SON XƏBƏRLƏR

İRANDA DAHA BİR AZƏRBAYCANLI PREZİDENTLİYƏ NAMİZƏD OLA BİLƏR

2021.10.20, 07:36
İRANDA DAHA BİR AZƏRBAYCANLI PREZİDENTLİYƏ NAMİZƏD OLA BİLƏR

Gunaz.tv
İRANDA DAHA BİR AZƏRBAYCANLI PREZİDENTLİYƏ NAMİZƏD OLA BİLƏR 2009-01-13 - 16:38:00 Mirhüseyn Musəvi Bu il İran İslam Respublikasında keçiriləcək prezident seçkisində daha bir azərbaycanlının namizədliyi irəli sürülə bilər. «Media forum» saytı xəbər verir ki, söhbət İranın keçmiş baş naziri Mirhüseyn Musəvidən gedir. Yanvarın 12-də İranın İlam əyalətinə səfər edən keçmiş prezident Məhəmməd Xatəmi əhali qarşısında çıxış edərkən deyib ki, qarşıdakı prezident seçkisində iki nəfərdən birinin - ya özünün, ya da digər islahatçı Mirhüseyn Musəvinin namizədliyi hökmən irəli sürüləcək. «Mən üzümü bütün islahatçılara və islahatçı olmayan, lakin ölkənin hazırkı durumunda dəyişiklik edilməsini arzulayan şəxslərə tuturaraq, ölkə prezidentliyinə namizədliyini irəli sürəcək başqa adamlara hörmətimi izhar edərək bildirirəm ki, Allahın köməyilə ya mən, ya da Musəvi prezidentliyə namizəd olacağıq». «Media forum» bildirir ki, Mirhüseyn Musəvi 1941-ci ildə İranın Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. H.Musəvi İran İslam Respublikasının beşinci, eyni zamanda sonuncu baş naziridir. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnib. İslam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə dini rəhbər ayətullah Xomeyni vəfat edəndən sonra ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir. İngilis və ərəb dillərini mükəmməl bilir. İranda prezident seçkisi 2009-cu il iyunun 12-də keçiriləcək. 2008-ci il oktyabrın 16-da təbrizli Azərbaycan türkü, keçmiş deputat Əkbər Ələmi də prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edib. Ə.Ələminin iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsinin - «Bəsic»in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyində bir neçə idarədə rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib. İran İslam Respublikasının hazırkı prezidenti Mahmud Əhmədinejaddır. O bu postu 2004-cü ildə tutub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar