SON XƏBƏRLƏR

RUSİYA AVROPANI DONDURUR

2021.10.20, 07:36
RUSİYA AVROPANI DONDURUR

Gunaz.tv
08.01.2009 [06:51] Fontu böyüt: RUSİYA AVROPANI DONDURUR Qitənin böyük qismində 30 dərəcəyə çatan şaxtalı havada böhran yaranıb Rusiya ilə Ukrayna arasında yaranmış mübahisə nəticəsində Avropanın bir neçə ölkəsi sərt şaxtalı havalarda qazsız qalıb. Ukrayna tərəfi dünən elan edib ki, Rusiyanın “Qazprom” şirkəti ölkə ərazisindən Avropaya qaz nəqlini dekabrın 7-nə keçən gecə bütünlüklə dayandırıb. Ukraynanın dövlət şirkəti “Naftogaz”ın rəsmi nümayəndəsi Valentin Zemliyanski bəyan edib ki, ölkə ərazisindən keçən kəmərlərdə qazın təzyiqi bir gün əvvəl kəskin azaldılıb, dünən isə bütünlüklə qaz nəqli kəsilib. Avropanın aparıcı xəbər agentlikləri isə bütün gecəni və gündüz Avropa Komissiyasının məlumatlarına əsasən, qazın kəsildiyi ölkələrdə yaranmış vəziyyətlərlə bağlı xəbərləri canlı yayımla çatdırıb. Məlumatlara görə, Bolqarıstanda qaz ehtiyatları artıq tükənib, Macarıstanın Rusiyadan aldığı qazın 70 faizə qədəri azalıb, Yunanıstanda bu rəqəm 80 faizi keçir, Fransada isə Rusiya qazının həcmi 70 faiz aşağı düşüb. İtaliya 90 faiz Rusiya qazından məhrum olub, Serbiya, Xorvatiya, Bosniya və Makedoniya isə bütünlüklə qazsız qalıblar. Ukrayna ərazisindən keçən kəmərlərdə sonuncu kranların bağlanması ilə qazsız qalan Avropa ölkələrinin sırası da genişlənib. Qeyd edək ki, hazırda Avropada son 30 ilin görünməmiş şaxtaları hökm sürür, bir çox ölkələrdə yağan güclü qar və şiddətli şaxta nəticəsində nəqliyyatın hərəkəti iflic olub, havanın tempereraturu bəzi yerlərdə mənfi 30 dərəcəyədək enib. Xəbər verildiyi kimi, Rusiya ilə Ukrayna arasında növbəti qaz “müharibəsi” ötən ilin sonlarından başlayıb. “Qazprom” şirkəti ultimatum verərək Ukraynadan bütün borclarını dekabrın 31-nədək ödəməyi tələb edib. Ukrayna tərəfi 2 milyard dollardan çox olduğu bildirilən borcların yarıdan çoxunu ödəyib. Lakin “Qazprom” bəyan edib ki, borcların hamısı ödənməsə, 2009-cu il üçün Ukraynaya qaz satışına dair müqavilə imzalanmayacaq. Üstəlik, Rusiya şirkəti qazın min kubmetrinə görə Ukraynaya rekord qiymət-450 dollar təklif edib. Siyasi məqsəd daşıyan və Ukraynadakı qərbmeylli prezident Viktor Yuşşenkonun mövqelərini zəiflətməyə hesablanan bu qaz şantajı onunla nəticələnib ki, yanvarın 1-dən “Qazprom” Ukraynaya qaz nəqlini dayandırıb. Ardınca elan edib ki, Ukrayna öz ərazisindən Avropaya nəql edilən Rusiya qazını oğurlayır. Baş nazir Vladimir Putinin göstərişi ilə Ukrayna ərazisindən Avropaya qaz nəqli əvvəlcə kəskin azaldılıb, ardınca isə bütünlüklə kəsilib. Avropa Komissiyasının məlumatlarına görə, Slovakiya, Polşa, Sloveniya, Rumıniya və Almaniyada da qaz qıtlığı yaranıb. Günün ikinci yarısında Avstriyaya Rusiya qazının daxil olması bütünlüklə kəsilib. Hazırda Avstriyanın OMV şirkəti “Qazprom”la daimi təmasdadır. “Röyter” agentliyi Çexiya və Slovakiyaya da Rusiya qazının nəqlinin bütünlüklə dayandığını xəbər verib. Qazsız qalan Rumıniyada isə hökumət istlik stansiyalarının mazut rejiminə keçirilməsi üçün operativ qərargah yaradıb. Sənaye müəssisələrinə verilən qaz kəsilərək əhaliyə yönəldilir. Hökumət ölkədəki qaz ehtiyatlarının 10 günə bəs edəcəyini açıqlayıb. Digər Şərqi Avropa və Balkan ölkələri də əhalini donmaqdan xilas etmək üçün fövqəladə tədbirlər görürlər. ABŞ Dövlət Departamenti məsələyə ilk dəfə münasibət bildirərək yaranmış vəziyyəti yolverilməz adlandırıb. Dövlət Departamentinin rəsmisi Şon Makkormak bəyan edib ki, ABŞ Rusiya ilə Ukrayna arasında artan ziddiyyətlər üzündən qaz nəqlinin kəsilməsindən ciddi narahatdır: “Biz Avropaya qaz nəqlinin dayandırılmasını yolverilməz hesab edirik. ABŞ tərəflər arasında yanvarın 8-də danışıqların başlayacağını alqışlayır və mümkün qədər tez bir zamanda razılaşma əldə edilməsinə çağırır”. Makkormak bəyan edib ki, yaranmış vəziyyət Avropanın alternativ qaz mənbələrinə nə dərəcədə kritik ehtiyacının olduğunu göstərir. “The Financial Times” qəzetinin yazdığına görə, böhran o dərəcədə ciddidir ki, Avropa Birliyi hər iki tərəfə təzyiq göstərməyə başlayıb. Gözlənilir ki, bu təzyiq daha da güclənəcək. Hazırda Avropanın bir çox ağırçəkili diplomatlarının bu məsələ ilə məşğul olduğu bildirilir. Avropa Birliyinin energetika üzrə komissarı Andris Piebalgs “Amerikanın səsi”nə açıqlamasına deyib ki, vəziyyət həqiqətən də gərgindir: “Avropa ilk növbədə qaz təchizatının qəfil azaldılmasından narahatdır. Bizim insanlarımız qazsız qalıb. Qaz böhranı adi məsələ deyil. Bu, anlaşılmazlıq da deyil. Biz təmaslarımızı intensivləşdiririrk”. Avropa Birliyi bu mübahisə üzündən bəzi Avropa ölkələrinə qaz satışının əhəmiyyətli dərəcədə azaldılmasından hiddətlənib. AB dünən yaydığı bəyanatda son qaz mübahisəsini qəbuledilməz adlandırıb.Sənəddə deyilir ki, tərəflər dərhal danışıqlar masası arxasına əyləşməlidirlər və qaz təchizatı dərhal bərpa edilməlidir. Amma siyasi ekspertlər hətta yaranmış böhran şəraitində də dialoqların sakit tərzdə aparılacağından o qədər də nikbin deyillər. Ankarada yerləşən “Türksam” Siyasi Araşdırmalar Mərkəzinin başçısı Sinan Oğan isə qeyd edib ki, Ukrayna ilə Rusiya arasındakı qaz probleminə adi qaz böhranı kimi baxmaq düzgün deyil. Bu, sırf siyasi məsələdir. Oğan bəyan edib ki, problemin məğzi qərbmeylli Yuşşenko hökuməti ilə Ukraynaya nəzarətini bərpa etmək istəyən Rusiya arasındakı ixtilafdır: “Ona görə də bu böhranın qısa müddətdə həlli inandırıcı deyil”. Politoloq diqqəti buna yönəldib ki, yaranmış qaz böhranı Türkiyəni də narahat edir, belə ki, bu ölkəyə Rusiyadan 2 ayrı xətt üzrə qaz gəlir: Qara dənizin altından keçən və Ukrayna-Bolqarıstan marşrutu ilə. Sonuncu xətlə qazın nəqlini bu gün səhər kəsiblər. “Türkiyənin qış ayında bu qaza çox ehtiyacı var idi. Buna görə də Ankara alternativ vasitələr axtarışına başlayıb. Bir tərəfdən, Mavi Axınla qazın tədarükü artlırıldı, o biri yandan da İrandan gələn qazın artırılmasına qərar verildi. Amma hər il olduğu kimi, bu il də İranın özünün qış aylarında qaza tələbatı artıb. Türkiyənin başqa alternativi də var, bu da Azərbaycan qazıdır. Ankara Bakıdan əlavə olaraq ”Şahdəniz" qazının nəqlinin artırılmasını istəyəcək", - deyə ekspert vurğulayıb. Oğan habelə bildirib ki, son hadisələr Avropanın qaz konsepsiyasının düzgün olmadığını ortaya qoydu: “Avropa Birliyi vaxtında ”Nabukko"nu dəstəkləsəydi, indi Rusiyadan bu qədər asılı olmazdı. Avropa Birliyi sözdə “Nabukko”nu dəstəkləyir, amma ayrı-ayrı Avropa ölkələri Rusiya ilə yeni anlaşmalar imzalamaq üçün növbəyə düzülürlər". Ekspertə görə, Avropa Birliyi vaxt itirmədən özünün enerji təhlükəsizliyini yenidən müzakirəyə çıxarmalıdır. Əks halda, vəziyyət daha da pisləşəcək. Ukrayna prezidenti Viktor Yuşşenko isə Rusiya rəhbərliyinə müraciət edərək Ukrayna ərazisindən Avropaya qaz nəqlini dərhal bərpa etməyi tələb edib. “France Presse” agentliyiin məlumatına görə, bu tələb Yuşşenkonun dünən Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo və Rusiya prezidenti Dmitri Medvedyevə göndərdiyi məktubda səslənib. Yuşşenko bildirib ki, Moskva və Kiyev arasında yeni müqavilə imzalanana qədər qazın nəqlini 2008-ci il həcmində bərpa etmək lazımdır. Məlumatlara görə, Ukrayna tərəfi Rusiya ilə yeni qaz müqaviləsini imzalamaq üçün bəzi şərtlər irəli sürüb. Belə ki, yeni müqavilədə qazın min kubmetrinin qiyməti ən çoxu 250 dollar olmalıdır, eyni zamanda Rusiya qazının Ukrayna ərazisindən tranzit haqqı da artırılmalıdır. Fərhad MƏMMƏDOV 134 dəfə baxılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar