SON XƏBƏRLƏR

Müxalifətin güclü olduğu cəmiyyətlər də güclü olur

2021.10.20, 07:36
Müxalifətin güclü olduğu cəmiyyətlər də güclü olur

Gunaz.tv
"Müxalifətin güclü olduğu cəmiyyətlər də güclü olur" Son günlər əsas mövzuya çevrilən Referendum qərarının əleyhinə keçirilən piketlərin birində gənclər əllərində "Xalq kral istəmir" şüarı yazılmış plakat tutmuşdular. Bəs görəsən, xalq müxalifət istəyirmi? Ümumiyyətlə, bizə müxalifət lazımdırmı? Bu suallarla aktiv gənclərə müraciət etdik. Londonda çap olunan “Araz” qəzetinin redaktoru Vüsal Həmzəyev müxalifətin olmadığı ölkəni anormal sayır: “Məncə müxalifət nəinki lazımdır, hətta vacibdir. Müxalifətin olmadığı cəmiyyətləri anormal hesab edirəm. Müxalifətin güclü olduğu cəmiyyətlər də güclü olur. Eyni zamanda müxalifət daima yenilənməli və gəncləşməlidir. Normal dövlətlərdə müxalifət adətən hakimiyyətdə olan qüvvənin idarəçiliyinə və ümumiyyətlə, siyasətinə sanki nəzarət edir və müxalifət institutu bu idarəçiliyin yanlışlarını aşkara çıxardır, buna etiraz edir, seçimlər gəldikdə isə seçicilərə alternativ təklif etdir. Müxalifət öz simasında daha yeni, fərqli və yaxşı fəaliyyət göstərəcək hakimiyyət təklif edə bilməlidir”. Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərova müxalifətin vacib olduğunu deyir: “Təbii ki, bu ölkəyə müxalifət lazımdır. Ona görə ki, müxalifət sağlam rəqabətə xidmət edir. Bu da ümumilikdə ölkənin inkişafına təsir edir. Amma müxalifət də öz funksiyasını yetərincə yerinə yetirməlidir. Yaxşı işləməlidir ki, xalqın dəstəyini və inamını qazansın, gənc nəsillərlə işləməyə meyilli olmalıdır, yenilikçiyə açıq olmalıdır. Bütün bunlarla yanaşı, müxalifətin fəaliyyəti üçün də şərait olmalıdır. Onda qorxub maneələr yaratmaq lazım deyil”. Gənclər Klubu İctimai Birliyinin İcraçı Direktoru Zaur Əkbər müxalifətin vacibliyini belə əsaslandırır: “ Ümumiyyətlə, bütün sivil cəmiyyətlərdə güclü müxalifətin mövcudluğu siyasi rəqabət mühitini canlandıran əsas faktordur. Müxalifət iqtidarın güzgüsü hesab olunur. Çünki hakimiyyət hansısa yanlış addım atdıqda müxalifətdən güclü təpki görür və ona uyğun hərəkət edir. Sivil cəmiyyətlərdə müxalifət müəyyən zaman ərzində iqtidar olur, yəni hakimiyyətə gəlir. Bu da cəmiyyətdə yeniliyin yaranmasına səbəb olur və cəmiyyət inkişaf edir. Müxalifət də öz növbəsində yenilənir. Sadaladığım faktorlar isə ümumilikdə ölkədə demokratiyanın və vətəndaş cəmiyyətinin yeni formada inkişafına təkan verir. Təəssüf ki, sadaladığım faktorların heç biri Azərbaycanda mövcud deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar