SON XƏBƏRLƏR

Dünya azərbaycanlıları 20 yanvar şəhidlərini yad edəcək

2021.10.20, 07:36
Dünya azərbaycanlıları 20 yanvar şəhidlərini yad edəcək

Gunaz.tv
Dünya azərbaycanlıları 20 yanvar şəhidlərini yad edəcək 18:09 14-01-2009 Diasporun tədbirlər planı açıqlanıb 20 yanvar faciəsinin 19-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız anım mərasimləri keçirəcək, şəhidlərin xatirəsini yad edəcək, bir sıra aksiyalar vasitəsilə bu faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatlandıracaqlar. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək. Konrqesin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-ude, Surqut, Ryazan və digər regional təşkilatları 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər. Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin təşkil edəcəyi dəyirmi masa ilə yanaşı Səməd Vurğun adına kitabxanada Qanlı Yanvardan bəhs edən sənədli film nümayiş etdiriləcək. Bundan başqa Konqresin bu ölkənin Xarkov, Donetsk, Lvov və Dnepropetrovsk bölgələrindəki regional qurumları da anım mərasimləri keçirəcəklər. Minskdə isə Belarus Azərbaycan İcmaları konqresi 20 yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birlikdə tədbir keçirərək yad edəcək. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Ankara və İstanbulda anım tədbiri keçirəcək. Tədbirə bu ölkədə yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycan əsilli ziyalılar, eləcə də ictimai-siyasi xadimlər qatılacaqlar. Türkiyənin Manisa şəhərində də 20 Yanvar faciəsi qurbanları yad ediləcək. İzmirdə isə Qanlı Yanvara həsr edilmiş konfrans təşkil olunacaq. Misir Ərəb Respublikasının Qahirə şəhərində, Vətən Tələbə Cəmiyyətinin 20 Yanvar faciəsinin ildönümü münasibətilə keçirdiyi tədbirdə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələri, Qahirə Universitetində dərs deyən həmyerlilərimiz, digər ölkələri təmsil edən tələbə və müəllimlər, eləcə də Azərbaycanın Misirdəki Səfirliyinin əməkdaşları iştirak edəcəklər. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkil edəcəyi 20 yanvar faciəsinin anım mərasimində bu qanlı tarixlə bağlı sənədli film nümayiş etdiriləcək, qonaqlara müxtəlif dillərdə çap olunmuş kitab və broşurlar paylanacaq. Tayland Krallığında fəaliyyət göstərən Tayland Texniki Universitetinin rektoru Səid İrandostunun yaratdığı “Azərbaycan Mədəniyyət Evi” 20 yanvar faciəsi ilə bağlı Bankonq şəhərində yerləşən Assumtion Universitetində konfrans keçirəcək. Assumtion və Tayland Texniki Universitetində təhsil alan türk, azərbaycanlı tələbələrin, həmçinin müəllim heyətinin iştirak edəcəyi tədbirdə 20 yanvar faciəsi ilə bağlı ətraflı məlumat veriləcək və fotoşəkillər sərgilənəcək. Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində fəaliyyət göstərən Pakistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə Azərbaycanın Pakistandakı səfirliyinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçiriləcək. Avstriyanın Sidney şəhərindəki “Azərbaycanlılar Cəmiyyəti” isə ”Azərbaycanın Səsi” radiosu ilə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət haqqında məlumat verəcək. Bundan başqa Sidneydə faciə qurbanlarının xatirəsini anmaq məqsədilə “Türk Evi”ndə mitinq-söhbət təşkil olunacaq, sovet ordusunun törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillər və videogörüntülər göstəriləcək. Yeni Zelandiyada “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirəcək. Şimali Kİpr Türk Respublikasının Doğu Akdeniz Universitetində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı təşkil olunacaq mərasimə universitetin tələbə və müəllim heyəti ilə yanaşı dövlət rəsmiləri də dəvət olunub. Bu tədbiri Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzi keçirəcək. Gürcüstanın Marneuli şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa keçirəcək. Tbilisidə isə Gürcüstan Azərbaycanlıları Konqresi Səfirliklə birgə Heydər Əliyevin Tbilisi şəhərindəki heykəlinə ziyarət təşkil edəcək, daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktiki konfrans olacaq. Özbəkistandakı “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası”, Qazaxıstanın Astana şəhərində fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzləri İttifaqı bu ölkədəki “Xəzər” İctimai Birliyi 20 yanvar faciəsi şəhidlərini anma mərasimləri keçirəcəklər. Qazaxıstanın Aktau şəhərində isə Qazaxıstan Xalqları Assambleyası binasında “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Turan” Konqresi birgə 20 Yanvar Faciəsi ilə bağlı konfrans təşkil edəcək. Qırğızıstandakı diaspor təşkilatımız -“Azəri” İctimai Birliyi və “Türk Dünyasının Siyasətinə Dəstək” İctimai Fondu Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə Qırğızıstan Xalqları Assambleyası binasında 20 Yanvar faciəsi qurbanlarını yad edəcəklər. 20 yanvar faciəsinin 19-ci ildönümüni Avropa ölkələrində yaşayan soydaşlarımız da diqqətdə saxlayacaqlar. Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil edəcəyi silsilə tədbirlərdə Andres Raid televiziyasının, 20 yanvar faciəsinin canlı şahidləri olmuş jurnalistlərin, müxtəlif icma üzvlərinin, dövlət və şəhər rəhbərliyinin, Qeyri-Hökumət Təşkilatlarının və fotojurnalist Yuri Vendelin iştirakı ilə ilk öncə Tallində azadlıq uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr olmuş abidəyə gül dəstəsi qoyulacaq, sonra anım mərasimi keçiriləcək. Litva Azərbaycanlıları Cəmiyyəti də 20 yanvar hadisəsinə aid faktları və reallıqları bir daha bu ölkənin ictimaiyyətinin nəzərinə çatdıracaq. Latviyadakı “Ocaq” Mədəniyyət Mərkəzi isə “Qara yanvar - Bakı və Riqa: unutmayacağıq!” adlı anım mərasimi keçirəcək. Mərasimə Riqa hadisələrinin şahidləri də dəvət olunublar. Budapeştdə fəaliyyət göstərən “Macar-Azərbaycan Dostluq Cəmiyyəti”, Rumıniyadakı Azərbaycan Mədəniyyət və Gənclər Asossiasiyası, Kişineuda Moldova Azərbaycanlıları Konqresi, Praqada “Azər-Çex” Cəmiyyəti ölkəmizin bu ölkələrdəki səfirlikləri ilə birgə Qanlı Yanvar qurbanlarını yad edəcəklər. İsveçdə fəaliyyət göstərən bir neçə Azərbaycan diaspor təşkilatı birlikdə Stokholm və Höteborq şəhərlərində, Böyük Britaniyadakı “Azərbaycan Evi” Londonda, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Amsterdamda, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti Helsinkidə, Danimarkadakı VƏTƏN Cəmiyyəti isə Kopenhagendə bu faciənin 19-cu ildönümünü müxtəlif anım tədbirləri ilə qeyd edəcəklər. Strasburqdakı “Azərbaycan Evi”ndə də 20 Yanvar qətliamı anılacaq. Parisdəki “Azərbaycan Evi”in təşkil etdiyi tədbirdə isə faciə ilə bağlı həqiqətlərin əks olunduğu bülletenlər paylanacaq. Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Alman-Azərbaycan Cəmiyyəti birlikdə 20 Yanvara həsr olunmuş anım tədbiri keçirəcəklər. Mayntsda isə “Mayns Azərbaycan Cəmiyyəti”nin anım mərasimi keçirilməsilə yanaşı, qurumun rəhbəri Başar Kömürün Almaniyadakı Türk televiziyalarından birində 20 Yanvar faciəsi ilə bağlı çıxışı nəzərdə tutulub. Almaniyanın Köln şəhərində Vahid Azərbaycan Cəmiyyəti, Hamburqda və Drezdendə Alman-Azərbaycan Cəmiyyəti də bu qanlı hadisənin tarixi barədə keçirəcəkləri tədbirlərin iştirakçılarına məlumat verəcəklər. 20 yanvar faciəsinin anma mərasimlərinə Kanada Azərbaycan Təşkilatları Assambleyası Toronto və Monreal şəhərlərində keçirəcəyi tədbirlərlə qatılacaq. Hyustondakı “Hyuston Azərbaycanlıları Cəmiyyəti” də 20 Yanvar faciəsini yad edəcək. Pərvin ABBASOV LENT.AZ Xəbərin oxunma sayı: 39

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar