SON XƏBƏRLƏR

İTV və TRT-nin yaratdığı həmrəylik körpüsünün bünövrəsi möhkəmdir

2021.10.20, 07:36
İTV və TRT-nin yaratdığı həmrəylik körpüsünün bünövrəsi möhkəmdir

Gunaz.tv
"İTV və TRT-nin yaratdığı həmrəylik körpüsünün bünövrəsi möhkəmdir" Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, hər il olduğu kimi, bu dəfə də televiziyalarımızda müxtəlif teletamaşalar, konsert proqramları, əyləncəli verilişlər tamaşaçılara təqdim edildi. Bütün bu verilişlər ictimaiyyət arasında birmənalı qarşılanmadı. Onların arasında bəyəniləni də oldu, bəyənilməyəni də. Bayram verilişlərindən biri - "Həmrəylik körpüsü" adlanan layihə, yaşının azlığına baxmayaraq, Azərbaycan teleməkanında öz sözünü deyən İctimai Televiziyadan bu dəfə də bütün dünyaya yayımlandı. "Həmrəylik körpüsü"nün ərsəyə gəlməsində əvəzsiz rolu olan İTV-nin Səhər proqramları departamentinin direktoru Səidə Musabəyli layihə ilə bağlı suallarımızı cavablandırıb. - Səidə xanım, "Həmrəylik körpüsü"nin bir neçə buraxılışı reallaşıb. Həmişə də bu telekörpü bayram günlərinə təsadüf edib. Layihənin bayram günü reallaşması təsadüfdürmü? - Niyə bayram günündə?! Bu sualın cavabı da elə özündədir. Bu dəfə 2008-ci ilin sonu, 2009-cu ilin əvvəlində efirə gedən "Həmrəylik körpüsü" sayca dördüncü idi. Fəaliyyətə başladığı ilk gündən İctimai Televiziya həmişə tamaşaçıları düşündürən, narahat edən, tarixə söykənən məsələləri işıqlandırmaqla yanaşı, onların zövqünü oxşamağa da xüsusi önəm verib. Elə buna görədə dili bir, dini bir qardaşımız rolan Türkiyənin nüfuzlu TRT kanalına müraciət etdik və nəhayət, 2005-ci ildə ilk dəfə məhz Dünya Azərbaycanlılarının Həmrəylik Günündə bu layihə gerçəkləşdi. - Budəfəki veriliş əvvəlki telekörpüdən nə ilə fərqlənirdi? - İlk verilişimizdə bir çox problemlərlə üzləşdik. Çünki İTV-nin "Yeni gün" proqramı ilə TRT-nin "İyi sabahlar" proqramları arasında gerçəkləşdirmək istədiyimiz "Həmrəylik körpüsü"nün efir vaxtında saat fərqi var idi. İTV-nin "Yeni gün"ü səhər saat 10-a qədər efirdə olurdu. TRT-nin "İyi sabahlar"ı isə Bakı vaxtı ilə saat 12-də başlayıb 2-də bitirdi. Buna görə də biz bayram əhval-ruhiyyəli iki saatlıq əlavə proqramla TRT-yə qoşulduq. Məqsədimiz həmrəyliyimizi dünyaya sübut etmək, yola saldığımız ilin ən mühüm hadisələrini xatırlamaq, uğurlu nəticələrə nəzər salmaq, xoş, səmimi arzularımızı bir-birimizə ünvanlamaq idi. Həmişəkindən fərqli olaraq, bu dəfə TRT-nin təklifi ilə canlı yayımımız 3 saat davam etdi. Bir də ki proqramın adı dəyişilərək "Günbəgün" oldu. İctimai TV-nin "Yeni gün" və TRT-nin "Günbəgün" proqramlarının ortaq yayımını izləyənlər, inanıram ki, vaxtın fərqinə varmadılar. Çünki proqram aparıcısı kimi özüm də saatın necə keçdiyini hiss etmədim. Yeri gəlmişkən, həmişəki kimi, bu dəfə də proqramı istedadlı və sevilən aparıcımız Saleh Bağırovla birgə təqdim etdik. - Proqram ürəyinizcə oldumu? - Təbii ki, canlı efirdir, həyəcan da var idi, məsuliyyət də. Amma budəfəki həyəcan və məsuliyyət birə on qat artıq idi. Səbəb həmin gün havanın qarlı-çovğunlu olması, nəqliyyatın hərəkətindəki problemlər idi. Amma buna baxmayaraq, bütün qonaqlar vaxtında gəlmişdi. Biz proqrama bal rəqsi salmışdıq, rəqqaslardan biri qarda sürüşüb ayağını sındırdığı üçün rəqsi dəyişdirmək məcburiyyətində qaldıq. O ki qaldı qüsurlara, iş olan yerdə müəyyən qüsurlar da olur. Amma uğurlarımız o qədər böyükdür ki, xırda-para nöqsanlar kölgədə qalır. Biz türkiyəli həmkarlarımıza studiyamızın qonağı olan sənətkarlarımızın əl işlərini göndərməyə söz verdik. Qeyd edim ki, bu hədiyyələrin verilməsi və daimi olaraq onların verilişində dekorasiyanı bəzəməsi xüsusi məna kəsb edir. Düşünürəm ki, bu həm də Azərbaycan sənətkarlığının təbliği deməkdir. Altı əsrdən çox yaşı olan şəbəkə, dünyada nadir olan daş və şüşə üzərində oyma sənətinin nümunələri əgər TRT-nin gündəlik proqramında nümayiş olunursa, bunun nəyi pisdir ki? Onlar da bizə studiyada hazırlanan şirniyyatları, TRT-nin simvolik hədiyyələrini bağışladılar. Artıq bu hədiyyələr bizə gəlib çatıb. Bakıda "Təbəssüm" Uşaq Teatrı ilə TRT Çocuk qurumunun birgə konserti oldu. Konsertə qatılan "Çocuk və gənclik proqramları"nın müdiri Nejdat Demircan televiziyamıza gəldi, "Yeni gün"ün qonağı oldu və hədiyyələri bizə verdi. Yəqin ki, gələn həftə "Günbəgün" verilişinin canlı yayımında bizim hədiyyələr də onlara təqdim olunacaq. İnanırıq ki, bir millətin iki dövləti, bir millətin iki televiziyası - İTV və TRT arasında qurulan həmrəylik körpüsünün bünövrəsi o qədər möhkəmdir ki, hələ bundan sonrakı neçə-neçə nəslin nümayəndələrinə də dəyərli irs olaraq keçəcək. İctimai Televiziyanın baş direktoru İ.Ömərovla TRT-nin baş direktoru İbrahim Şahin öndə olmaqla, televiziyalarımız arasında birgə layihələrin sayı daha da artacaq, hər iki ölkənin efir məkanına bir gözəllik və yenilik gətirəcək. İ.QASIMLI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar