doğuran məsələ ondan ibarətdir ki, NATO-nun Azərbaycanla əlaqələrinə məsul dövləti nə üçün məhz indi dəyişmək qərarına gəliblər. Bu, təsadüf də ola bilər, NATO-nun Azərbaycanla münasibətlərində dəyişiklik dövrünün başlanğıcı da. Digər sual doğuran məsələ Türkiyənin əlaqə üzrə 14 illik fəaliyyətinin yekunları ilə bağlıdır. Azərbaycan cəmiyyəti üçün maraqlıdır: görəsən, NATO-da bu fəaliyyəti necə qiymətləndirirlər? Ankara Alyansın Azərbaycanla münasibətlərində Türkiyəyə etibar etdiyi məsələlərin öhdəsindən uğurla gələ bildimi?" "TÜRKİYƏ BU ADDIMI ATMAĞA MƏCBUR OLDU" Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə 14 il ərzində Azərbaycanın Türkiyənin hərbi dəstəyindən yetərincə yararlanmadığı qənaətindədir. "Bu məsələdə günahı özümüzdə axtarmalıyıq. Türkiyə tərəfi uzun illərdir çalışır ki, Azərbaycan hərbi sahədə güclü olsun, Silahlı Qüvvələrimiz tam olaraq NATO standartlarına uyğunlaşdırılsın. Bu, Türkiyənin NATO qarşısında üzərinə çox böyük bir məsuliyyət qoyurdu. Amma Azərbaycan tərəfinin ləng tərpənməsi, islahatları vaxtında yerinə yetirməməsi səbəbindən Ankara məsuliyyətdən uzaqlaşmağa vadar oldu. Türkiyənin Azərbaycanın müdafiə və təhlükəsizlik sektoruna dəstəyi kəsdiyini düşünmürəm, sadəcə, fikrimcə, Ankara Azərbaycanda NATO standartlarının tətbiqinin reallaşdırılmaması səbəbindən belə bir addımı atmağa məcbur oldu", - deyə ekspert bildirir. Ekspert Türkiyənin "əlaqə dövləti" statusunda olmaq üçün növbəti dəfə mübarizəyə qoşulmasını Ankaranın etika naminə addımı kimi qiymətləndirib. Eyni zamanda, Ü.Cəfərovun fikrincə, Türkiyənin NATO ilə Azərbaycan arasında "əlaqə dövləti" statusundan çıxarılması səbəbindən Azərbaycan çox şey itirib: "Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür. Rumıniya isə 2004-cü ildə alyansa üzv qəbul edilib. Düşünürəm ki, NATO-da o qədər də böyük təcrübəsi olmayan dövlətə "əlaqə statusu"nun verilməsi Azərbaycan üçün o qədər də uğurlu hesab edilə bilməz". Ekspertin proqnozlarına görə, Rumıniyanın "əlaqə dövləti" statusunda olduğu müddətdə də Azərbaycan "balanslı" siyasət yürütməkdə davam edəcək. "Amma düşünürəm ki, bu siyasətin bir sonu olmalıdır. NATO uzun illər Bakının nazı ilə oynaya bilməz. 1994-cü ildən indiyədək Azərbaycanın alyansla münasibətlərinə və ya əksinə, xeyli miqdarda vəsait yatırılıb. Bu səbəbdən, Bakı gec-tez NATO ilə münasibətlərini necə quracağı barədə konkretləşdirmə aparmağa məcbur olacaq", - deyə Ü.Cəfərov bildirir. Ü.Cəfərov həmçinin bildirib ki, Türkiyə bundan sonra özünün hərbi-siyasi dəstəyini daha çox Gürcüstana göstərəcək: "Əldə etdiyim məlumata görə, NATO Türkiyənin qarşısında yeni vəzifə qoyub: Ankara Gürcüstanın qısa zaman kəsiyində NATO standartlarına uyğunlaşdırılmasını təmin etməlidir". NATO DİQQƏTİNİ ENERJİ LAYİHƏLƏRİNƏ YÖNƏLDİR? Ekspertlərin fikrincə, Türkiyədən "əlaqə" statusunu almaqla NATO-nun Azərbaycanla bağlı addımlarında dəyişiklik olacağını gözləmək mümkündür. Nəzərə alaq ki, Rumıniya Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum və bir sıra enerji layihələrində iştirak etmək niyyətindədir. Rumıniyalı rəsmilər ölkələrinin Azərbaycan - Gürcüstan - Rumıniya enerji dəhlizinin yaradılmasında maraqlı olduğunu gizlətmirlər. Rumıniyanın qeyd edilən istəkləri NATO-da xüsusi dəstəklənir. Alyansda hesab edirlər ki, Qafqazda yerləşən enerji dəhlizinin Rusiyanın inhisarından çıxarılması xüsusilə vacibdir. Bu səbəbdən NATO Cənubi Qafqaz və Orta Asiya ölkələrinin enerji infrastrukturunun müdafiəsində maraqlıdır. NATO bu istiqamətdə region ölkələri ilə danışıqlar aparır. Beləliklə, Rumıniyanın NATO ilə Azərbaycan arasında əlaqə dövləti statusuna təyin olunması NATO-nun Azərbaycanla bağlı siyasi və iqtisadi planlarının olması anlamına gələ bilər. Sonda bir məsələni qeyd etməyi zəruri bilirik: Rumıniya Silahlı Qüvvələrində istifadə olunan əsas silah və hərbi texnika sovet istehsalıdır. Bəlkə bu uyğunluğuna görə Rumıniya NATO - Azərbaycan münasibətlərində əlaqələndirici dövlət statusuna layiq görülüb?

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar