SON XƏBƏRLƏR

BORÇALIdakı soydaşlarımızın problemləri tükənmir

2021.10.20, 07:36
BORÇALIdakı soydaşlarımızın problemləri tükənmir

Gunaz.tv
Gürcüstandakı azərbaycanlıların problemləri tükənmir Deputatlar soydaşlarımızı gürcü cəmiyyətinə inteqrasiyada diqqətli olmağa çağırır "Gürcüstanda yaşayan soydaşlarımızın əsas problemi yenə də torpaq və təhsil sahəsindədir". Bu barədə Gürcüstandan qayıdan deputat Gültəkin Hacıbəyli səfərin yekunları ilə bağlı dünən keçirilən mətbuat konfransında bildirib. Qeyd edək ki, Milli Məclisin dörd üzvü bu günlərdə "Milli azlıqların hüqüqları: Beynəlxalq aktlar və Gürcüstan qanunvericiliyi" kitabının təqdimatını keçirmək üçün qonşu ölkədə olublar. Gültəkin Hacıbəylinin sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlarımızın qanunvericiliyi bilməsi cəmiyyətə inteqrasiyasında vacib rol oynayır. Ötən ilin sonunda Gürcüstanın "Təhsil haqqında" qanununa dəyişikliklər edildiyini xatırladan Hacıbəyli bildirib ki, bundan sonra soydaşlarımız məktəb direktoru seçilmək üçün yalnız gürcü dili və ədəbiyyatından gürcü dilində imtahan verirlər. O, qonşu ölkədə eyni zamanda Azərbaycan məktəblərinin yaradılmasının vacibliyini də qeyd edib. Deputat Nəsib Nəsibli isə soydaşlarımızı gürcü cəmiyyətinə inteqrasiyasında diqqətli olmağa çağırdı: "Əgər mövcud qanunvericiliyə görə, 2010-cu ilə kimi Gürcüstanda dövlət dili gürcü və abxaz dili olacaqsa, bu inteqrasiya deyil. Assimilyasiya cəhdidir". Onun fikrincə, ikinci önəmli məsələ Azərbaycan hakimiyyətinin bu məsələyə münasibətidir: "Borçalı straje baxımdan çox vacib məkandır. Bütün strateji layihələr burdan keçir. Azərbaycan Borçalıya nə qədər lazımdırsa, Borçalı da Azərbaycana bir o qədər lazımdır". Nəsibli kompakt yaşayan soydaşlarımızdan başqa, Gürcüstanın digər yerlərindəki azərbaycanlıların da problemlərinin həllinə diqqət ayırmağın vacibliyini bildirib: "37 min əhali kompakt ərazilərdən kənarda yaşayır. Çiğicili kəndindəki azərbaycanlılar heç vaxt ana dilində təhsil almayıblar", - deyən N.Nəsibli "gürcü dilini bilməmək" probleminin şişirdilməsinin tərəfdarı olmadığını vurğulayıb. Onun sözlərinə görə, Borçalıda gürcü dilini bilən çoxlu işsiz kadr var. Bəkir NƏRİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar