SON XƏBƏRLƏR

İSRAİL QƏZZAYA HUMANİTAR DƏHLİZ AÇMAĞA RAZILAŞDI

2021.10.20, 07:36
İSRAİL QƏZZAYA HUMANİTAR DƏHLİZ AÇMAĞA RAZILAŞDI

Gunaz.tv
İSRAİL QƏZZAYA HUMANİTAR DƏHLİZ AÇMAĞA RAZILAŞDI Fələstin ərazilərində hərbi əməliyyatların son mərhələsi hazırlanır İsrail hökuməti getdikcə artan beynəlxalq təzyiqlərdən sonra 12 gündür amansız bombardmanların davam etdiyi Qəzza zolağına humanitar dəhliz açmağa razılıq verib. Xəbərlərə görə, baş nazir Ehud Olmert hərbi qurumlara belə dəhlizin detallarını müəyyən etmək üçün göstəriş verib. Həmçinin İsrail Qəzza zolağında bombardmanları humanitar fəlakətlə üzləşən əhalinin ərzaq və dava-dərman yardımı ala bilməsi üçün gündə 3 saat dayandırmağa razılaşıb. Lakin Qəzza zolağında aralarında onlarla azyaşlı uşaq da olmaqla yüzlərlə dinc sakini qətlə yetirən İsrail “Həmas”la atəşkəs haqda çağırışları rədd edir. Bildirilir ki, İsrail hökuməti Qəzza zolağında hərbi əməliyyatların son mərhələsini müzakirə edir. Əməliyyatların son mərhələsinə dair planın hökumətin iclasında müzakirəyə çıxarılacağı xəbər verilir. Xarici KİV-lərin xəbərlərinə görə, İsrail əsgərləri və tankları iki gün əvvəl daxil olduqları Xan Yunis qaçqın qəsəbəsindən geri çəkiliblər. Hərbi qaynaqlar ötən sutka ərazisində Qəzza zolağında 40-dan çox adamın vurulduğunu, onlarla “Həmas” yaraqlısının öldürüldüyünü açıqlayıb. Lakin müstəqil mənbələr ölənlərin çoxunun dinc sakinlər olduğunu xəbər verir. Bir gün əvvəl İsrail tanklarından açılan atəşlər nəticəsində BMT məktəbi dağıdılıb, 40-dan çox azyaşlı uşaq və dinc sakin həlak olub. Təl-Əviv dinc insanların həlak olmasına görə bütün məsuliyyətin “Həmas”ın üzərində olduğunu bildirir. Hazırda eyni vaxtda bir neçə ölkə dərhal atəşkəsə nail olunması üçün intensiv diplomatik səylər göstərir. Məlumatlara görə, Misirlə “Həmas” rəhbərləri arasında atəşkəs planı üzərində danışıqlar davam edir. Atəşkəs planını Misir prezidenti Hüsnü Mübarəkə Fransa prezidenti Nikola Sarkozi təqdim edib. Fransa XİN-dəki qaynaqlardan isə məlum olub ki, “Həmas” atəşkəsə meyllidir, ancaq təşkilatda hesab edirlər ki, vasitəçi rolunu Türkiyə üzərinə götürsün. Türkiyənin İsrailin hərəkətlərini hazırda ən sərt şəkildə pisləyən ölkə olmasını nəzərə alaraq belə vasitəçiliyin baş tutması inandırıcı sayılmır. İsrail mətbuatı yazır ki, Türkiyə bu müharibədə “Həmas”ın tərəfində olduğunu aydın şəkildə göstərib. Bu arada Venesuela prezidenti Uqo Çaves Qəzza zolağında baş verənlərdən hiddətlənərək İsrailin ölkədəki səfirini və diplomatik missiyanın bütün əməkdaşlarını ölkədən qovmaq tapşırığı verib. Çaves deyib ki, İsrail ordusu Qəzzada heç bir günahı olmayan əzabkeş insanların üzərinə qorxaqcasına hücum edir. Onun fikrincə, İsrail xalqı öz hökumətlərinə etiraz etməlidir. Çaves Venesuelada yaşayan yəhudilərin də İsrailin hərəkətlərinə qarşı çıxmalı olduğunu deyib. Daha sonra məlum olub ki, İsrail də cavab olaraq Venesuela səfirini ölkədən çıxarır. Son məlumatlara görə, Qəzzada ölənlərin sayı 700-ü keçir, minlərlə ağır yaralı var. İsrail ordusunun itkiləri isə 7 nəfərdir. Günün sonunda yayılan xəbərlərə görə, İsrail, nəhayət, atəşkəs təkliflərini qəbul edib. Fransa prezidenti Nikola Sarkozinin iqamətgahından yayılan yazılı açıqlamada deyildiyinə görə, İsrail bir gün əvvəl təqdim edilən Fransa-Misir birgə atəşkəs planını qəbul etməyə razılaşıb. Açıqlamada atəşkəs planını Fələstin administrasiyasının da qəbul etdiyi bildirilir. Lakin “Həmas”ın məsələyə münasibəti məlum deyil. Planın tam məzmunu bilinməsə də bildirilir ki, Sarkozi-Mübarək planında hər iki tərəfin atəşi dayandırması, bölgəyə humanitar yardımların daxil olması üçün dəhliz yaradılması və digər məsələlər yer alır. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar