SON XƏBƏRLƏR

NARDARANDA SABİR RÜSTƏMXANLIYA ÖLÜM FİTVASI ÇIXARILDI

2021.10.20, 07:36
NARDARANDA SABİR RÜSTƏMXANLIYA ÖLÜM FİTVASI ÇIXARILDI

Gunaz.tv
NARDARANDA SABİR RÜSTƏMXANLIYA ÖLÜM FİTVASI ÇIXARILDI Deputat isə “güman edirəm ki, bu çıxışlardan sonra məni ölümlə hədələyənlər müəyyən nəzarətə götürüləcək” deyir Dünən Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında İsrailə etiraz əlaməti olaraq keçirilən növbəti aksiyada VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ölümlə hədələnib. lent.az saytının məlumatına görə, kənd ağsaqqalı Hacı Əli Hüseynov Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumatlar verdiklərini, bununla millətə xəyanət etdiklərini deyib. “Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan ”Səhər” (İran kanalı nəzərdə tutulur -red.) kanalına böhtan atır. Sabir Rüstəmxanlının bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır”. Sabir Rüstəmxanlı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu fikirləri səsləndirənlər yalnız nardaranlıların bir qrupudur: “Nardaranda kifayət qədər bu işlərə ağılla yanaşan, bizə hörmət bəsləyən və Azərbaycanın qeyrətini hər şeydən uca tutan ağsaqqallar, ziyalılar da var. Bunlar bir dəstə adamdır düşüb ortaya, özü də nə dediklərini bilmədən danışırlar”. “Səhər” kanalı ilə bağlı ittihama gəlincə, millət vəkili bunları söylədi: “Səhər” proqramı mənə zəng vurub müsahibə istəyib, mən də bundan imtina etmişəm. Yalnız onu demişəm ki, İsrail dövləti qurulduğu kimi gərək Fələstin dövləti də qurulmalı və qarşılıqlı şəkildə atəş dayandırılmalıdır. Jurnalist bildirdi ki, siz “Həmas”ı da qatırsınız bura. Demişəm ki, “Həmas”ın da müəyyən səhvləri olub, gərək bunlar bir-birini başa düşüb mövcud şərtlər daxilində yaşamağa öyrəşsinlər. Ancaq jurnalist İsrailin cinayətindən danışmağa başladı. Dedim cinayəti mən də başa düşürəm. Bundan sonra onun hansı televiziyadan olduğunu soruşdum. Bildirdim ki, mən “Səhər” proqramına müsahibə vermirəm. Çünki siz bir ildir bu proqramda mənim əleyhimə hədyan danışırsınız. Mən DAK-ın həmsədri seçiləndən, İranın dini rəhbəri Xamneyiyə məktub yazandan bəri gecə-gündüz məni təhqir edirsiniz. Ona görə də sizə müsahibə vermirəm. Bundan sonra müsahibəni yarımçıq kəsdim”. S.Rüstəmxanlı şübhə etmir ki, Nardaranda bu məsələnin təfərrüatlarından xəbərsizdirlər. “Cangüdənlərini artır” mesajına gəldikdə, S.Rüstəmxanlı cangüdənə ehtiyacının olmadığını bildirdi: “Nardaran camaatı Allaha inanırlar və bilməlidirlər ki, Allah qoruyana bəndə heç nə edə bilməz. Mən cangüdənsiz də Azərbaycanda neçə illərdir həyatın bərkindən-boşundan, ölümlərdən keçib gəlmişəm. Ona görə də məni belə şeylər qorxutmaz. Azərbaycanda hara gedirəmsə, camaat mənim cangüdənimdir”. Terror hədəsi ilə isə VHP sədri bildirdi ki, hələlik hüquq mühafizə orqanlarına müraciət barədə fikirləşməyib: “Şübhəsiz ki, hüquq-mühafizə orqanları Nardaranda baş verənləri izləyir. Güman edirəm ki, bu çıxışlardan sonra məni ölümlə hədələyənlər müəyyən nəzarətə götürüləcək. Lazım olsa, mən məktubla da müraciət edəcəyəm”. Nardaran sakini İbrahim Xudaverdiyev bildirdi ki, fitva ilə bağlı mitinqdə o da eşidib: “Bu barədə Hacı Hikmət dedi. Bildirdi ki, Sabir Rüstəmxanlının başına 50 min qiymət qoyuram, kim onu öldürsə, bu mükafata sahib olacaq”. Ancaq İ.Xudaverdiyev bu sözləri o qədər də ciddiyə almadığını söylədi: “Sadəcə sözgəlişi deyib. Düzdür, mən Hacı Hikmətə bununla bağlı bir söz demədim. Amma bu, artıq söz idi. Etiraz etmək olar. Ancaq belə şəkildə yox. Özü də bu söz Rüstəmxanlının xeyrinədir. İndi sözdür deyib, hansısa bir plan-zad ola bilməz. Yəqin ki, sabah üz-üzə gələndə Sabir Rüstəmxanlıya bir söz deyilər. Yəni ona “çox sağ ol” deyilməz. Ancaq daha hansısa plan hazırlana bilməz”. İ.Xudaverdiyev bildirdi ki, sakinləri əsəbiləşdirən S.Rüstəmxanlının bəzi fikirləri olub: “O deyib ki, nardaranlılar savadsızdır. Bu da bir az narahatçılığa səbəb olub”. Deputatın naradaranlılara hörmət bəslədiyi haqqında dediklərini xatırlatdıqda isə İ.Xudaverdiyev bunları bildirdi: “Təki olsun. Bizim də ona hörmətimiz var. Bu sözləri başqası desəydi, kənd sakinlərinə bu qədər təsir etməzdi. Axı onun özü də mitinqlərdən keçib parlamentə gedib”. Dünən rəsmi qurumlar da məsələyə reaksiya verib. Respublika Prokurorluğundan APA-ya deyilib ki, məsələdən məlumatlıdırlar və yaxın günlərdə açıqlama veriləcək. DİN-in mətbuat xidmətindən isə bildirilib ki, konkret hərəkətlər üçün S.Rüstəmxanlı rəsmi şəkildə müraciət etməlidir. Cavid TURAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar