SON XƏBƏRLƏR

Aşura - zəncir, ya azadlıq...

2021.10.20, 07:36
Aşura - zəncir, ya azadlıq...

Gunaz.tv
Aşura - zəncir, ya azadlıq... Zəncir vurulmaq üçün deyil, qırılmaq üçündü “Əlif, lam, mim! Mənəm böyük Allah. İnsanlar, yalnız ”İman gətirdik!",- demələri ilə onlardan əl çəkiləcəyinimi sanırlar"!. Onlar imtahan olunmayacaqlarmı?" “Ənkəbut” surəsi, ayə 1,2. Daha bir Aşura bitdi. Şəbih olmadı - əslən. Qoymadılar. Qorxdular. Qorxdular ki, adamlar çaşıb ehtizaza gələr, o məqamlarda birdən, Allah eləməmiş, “Biz İmam Hüseyn qiyamını özümüzçün məktəb saymışıq”,- deyən Hindistan Azadlıq hərəkatının liderlərindən biri Cəvahirləl Nehru kimi İmam Hüseyn müsibətinin fəlsəfəsini anlayar, ondan sonra daha kim çıxıb nə qədər nağıl danışır-danışsın, kimsə inanmaz, kimsə qorxmaz, kimsə canını belə vermək lazım gəlsə, “uf” deməz. Ama çox nahaq. Qorxacaq bir şey yoxdu. Bu, sadəcə bir şəbihdi - ildə bir kərə çıxarıb gedirlər evlərinə və özlərini də əsl müsəlman sayırlar. (Mən elə bu məqamda əsl dindarları İmam Hüseynin ali ideallarına and verib deyirəm ki, mənim yazdıqlarımda özlərinə bir təhqir-filan axtarmasınlar. Hətta şeytanı da təhqir eləməyi düzgün saymıram. Lazım gəlsəydi, onu elə Allah təhqir eləyərdi - daha cəzalandırmazdı.) Hə, qorxacaq bir şey yoxdu. Yoxdu, ey Şeyx! Ey, Şeyxin şeyxi! Adamlar min dörd yüz ildi İmam Hüseynin matəm günündə onun ölümünə ağlayırlar. Və yalnızca ölümünə! Bu gün şəhid olubmuş kimi ağlayırlar. Onlara əsrlərlə o Həzrətin ölümü anladılıb, yavrularının susuzluğu, təşnəsi. Uğrunda canından, ciyərparələrindən belə keçdiyi azadlıq təşnəliyi haqda deməyiblər, elm, mərifət, vətən və dövlət sevgisi haqda anlatmayıblar... Imam Hüseynin ağladığına ağlayanlar nə qədər də az... barmaq sanı... İmam sizə ağlayırdı, ey müsəlmanlar! Sizə gün ağlamaq istəyirdi. Siz özünüzə ağlayırsınızmı? Axı bu gün əzilən, qətl edilən, malı talanan, haqqı tapdanan, azadlığı zorlanan, ağzına güllə sıxılan, cibinə kokain atılan, qarşısına küçə qadını, küçə “kişi”si çıxarılıb şərlənən, həqiqəti yazdığı üçün sinəsinə bıçaq saplanan, ehtiyac üzündən balaları məmləkəti tərk eləyib qürbət elllərə gedən, çoxunun o ellərdən mafası qayıdan, səsi günün günorta çağı oğurlanıb qutulara tökülən və hələ sonra həyasızcasına, utanmadan “göstərilən etimada görə təşəkkür” də olunan sizsiniz. İmam Hüseyn dözərdimi bunlara? Dözməzdi! Bəs siz? Dözürsünüz də - göz qabağındadı! Danılmaz əsla! Axı, siz neynəyəsiniz, sizin balalarınız var... Görəsən, Imamın övladları yoxmuydu? Deyəsən axı vardı... Razılaşsanız, deyərdim ki, heç sizinkilərdən az da əziz deyildilər o Həzrət üçün... Elə o vaxt da İmam dözməyəndə onun dindaşları dözürdülər və nəticədə də təklənmiş Imam və onun yaxınları, doğmaları misli görünməmiş şəkildə qətl edildilər. Deməli, bu gün yaşasaydı, o İmam yenə tək qalacaqdı... Çünki biz hələ də bu cür düşünürük; İmam üçün ağlayıb, imam kimi, yəni ayrı cür, fərqli düşünən övladlarımıza, “ay bala, sənin bu hökumətnən nə işin, bir balalarını düşün barı”,- deyirik, sonra da hansı yolla olur-olsun, pul topalayıb Həcc ziyarətinə, yekə-yekə Şeytana cuplulu-cuppulu daş atmağa gedirik... *** Adamın biri uzaq bir rayondan durub gəlib Bakıya. Zəncir vurmağa. Özü üçün zəncir də düzəltdirib. Əhd eləyibmiş ki, filan işim aşsın, gedib özümü zəncirləyərəm. Bəlkə də bu al-ver əməliyyatına bir halda haqq qazandırmaq olardı - əgər hansısa işinin düzəlməyi üçün imamlara yalvaran adam özünü zəncirləməyi yox, zəncirlərə savaş açacağını əhd eləsəydi... Hə, binəvanın işi ötən il “aşıb”, təbii ki, rüşvətsiz aşmaz və gəlib əhdinə vəfa eləməyə. Işi aşmayınca gəlməyəcəkdi. Budurmu azərbaycanlının İmam Hüseyn sevgisi? Faciədi, yurddaşlar, faciə! Imam Hüseyn müsibətindən də dəhşətli faciə! Imamın ruhu qan ağlayır, belə sevgilər üzündən. Adam 8 manat verib özünə məxsusi zəncir düzəltdirib. Baxın, köləliyin qiyməti nə qədər aşağıdı. Belə ucuz malı almağa nə var? Köləlik bazarında bu üzdəndi alverin şıdırğı getməyi. Bəs AZADLIĞIN QIYMƏTI nə qədərdi? 8 manatmı? Deyil! Azadlıq çox bahalıdı, qardaşlar! Qiyməti - məhbəslərlə, balalarının ac və kədərli gözləriylə, səfalətdən torpaq rənginə çalan sifətləriylə, şər-böhtanlarla, can bahasıyla, qan bahasıyla ölçülür. İmam keçdi varından-yoxundan - aldı o azadlığı. Siz nələrdən keçdiniz? Siz heç AZADLIQ bazarına üz tutmadınız belə. Əlinizi ürəyinizə salıb eşələdiniz və sizə belə məlum oldu ki, bu bazara girmək üçün ürəyinizdə iki quruş yoxdu və qərara gəldiniz ki, bu bazar bizlər üçün deyil, bu bazar da varlılar üçündü. Bir kərə soruşdunuzmu özünüzdən, İmamın nə varı vardı? Bəs o bu bazara necə girdi, bütün azadlığı necə aldı və... getdi... Yox, yaxşısı, siz zəncir bazarına girin, məqamıdı, yeni il endirimləri gəl-gəl deyir, dünya böhranı hər şey kimi dəmirin də qiymətini salıb, poladın da. Ucuz maldan düzəldilən zəncir də ucuz başa gəlir. Martın 18-nəcən illərlə basdığınız səbrinizi basa bilsəniz, zəncir 8 manata da deyil, havayı olacaq. Ondan sonra ildə bir kərə - aşurada yox, 365 gün zəncir vurmaq gərək olacaq. Necə deyərlər, “hər gün aşura, hər yer Kərbəla”... Hə, mənim müsəlman qardaşlarım, bacılarım! Demək, niyyətiniz həyata keçib və uzaq-uzaq ellərdən durub gəlibsiniz zəncir vurmağa. Heç bir kərəcik olsun, düşündünüzmü, zəncir vurulmaq üçün deyil, canlarım, qırılmaq üçündü... Bəlkə o zənciri elə şərə çəkəsiziniz? Yoxsa qorxursunuz? İmamın idealları uğrunda özünüzə vurduğunuz o zəncirlər sizi ağrıtmırsa, İmamın ideyaları yolunda şərə qarşı baş qaldıran zaman axı sizə dəyən polis zopaları da ağrıtmamalıdı! Bəs nədəndi bu qorxu, bu hürkü, bu XOF? Bəlkə özünüz-özünüzü ehmalca vurursunuz? Polis qardaş bir az ehtiyatsız vurur deyəsən... *** Bəlkə dinin siyasətə qarışmadığı fikrindəsiz? Elə isə, axı Imamın hərəkatı da siyasi idi. Sonunda hakimiyət məsələsi vardı. Axı elə o imamların atası əmirəlmöminin Əli deyirdi: “Hökmdarlar dəyişəndə zəmanə dəyişər” - bəlkə bu, siyasi deyil? Bəli, İmam siyasi mübarizə aparırdı. O dövr din və dövlət ayrılmaz olduğu, dövlət ideologiyasının din olması səbəbindən bu mübarizənin kökündə din - islam dayanırdı. İslam idi bayraq. O böyük azadlıq aşiqi bu gün yaşasaydı, yenə eyni yolu gedəcəkdi - hansı bayraq altında mübarizədən asılı olmayaraq - mübarizə, azadlıq eşqi, şəffaf və əxlaqlı dövlət onun zatından gəlirdi. Bəli, o eyni yolu gedəcəkdi! Bəs siz, onun ardınca gedəcəkdinizmi? Əsla. Gedənləri rahatca sayacaqdıq... Simvolik olaraq - “72 baş”... Bax bu qədərciyəz... *** Dünən, Aşura günü tədbirlərdən çəkilmiş fotoları gördüm. Kalan adam vardı. İzn olsaydı, zəncir vuracaqdılar. Şərə, şeytana vurulmalı olan zənciri özlərinə vuracaqdılar. Ama zəncir qırmağa gələndə meydanlar “həp boşşşşşş”... Axı zəncir qırmağa da izn yox! “Ey camaat! Tezliklə, qab çevrildikdə içindəkilər töküldüyü kimi, İslamın alt-üst olacağı bir zaman gələcək”, - dediyin zamanmı gəldi, yoxsa - yetiş, ey Əli! Gözəl adının sonunda “ev” gəzdirənlər tükətdi bu milləti, yetiş, tez yetiş!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar