SON XƏBƏRLƏR

“ERGENEKON” İŞİNDƏ GENERALLARI BURAXDILAR, POLKOVNİKLƏRİ TUTDULAR

2021.10.20, 07:36
“ERGENEKON” İŞİNDƏ GENERALLARI BURAXDILAR, POLKOVNİKLƏRİ TUTDULAR

Gunaz.tv
“ERGENEKON” İŞİNDƏ GENERALLARI BURAXDILAR, POLKOVNİKLƏRİ TUTDULAR Keçmiş xüsusi təyinatlı polis komandiri İbrahim Şahin məhkəməyə sensasion ifadələr verib: “Dövlət 3 ay əvvəl məni vəzifəyə çağırdı” İstefada olan general Osman Özbək: “Deyəsən, iqtidar mətbuatı ”Ergenekon”un bir nömrəsi kimi Atatürkdən bəhs edir” Türkiydə “Ergenekon” əməliyyatının son dalğasında ötən həftə həbs edilənlərin işlərinə ilkin məhkəmə baxışı yekunlaşıb. Saxlanılanlardan 16-sı barəsində həbs qərarı verilməyib, qalan 17 nəfərin isə ilkin istintaq dövründə həsbdə saxlanılması haqda qərar çıxarılıb. Barəsində irəli sürülən ittihamların araşdırılması şərtilə azadlığa buraxılanlar arasında son əməliyyatda həbs edilən 3 general, o cümlədən istefada olan 2 ordu generalı var. İstanbul məhkəməsi bazar günü axşam saxlanılanların ifadələrinin alınmasından sonra silahlı qüvvələrin 2-ci ordusunun keçmiş komandanı, istefada olan ordu generalı Kamal Yavuz, Baş Qərargahın keçmiş müşaviri, istefada olan general-polkovnik Erdal Şenel , Yüksək Təhsil Şurasının keçmiş başqanı Kamal Gürüz də aralarında olmaqla, bir qrup şübhəlini azad edib. Bundan əvvəl isə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, istefada olan ordu generalı Tuncer Kılıc azad edilmişdi. Xəbər verildiyi kimi, məhkəmə xüsusi təyinatlı polisin keçmiş komandiri, 90-cı illərin ortalarında PKK-ya qarşı amansız mübarizə aparanlardan biri İbrahim Şahin barəsində həbs qərarı çıxarmışdı. Daha sonra yazıçı Yalçın Kiçik, xüsusi təyinatlı ordu qüvvələrinin istefada olan polkovniki, Azərbaycanı yaxından bilən və dəstəkləyən, PKK-ya qarşı illərdir İraqın şimalında və Türkiyənin cənub-şərqində əməliyyatlara başçılıq edən Levent Göktaş də daxil olmaqla, daha bir neçə polkovnik və kapitan rütbələrində zabitlərin də barəsində həbs qərarı verilib. Məhkəmə tərəfindən buraxılanlardan biri, general Tuncer Kılıcın vəkili Hüseyn Buzoğlu jurnalistlərə açıqlamasında bildirib ki, tamamilə qurama, heç bir sübuta söykənməyən, varlığı hələ sübut edilməyən təşkilatla əlaqədə olmaqda ittiham edilir: “Bu istintaq tamamilə bu millətin iradəsinə qarşı yönəlib. Onu dayandırmaq da millətin üzərinə düşür. Əgər belə olmasa, bir çox insan, bir çox yazar, ziyalı mənim kimi qurama ittihamlarla qarşı-qarşıya qalacaq”. Proseslərdən çox narahat olan yüksək məhkəmə qurumu Yarğıtayın başqanı Həsən Gürçüker isə jurnalistlərə açıqlamasında deyib ki, onlar hazırda baş verənlərlə bağlı hər hansı mövqe ortaya qoymaq istəmirlər: “Biz danışmaq istəmirik. İstintaq və məhkəmə davam edir. Əgər bu mərhələdə nəsə desək bu çox yanlış olardı. Hüquq hər şeyi öz içərisində həll edə bilər. Qərar çıxarılacaq, bizim qarşımıza gələcək, o zaman nə lazımsa onu edəcəyik”. Xatırladaq ki, ötən həftə Yarğıtay kollegiyası təcili toplantı keçirib, ancaq həbslərlə bağlı bəyanat verməyib. Bu arada mətbuat keçmiş xüsusi təyinatlı polis rəisi İbrahim Şahinin məhkəməyə sensasion ifadələr verdiyi haqda yazır. Şahinin ifadələri dünənki Türkiyə qəzetlərinin çoxunun manşet xəbərini təşkil edirdi. Xəbərlərə görə, Şahin barəsində irəli sürülən ittihamları rədd edərək 3 aydır dövlətə işlədiyini bildirib. Şahin deyib ki, 3 ay əvvəl korpus generalı, Diyarbəkirdəki ordu korpusunun komandanı Bəşir Kalyonçu onunla əlaqə saxlayaraq yeni yaradılacaq terrorla mübarizə qurumuna təyin olunacağını deyib: “Məndən bu vəzifəyə hazırlaşmağımı istədilər, özümlə bərabər çalışdırmaq üçün 300 adam seçməyi tapşırdılar. Özəl hərəkat polisləri və yaşları 30-dan aşağı olan əsgərlərdən ibarət siyahı hazırladım. Evimdə ələ keçirilən siyahı da budur”. Xidmət etdiyi dövrdə həyatını PKK-ya qarşı mübarizəyə həsr etdiyini deyən Şahin onu da bildirib ki, istefaya çıxdıqdan sonra ölkənin gedişini yaxşı görmədiyinə görə kitab yazmağa başlayıb: “Yerli televiziyalarda düşüncələrimi çatdırdım, PKK terror təşkilatının ermənilərə aid olduğunu bildirdim və bu yöndə araşdırmalar apardım”. İbrahim Şahin etiraf edib ki, son vaxtlar o, Matit Sarsanyan adlı erməni qadınla bağlı da araşdırmalar aparırdı. Keçmiş xüsusi təyinatlı polis rəisi həmin qadının kürdlər yaşayan bölgələrdə evlər qurduğunu, orda bildirib ki, xaricdən gələn ermənipərəst adamları himayə etdiyini üzə çıxarıb: “Mən də bu haqda MİT-dən tanıdığım adamlara çatdırdım, oradan daha detallı bilgilər istənildi. Ayrıca olaraq general Bəkir Kalyonçu da bu qadın haqqında məlumat istədiyinə görə araşdırma aparırdıq. Həmçinin ortaya çıxardım ki, ermənilər Sivas bölgəsində hər ay gizli toplantılar keçirir. Bunun arxasında Sivasda sahibkarlıqla məşğul olan biri dayanırdı. Ayrıca mənə Demokratik Toplum Partiyasının daxilində 520 erməninin yer aldığı da məlum oldu”. İstefada olan generallardan Osman Özbək isə “Ergenekon” həbsləri ilə bağlı sərt danışıb. Bu həmin generaldır ki, xidmətdə olduğu vaxtda islamçı Rifah Partiyasının başqanı Nəcməddin Ərbakanı baş nazir olarkən çox kəskin və açıq tənqid etmişdi. Ərzurum bölgəsi üzrə jandarma komandanı olan general Ərbakanın ailə üzvləri ilə birlikdə Həccə gedərək kral Fəhdin qonağı olmasını əlini masaya vuraraq tənqid edib: “Adam gedib o krala qonaq olmaz. Adam olan nəslini, sülaləsini, nə bilim nəyini kirayələyib qonaq aparmaz. Bunu edən baş nazir olsun, nə bilim nə nazir olsun, mən sözümü açıq deyirəm. 17 ildir PKK-ya qarşı necə mübarizə apardımsa bunlara qarşı da elə mübariə aparacağam”. Generalın “Ergenekon” həbsləri ilə bağlı sözləri də eyni üslublu və sərtdir. Trabzonda təşkil olunan konfransda çıxışı zamanı o, “Ergenekon”a aid silah-sursat axtarmaq adı altında Ankarada Atatürk adını daşıyan parkda qazıntı işləri aparması məqsədli xarakter daşıyır: “İqtidar mediası ”Ergenekon"un bir nömrəli şəxsi kimi mavi gözlü, sarı saçlı birindən bəhs edir. İndi tutulanlar arasında eləsi yoxdur. Amma məncə, onlar Atatürkü nəzərdə tuturlar. Bunları düşünməliyik. İqtidar mətbuatı, deyəsən, hər şeyi bilir. Qorxunc başlıqları var. “Susurluq”u da buna bağladılar. İndi də Atatürk parkını qazırlar. “Ergenekon”, Atatürk və “Susurluq” bir arada olacaq. Atatürkün sağlığında getdiyi klubun yerini də AKP-nin qərargahının arxası deyə qazırlar". General Özbək deyib ki, məhkəməyə iqtidardan təzyiqlər var, ancaq bununla belə, məhkəmə sistemi Türkiyədə ən etibarlı qurumlardan biridir. Onun sözlərinə görə, indiki iqtidar Türkiyədə dünyəvi rejimi dəyişdirmək gücündə deyil, çünki artıq nüfuzunu itirib və vətəndaşlar yaxınlaşan bələdiyyə seçkilərində fəal olub bu iqtidara qarşı mövqeyini ortaya qoymalıdır. General müxalifəti də ehtiyatlı olmağa, seçkilərin AKP-nin xeyrinə saxtalaşdırılması üçün bəzi hiylələrə al atıla biləcəyini deyərək bunun qarşısını almağa çağırıb: “Ortada cümhuriyyətə, atatürkçülərə, müxalifətə qarşı təşkil olunmuş böyük kampaniya var, bunları görməmək üçün axmaq olmaz gərəkdir”. Türkiyədə baş verənləri təhlil edən “Röyter” agentliyi isə qeyd edir ki, “Ergenekon”la bağlı proseslər bu istiqamətdə davam edərsə, son dərəcə təhlükəli durum ortaya çıxa bilər: “Ordu, işlərin belə getməsinə icazə verə bilməz. Yüksək rütbəli zabitlərin həbs edilməsi islamçı hökumətlə ordu arasında münasibətləri bir daha gərginləşdirir. Bu gərginlik Türkiyənin iqtisadiyyatını böhrandan qorumaq üçün səylər göstərdiyi bir vaxtda yaşanır. Qəzzada baş verənlər, AKP hökumətinə yönələn korrupsiya ittihamlarından sonra Türkiyənin yeni qeyri-stabillik mərhələsinə dayana bilməsi çətin olacaq. Proseslər hökumətin iflic olmasıyla nəticələnə bilər”. Beynəlxalq Böhran Qrupunun eksperti Hayg Pop deyib ki, bu il Türkiyə üçün həlledici il olacaq. Ekspertə görə, silahlı qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğa hökumətə qarşı daha sərt olmaq üçün silahlı qüvvələrin aşağı qatlarından güclü təzyiq var. Ankaradakı Qərb diplomatı isə belə deyib: “Ordu hər şeyi yıxıb dağıtmayacaq. Ancaq Başbuğ ordunun prestijini qoruduğunu sübut etməli olacaq”. Bu arada mətbuatda belə iddialar yer alır ki, Türkiyə Baş Prokurorluğu “Ergenekon” istintaqını aparan İstanbul cümhuriyyət prokuroru Zəkəriyyə Öz haqda təhqiqat başlada bilər. Onun Fətullah Gülən təriqətinə bağlı olduğu və hökumət tərəfindən idarə edildiyi haqda iddialar var. Dünən İstanbul cümhuriyyət baş prokuroru Aykut Çengiz Engin ədliyyə naziri Mehmet Əli Şahinlə Ankarada qəfil görüş keçirib. Bu görüşün “Ergenekon” istintaqı ilə bağlı olduğu bildirilir. Baş prokuror jurnalistlərə Zəkəriyyə Öz haqqında təhqiqat aparıldığı haqda onda məlumat olmadığını deyib. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar