SON XƏBƏRLƏR

MÜSAVATDAN İKİ ETİRAZ

2021.10.20, 07:36
MÜSAVATDAN İKİ ETİRAZ

Gunaz.tv
MÜSAVATDAN İKİ ETİRAZ Partiya Etibar Əliyevə qarşı məhkəmə iddiasını və gənclərin təqib olunmasını pislədi Müsavat Partiyası Divanının dünənki iclasında ictimaiyyət fəallarına qarşı təzyiqlərlə bağlı bəyanatlar qəbul edilib. “21-ci əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyevə qarşı Təhsil Nazirliyinin təbeliyində olan Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Mahal Məmmədovun məhkəmə iddiasına etiraz olaraq partiya bəyanat yayıb. Sənəddə E.Əliyevə məhkəmə iddiası qaldırılması onun son vaxtlar təhsil sahəsindəki problemləri ardıcıl qaldırması ilə əlaqələndirilir və pislənir. Partiya Gənclər Təşkilatının yaydığı digər bəyanatda isə partiyanın gənclər təşkilatının sədri Tural Abbaslının və sədr müavini Əhəd Məmmədlinin Təhsil Nazirliyində təhqir və zorakılığa məruz qalmasına etiraz ifadə edilir. Sənəddə deyilir ki, hər iki gənc yanvarın 16-da magistratura təhsili ilə bağlı sənədlərini rəsmiləşdirərkən nazirliyin ümumi şöbəsinin müdiri İdris adlı şəxs tərəfindən təhqirə və zoraklığa məruz qalıblar. Bəyanat müəllifləri təhsil naziri Misir Mərdanova müraciət edərək, ondan tabeliyindəki vəzifəli şəxsləri öz vəzifə borclarını yerinə yetirməyə çağırmağı və törətdiyi zorakılığa görə İdris adlı şöbə müdirinin cəzalandırılmasını tələb edirlər. Müsavat Partiyasının başqanı İsa Qəmbər 20 Yanvar ümumxalq hüzn günü ilə bağlı Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilir: Əziz soydaşlarım! 1990-cı ilin müdhiş 20 Yanvar faciəsini hər il ümumxalq hüzn günü kimi qeyd edirik. Həmin dövrdə milli-azadlıq mübarizəsinə qalxan xalqımız sovet imperiyasının amansız hərb maşınının təcavüzünə məruz qaldı. Laxlamaqda olan imperiyanı qoruyub saxlamağa çalışan Moskva Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmağa çalışmaqla digər xalqlara da gözdağı vermək niyyətində idi. Sovet qoşunlarının vəhşiliyi nəticəsində 131 nəfər şəhid olmuş, 600-dən artıq insan isə ağır dərəcəli xəsarət almışdır. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, bu vəhşilik sovet imperiyasının dağılması prosesini daha da sürətləndirdi. 20 Yanvar Bakı qırğını isə tarixdə Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin qəhrəmanlıq simvoluna çevrildi. Bu gün müstəqil Azərbaycanın vətəndaşları həmin acılı günləri böyük qürur hissi ilə xatırlayırlar. Həmin günlər yaddaşlara həm matəm və hüzn günü kimi, həm də oyanış, milli istiqlala doğru ellikcə hərəkat dövrü kimi həkk olunub! Məhz həmin dövrün qəhrəmanlıq nümunələrini əxz edən xalqımız özünün əbədi müstəqilliyinə qovuşdu. Biz bu müqəddəs gündə 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, yaxınlarına və bütün xalqımıza başsağlığı verərək onları əmin etmək istəyirik ki, Müsavat Partiyası haqq dünyasına qovuşmuş bu insanların müqəddəs ideallarına həmişə sadiq qalacaq, Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası və bu ölkənin demokratik dəyərlərə qovuşması üçün bütün qüvvəsini sərf edəcək. Tanrı Azərbaycanımızı qorusun!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar