SON XƏBƏRLƏR

RUSİYA ERMƏNİSTANA SİLAH-SURSATIN ÖTÜRÜLMƏSİ İLƏ BAĞLI AZƏRBAYCANIN NOTASINA CAVAB VERDİ

2021.10.20, 07:36
RUSİYA ERMƏNİSTANA SİLAH-SURSATIN ÖTÜRÜLMƏSİ İLƏ BAĞLI AZƏRBAYCANIN NOTASINA CAVAB VERDİ

Gunaz.tv
RUSİYA ERMƏNİSTANA SİLAH-SURSATIN ÖTÜRÜLMƏSİ İLƏ BAĞLI AZƏRBAYCANIN NOTASINA CAVAB VERDİ 2009-01-21 - 19:16:00 çap versiyası Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistana 800 milyon dollar dəyərində silah-sursatın ötürülməsi barədə «Media forum» saytında yerləşdirilmiş məlumatla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliynin 15 yanvar tarixli notasına rəsmi cavab verib. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, cavab notası Azərbaycanın Moskvadakı səfirliyinə təqdim edilib. Cavab notasında Rusiyanın Xarici İşlər Nazirliyi yanvarın 8-də «Media forum» saytında yerləşdirilmiş sənədin dezinformasiya olduğunu və açıq-aşkar anti-Rusiya xarakteri daşıdığını, Rusiya-Azərbaycan dostluq münasibətlərinin pozitiv inkişafına uyğun gəlmədiyini vurğulayır. Nazirlik bildirir ki, Rusiya Müdafiə Nazirliyi 2008-ci ildə Ermənistan tərəfinə «Media forum» saytında dərc olunmuş, Azərbaycan cəmiyyətində və kütləvi informasiya vasitələrində geniş neqativ rezonans doğurmuş hansısa sənəddə göstərilən həddə və çeşiddə silah və hərbi texnika verməyib və satmayıb. Cavab notasında qeyd olunur ki, beləliklə, Azərbaycan Xarici İşlər Nazirliyinin yanvarın 15-də verdiyi notada qaldırılan məsələ bitib: «Rusiya tərəfi inanır ki, gələcəkdə bu və ya digər narahatlıq yarandıqda tərəflər tələsik nəticələr çıxarmayacaq və addımlar atmayacaq, mümkün şübhələri birlikdə həll edəcəklər». Silah qalmaqalının tarixçəsi: Yanvarın 8-də «Media forum» saytı Rusiyanın Ermənistanın Gümri şəhərində yerləşən 102 saylı hərbi bazasından Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verilmiş 69 adda silah, hərbi sursat, texnika və avadanlıqların siyahısını yayıb. Sənədə əsaslanan siyahıda göstərilmiş silahlar ermənilərə 102 saylı bazanın silahlanma üzrə rəisi, Şimali Qafqaz Hərbi Dairəsi komandanının silahlanma üzrə müavini, general-leytenant Vyaçeslav Qolovçenkonun imzası ilə 2008-ci ildə verilib. Siyahıda 21 ədəd T-72 tankı; 27 ədəd BMP-2, 12 ədəd BTR 70/80, 5 ədəd BMP-1 bazasında hazırlanmış BREM-2 döyüş maşınları; 4 ədəd ZSU 23-4 «Şilka» raketi; müxtəlif markalı «Strela» raketləri; 875 yeşik F-1, RQD-5 qumbaraları; 1050 yeşik RKQ-3/3 EM qumbarası; 7897 ədəd müxtəlif markalı (122 mm RS, 152 mm 2S3, 122 mm D-30 və s.) döyüş sursatı; 120 ədəd QP-25 lüləaltı qumbaraatanı; 2846 ədəd 5,45 millimetrlik AK-74 və AKS-74 avtomat silahları; 1472 ədəd 7,62 millimetrlik AKM və AKMS avtomat silahları; 103 ədəd NB-8 gecəgörmə cihazı; trotil şaşkaları; müxtəlif markalı (TM 62 M/P, OZM-72, PMN) minalar; 14 ədəd BM-37 minaatanları; 9 ədəd «Qrad» qurğusu (RSZO 9K51 BM-21); 10 ədəd T-55 bazasında hazırlanmış «Akasiya» qaubitsası (SAU 152 mm 1S); 14 ədəd MT-LBU bazasında hazırlanmış «Qvozdika» qaubitsası (SAU 122 mm 2 S1); 5 ədəd 100 millimetrlik «Rapira» topu (MT-12r); 210 ədəd 3 M9M3 «Kub» raketi və başqa silah, hərbi sursat, texnika və avadanlıqlar var. Yanvarın 11-də Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Aleksandr Petrunin 102 saylı hərbi bazadan erməni ordusuna silah verildiyini təsdiqləyib. ANS-ə açıqlamasında A.Petrunin deyib ki, Gümridəki hərbi bazadan Ermənistana hərbi texnikanın ötürülməsi dövlətlərarası müqavilələr əsasında tənzimlənir. O bildirib ki, burda hər hansı hədiyyədən söhbət belə gedə bilməz. Yanvarın 12-də Rusiyanın Bakıdakı səfiri Vasili İstratov Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Nazir müavini Araz Əzimovla görüşdə Rusiya səfirinə rəsmən belə bir sual verilib: Rusiya tərəfinin Ermənistandakı bazasından Ermənistan Silahlı Qüvvələrinə 800 milyon dollar dəyərində silah verilməsi barədə məlumat nə dərəcədə həqiqətə uyğundur? V.İstratov bildirib ki, Rusiya tərəfi Azərbaycan tərəfini narahat edən məsələyə dair izahat verəcək. Yanvarın 13-də Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətindən AzərTAc-a deyiblər ki, nazirlik Rusiyaya məxsus 800 milyon ABŞ dolları dəyərində silahın Ermənistana verilməsi məsələsinə dair öz rəsmi mövqeyini tezliklə bildirəcək. Mətbuat xidmətindən bildiriblər ki, hazırda məsələ üzərində iş gedir və silahların verilməsi faktını təsdiq və ya inkar etmək mətbuat xidmətinin səlahiyyətlərinə aid deyil. Yanvarın 14-də «Kommersant» qəzeti məsələylə bağlı Rusiya Müdafiə Nazirliyi Mətbuat Xidməti və İnformasiya Departamenti rəhbərinin vəzifəsini icra edən Aleksandr Drobışevskinin açıqlamasını dərc edib. Açıqlamada A.Drobışevski deyib ki, A.Petruninin bu məsələ ilə bağlı şərh vermək səlahiyyəti yoxdur. Yanvarın 14-də Rusiya səfiri V.İstratov yanvarın 12-də Azərbaycan Xarici İşlər Nazirliyində ona verilmiş sorğuya rəsmi Moskvanın cavabını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Səfirin təqdim etdiyi məlumatlarla tanış olan E.Məmmədyarov cavabı qənaətbəxş saymayıb. Nazir təklif edib ki, Rusiya tərəfindən Ermənistana silah verilməsi ilə bağlı məlumatlara dair daha dəqiq bilgi təqdim olunsun. Səfir bu təklifi Moskvaya çatdıracağını bildirib. Yanvarın 15-də Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat verib. Bəyanatda nazirlik sözügedən faktdan dərin narahatlığını vurğulayıb: «Belə ki, ötürülmüş silah-sursat Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini işğal edən ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hesab edir ki, silahların ötürülməsi bu işğalın davamına və güclənməsinə imkan yaradacaq». Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, ermənilərə külli miqdarda silah-sursatın ötürülməsi münaqişənin nizamlanması ilə bağlı vəziyyətin gələcək inkişafına görə Rusiya Federasiyasının üzərinə xüsusi məsuliyyət qoyur: «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin işğalının güclənməsinə yardımçı olan bu cür addımlara qarşı öz etirazını bildirir. Azərbaycan tərəfi Rusiya Federasiyasını silahların ötürülməsinin nəticələrinin aradan qaldırılması məqsədilə bütün mümkün tədbirlərin həyata keçirilməsinə çağırır». Yanvarın 16-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında Ermənistana 800 milyon dollar dəyərində silah-sursat, hərbi texnika, avadanlıq verilməsi xəbərini təkzib edib. Nazir mətbuat konfransında üzə çıxan siyahıdan söz açıb: «Sənəddə adı çəkilən şəxs onu imzalamayıb və silah verilməyib. Azərbaycanlı həmkarlarımızdan həmin sənədin surətini bizə göstərmələrini xahiş etmişik. Bizim araşdırmalara görə, belə bir sənəd olmayıb». S.Lavrov xüsusi vurğulayıb ki, Rusiya hərbi-texniki sahədə həm Ermənistan, həm də Azərbaycanla əməkdaşlıq proqramının olmasını heç vaxt gizlətməyib: «Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bu təşkilatın üzvləri üçün güzəştli şərtlər var və azərbaycanlı həmkarlarımız bunu bilirlər». Lavrov onu da deyib ki, Azərbaycana səfər etməyi nəzərdə tutur və həmin səfərin müddəti razılaşdırılacaq. Mətbuat konfransından az sonra S.Lavrovla E.Məmmədyarov arasında telefon danışığı olub. Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Rusiya Federasiyasından Ermənistana hərbi texnika və sursatın verilməsi məsələsi müzakirə edilib. Söhbət zamanı S.Lavrov Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Silahlı Qoşunlarının Baş Qərargahı ilə birlikdə qeyd olunan məsələ ilə bağlı araşdırmalar apardığını bildirib və əmin edib ki, 2008-ci il ərzində Ermənistanın Gümri şəhərində yerləşən 102 saylı hərbi hissə də daxil olmaqla, Rusiya Federasiyasından Ermənistana rəsmi şəkildə heç bir silah-sursat ötürülməyib. Tərəflər bu məsələnin daha ətraflı şəkildə aydınlaşdırılması istiqamətində məsləhətləşmələri davam etdirməklə bağlı razılığa gəliblər. Yanvarın 21-də günün birinci yarısı nazir E.Məmmədyarov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Ermənistana silah və hərbi texnika oturulməsi məsələsi ilə bağlı Rusiyaya verdiyi notaya rəsmi cavab gozləyir. O qeyd edib ki, Rusiyanın xarici işlər naziri S.Lavrov notaya cavab veriləcəyini soyləyib: «Ancaq cavabın nə vaxt veriləcəyi bəlli deyil. Rusiyanın Azərbaycandakı səfiri bildirir ki, hazırda cavab hazırlanır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar