SON XƏBƏRLƏR

TÜRK ORDUSU “ERGENEKON”la BAĞLI HANSI ADDIMI ATACAQ?

2021.10.20, 07:36
TÜRK ORDUSU “ERGENEKON”la BAĞLI HANSI ADDIMI ATACAQ?

Gunaz.tv
TÜRK ORDUSU “ERGENEKON”la BAĞLI HANSI ADDIMI ATACAQ? Qabil Hüseynli: “Türk ordusunun quruluşu elədir ki, orda kimisə ələ almaq, yaxud nəsə etmək çətindir” Rasim Musabəyov: “Ordu rəhbərliyi anlayır ki, siyasi proseslərə müdaxilə Türkiyənin dövlət kimi sarsılmasına gətirib çıxara bilər” Türkiyədə hazırda məhkəmə prosesi davam etdirilən “Ergenekon” işi ilə əlaqədar növbəti həbslərin həyata keçirilməsi qardaş ölkədə yaşananlara diqqəti daha da artırıb. Hətta dünyanın nüfuzlu media orqanları Türkiyədəki yaşananları son günlər əsas xəbər yerində yerləşdirməkdədir. Növbəti həbs dalğası zamanı ordu generalı, PKK-nın qənimi sayılan sabiq polis rəisi, alimlər və məşhur simaların da tutulması heç də birmənalı qarşılanmayıb. Qeyd edək ki, hələ bu olaylar yenicə başlayarkən, qəzetimizdə ordunun məsələyə müdaxilə edə biləcəyi ehtimalından yazmışdıq. O zaman ekspertlər hesab edirdilər ki, proseslərdə təmkinli mövqe tutan ordu hadisələrin sonrakı gedişatı zamanı ortaya konkret mövqe qoya bilər. Ancaq onlarla nüfuzlu şəxsin həbsindən sonra da Türkiyə Silahlı Qüvvələrinin davranışında bir dəyişikliyin olmaması müxtəlif ehtimallara yol açırdı. Bu sırada hakimiyyətin orduya nəzarəti tam ələ aldığı, yaxud Silahlı Qüvvələrin rəhbərliyi ilə hansısa razılaşmaların olduğu haqda mülahizələr səslənirdi. Yalnız son həbslərin ardınca Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının təcili toplantı keçirməsi ordunun proseslərə biganə qalmayacağına işarə sayıla bilər. Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ qoşun növlərinin komandanlarını təcili toplantıya çağırıb. 6 saat yarımdan çox çəkən toplantıdan sonra mətbuata heç bir açıqlama verilməməsi ordunun baş verənlərə hansı reaksiya verəcəyi barədə konkret fikir bildirməyə imkan vermir. Bəs, ekspertlər nə gözləyir, türk ordusu proseslərə müdaxilə edəcəkmi? Müsavat Partiyası başqanının müavini, politoloq Qabil Hüseynli növbəti həbs dalğasından sonra Baş Qərargahın təcili toplantı keçirməsini xatırladaraq, bunun təsadüfi olmadığını vurğuladı: “Bundan əvvəl iki ordu generalı həbs ediləndə də ordu müəyyən jest eləmişdi. O zaman Baş Qərargahın nümayəndəsi həmin generallara xəstəxanada baş çəkmişdi və qəzetlərə bildirmişdi ki, bu, Baş Qərargahın təlimi əsasında həyata keçirilib. Güman edirəm ki, orduda əhval-ruhiyyə heç də AKP-nin ”Ergenekon"la bağlı düşüncələri istiqamətində deyil. Orda hər şey səbrə dirənib. Yəqin ki, hər şey məhkəmənin gedişi və sonuclarına hesablanıb. Hadisələrin gedişində isə yeni olayların baş verməsi, məncə, ölkədəki ictimai-siyasi atmosferi kifayət qədər gərginləşdirir. Bu gərginliyin simptomları orduya daha çox təsir edə bilər. O səbəbdən orduda da bəlli bir mövqenin formalaşması prosesinin getdiyini güman etmək olar". Q.Hüseynli ordunun baş verənlərə laqeyd qaldığını güman etmir: “Proseslər Türkiyədə deyildiyi kimi, Atatürk inqilablarının, Atatürkçülük ideyalarının əleyhinə yönəlsə, Atatürk irsinin keşikçisi kimi ordu öz missiyasını yerinə yetirə bilər”. Politoloq hakimiyyətin Silahlı Qüvvələri təsir altına aldığını, yaxud onu susdurduğunu düşünmür: “Ordunun quruluşu elədir ki, orda kimisə ələ almaq, yaxud nəsə etmək çətindir. Ordu muxtar bir qurumdur və özünün mövcud əsasnamələri əsasında fəaliyyət göstərir. Düzdür, orada müəyyən təbəddülatlar ola bilər. Amma Türkiyədə məhkəmə müstəqildir və onun çıxardığı nəticələr, məncə, cəmiyyət tərəfindən anlayışla qarşılanacaq”. Politoloq Rasim Musabəyov də türk ordusunun proseslərə açıq müdaxiləsini gözləmir: “Silahlı Qüvvələrin rəhbərliyi anlayır ki, siyasi proseslərə ordu tərəfindən kobud müdaxilə Türkiyənin dövlət kimi möhkəmlənməsinə yox, sarsılmasına gətirib çıxara bilər. Ancaq düşünmürəm ki, ordu siyasi proseslərdən tam kənarda qalıb. Bununla belə, ordu açıq müdaxiləyə getməyəcək”. Ekspert həyata keçirilən həbslərin milli qüvvələrin sıradan çıxarılmasına xidmət etdiyini də düşünmür: “Milli kəsim arasında bəzi radikal qüvvələr də var. Ona görə də gəlin qəti fikir söyləməyə tələsməyək. Bu vaxtadək Türkiyənin ədliyyə sistemi kifayət qədər dövlətçilik hisslərini qoruyub saxlayan dövlət qanadıdır. Ona görə də proseslərin milli qüvvələrin sıradan çıxarılmasına səbəb olacağını zənn etmirəm”. R.Musabəyov bundan sonrakı mərhələdə də Türkiyə ordusunun ölkədəki siyasi proseslərə birbaşa müdaxilə edəcəyi qənaətində deyil: “Düşünürəm ki, Türkiyə rəhbərliyi və hərbçilər arasında müəyyən rabitə var. O rabitədən istifadə edərək ordu və hakimiyyət məsələləri yoluna qoyacaq”. Cavid TURAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar