SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ ORDU AYAĞA QALXDI

2021.10.20, 07:36
TÜRKİYƏDƏ ORDU AYAĞA QALXDI

Gunaz.tv
08.01.2009 [15:48] Fontu böyüt: TÜRKİYƏDƏ ORDU AYAĞA QALXDI Silahlı qüvvələrin komandanları son “Ergenekon” həbslərindən sonra təcili toplandı Türkiyədə “Ergenekon” əməliyyatı çərçivəsində aralarında iki ordu generalı da daxil olmaqla 40-a yaxın adamın həsb edilməsi silahlı qüvvələri ayağa qaldırıb. Həbslərin ardınca silahlı qüvvələrin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ qoşun növlərinin komandanlarını təcili toplantıya çağırıb. Yanvarın 7-də axşam Baş Qərargahda başlayan toplantı 6 saat yarımdan çox çəkib. Toplantıdan sonra mətbuata heç bir açıqlama verilməyib. Toplantıya quru qoşunlarının komandanı, ordu generalı İşık Koşaner, hava qüvvələrinin komandanı, ordu generalı Aydoğan Babaoğlu, jandarma qüvvələrinin baş komandanı, ordu generalı Atilla İşık, Baş Qərargah rəisinin birinci müavini, ordu generalı Həsən İğsız qatılıblar. Ankara xaricində olan dəniz qüvvələrinin komandanı, ordu admiralı Müzəffər Metin isə toplantıda iştirak etməyib. Toplantının davam etdiyi sıralarda qoşun növlərinin komandanlarının xanımları həbs edilən istefadakı ordu generalı, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Tuncer Kılıcın evinə baş çəkərək onun xanımına dəstək veriblər. Bu ziyarətdə İlkər Başbuğun xanımı Sevil Başbuğ da iştirak edib. *** Xəbər verildiyi kimi, əvvəlki kimi səhərin ilk saatlarında başlayan “Ergenekon” həbslərinin son dalğasında istefada olan ordu generalı Tuncer Kılıcla yanaşı Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun keçmiş komandanı, istefada olan ordu generalı Kamal Yavuz və Baş Qərargahın keçmiş hüquq müşaviri Erdal Şenel, habelə bir neçə istefada olan polkovnik, aşağı rütbəli zabit, tanınmış alim Bədrəddin Dalan, yazıçı Yalçın Kiçik, xüsusi təyinatlı polis qüvvələrinin keçmiş komandanı, PKK-ya qarşı amansız mübarizə aparmış İbrahim Şahin və digərləri həbs ediliblər. Vaxtilə baş nazir Rəcəb Tayyib Ərdoğan, prezident Abdullah Gül və və digər AKP-çilərin rəhbərliyində yer aldığı islamçı “Rifah” və “Fəzilət” partiyalarının bağlanması haqda Konstitusiya Məhkəməsində iddia qaldıran keçmiş cümhuriyyət baş prokuroru Sabih Kanadoğlunun da evində “şübhəli şəxs” qismində 5 saatdan çox axtarış aparılıb, əvvəlcə onun həbs edildiyi haqda xəbərlər yayılsa da, sonradan məlum olub ki, Kanadoğlu hələlik “şübhəli şəxs” kimi azadlıqda qalır. Həbslər “Ergenekon” işini aparan İstanbul cümhuriyyət prokuroru, Fətullah Gülən təriqətinə bağlı olduğu deyilən Zəkəriyyə Özün məxfi təlimatı əsasında aparılıb. Əməliyyatı keçirən antiterror polisinin komandirlərinə həbs olunacaq şəxslərin adları və ünvanları yer alan zərflər son anda verilib. *** Bundan əvvəlki əməliyatlarda da aralarında iki ordu generalı da daxil olmaqla bir neçə general və çoxlu sayda keçmiş ordu mənsubu həbs edilsə də, silahlı qüvvələrin komandanlığı baş verənlərə təmkinlə yanaşırdı. Lakin belə görünür ki, “Ergenekon” əməliyyatını təşkil edənlərin əsl məqsədinin silahlı qüvvələri nüfuzdan salmaq, dünyəvi dövlətin təminatçısı rolunda olan digər qurumları sarsıtmaq və nəhayət, ölkədə dini rejim qurmaq olduğunu görən Baş Qərargah vəziyyətin kifayət qədər ciddiləşdiyini görərək fövqəladə toplantı keçirib. Xəbərlərə görə, İlkər Başbuğ əvvəlcə Baş Qərargahın hüquq müşavirləri ilə məsləhətləşmələr aparıb. Belə görünür ki, polis və prokurorluq Milli Təhlükəsizlik Şurasının keçmiş katibi kimi dövlətdə mühüm post tutmuş ordu generalının və digərlərinin həbs ediləcəyi haqda Baş Qərargahı məlumatlandırmayıb. Xəbərlərə görə, Baş Qərargah dünənki həftəlik brifinqini təxirə saldığını elan edib. Həmçinin jandarma qüvvələrinin komandanı Atilla İşıkın Trabzon və Giresun bölgələrinə planlaşdırılan səfəri təxirə salınıb. Bu qərarın “Ergenekon” həbsləri ilə bağlı Baş Qərargahda keçirilən toplantı ilə bağlı olduğu bildirilir. Dünən həmçinin Baş Qərargah rəisi İlkər Başbuğun prezident Abdullah Güllə görüşmək üçün Çankaya sarayına gedəcəyi gözlənilirdi. Bu görüş cari xarakter daşıyır və əvvəlcədən nəzərdə tutulub, lakin gözlənilirdi ki, Başbuğ son həbslərlə bağlı silahlı qüvvələrin mövqeyini Gülə çatdıracaq. *** Yerli mətbuatın yazdığına keçmiş baş prokuror Sabih Kanadoğlunun evində axtarış aparan polislər onunla birlikdə jurnalistlərin qarşısına çıxıblar. “Sizə zərər verdikmi?” deyə polislər soruşub. Kanadoğlu isə “maddi ziyanım yoxdur, amma mənəvi ziyanım böyükdür” deyə cavab verib. Kanadoğlu bildirib ki, Türkiyə heç bir vaxt dinçi diktaturanın və ya başqa tip diktaturaların yerləşməyəcəyi azad ölkə kimi qalacaq: “Mən bu ölkədə 50 ildir ki, qanunun aliliyi uğrunda mübarizə aparıram. Ataürk milliyyətçiliyi və Türkiyənin bölünməz bütünlüyünə, dünyəviliyə yönələn hücumlar qarşısında mübarizəmə qorxmadan davam edəcəyəm”. Kanadoğlu deyib ki, onun evində axtarış aparılmasına dair verilən sanksiyada “Ergenekon” mənsubu olması və bəzi terror hadisələrinin planlaşdırıcısı ola biləcəyi göstərilir. Onun bildirdiyinə görə, axtarış zamanı müxtəlif toplantılarda etdiyi çıxışların yazıldığı CD-lər, o cümlədən məşhur şair Fazil Saya aid CD-ni götürüblər. *** Həbslərə müxalifətdən ən sərt reaksiyanı CHP başqanı Dəniz Baykal verib. O bəyan edib ki, baş verənlər siyasi intiqamı xatırladır: “Bu şəxsi intiqam deyil, cümhuriyyətdən intiqam almaqdır, cümhuriyyəti müdafiə edənlərə göz dağı verməkdir”. Baykal millət vəkili kimi toxunulmazlıq statusunun olmayacağı halda özünün də həbs edilə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, heç bir demokratiyada, hüquq dövlətində bu cür mənzərələrin ortaya çıxması mümkün deyil: “Ancaq rejim dəyişikliyi yaşanan ölkələrdə belə hadisələr müşahidə edilə bilər. Məsələn, İranda Xomeynidən əvvəl və sonra buna bənzər şeylər olurdu. Almaniyada Hitlerin hakimiyyətə gəlişindən əvvəl və sonra da Türkiyədə baş verənlərin bənzərlərini görmək mümkün idi”. Baykala görə bu həbslərin və siyasi hesablaşmanın arxasında iqtidar var. Cəmiyyətdə hörməti olan, dövlətdə mühüm postlar tutmuş adamlar terroçu, mafioz kimi qələmə verilir. Hazırda ABŞ-da olduğu üçün həbs edilməyən professor Bədrəddin Dalan isə “Hürriyət” qəzetinə açıqlamasında deyib ki, qətiyyən qaçmaq və ya gizlənmək fikrində deyil. O, xanımının xəstəliyi ilə bağlı ABŞ-da olduğunu, iki həftəyə Türkiyəyə dönəcəyini açıqlayıb. Dalan “Ergenekon” liderlərindən biri kimi göstərilən general Vəli Kiçiklə cəmi bir dəfə görüşdüyünü, başqa heç bir əlaqələrinin olmadığını, onun haqqında irəli sürülən iddiaların heç birinin doğru olmadığını deyib. Xatırladaq ki, Dalanı evində tapmayan polislər onun kiçik oğlunu həbs ediblər. Başqa bir məlumata görə, son həbslərə Türkiyədə dünyəvi dövlətin təminatçılarından sayılan qurumlarından biri-Yarğıtayı da narahat edib. Bu qurumun dünən növbədənkənar toplantı keçirdiyi bildirilir. İstanbul Vəkillər Kollegiyası da həbsləri kəskin tənqid edərək şübhəli hesab edilən şəxslərin prosessual hüquqlarının kobud şəkildə pozulduğunu, “Ergenekon” məhkəməsinin həbsxanada keçirilməsinin ədalətli olmadığını, ittiham edilənlərə özlərini müdafiə etmək üçün kifayət qədər imkan yaradılmadığını bəyan edib. Qeyd edək ki, “Ergenekon” həbslərinin ilk dalğası 2007-ci ilin iyununda İstanbulda gecəqondulardan birində bir neçə əl qumbarası tapılması ilə başlayıb. O vaxtdan 9 həbs dalğası olub və hər dəfə çoxlu sayda tanınmış ictimai xadimlər, istefada olan yüksək rütbəli zabitlər, jurnalistlər, yazarlar və alimlər həbs olunublar. Birmənalı olaraq həsb edilənlərin hamısı bu və ya başqa şəkildə AKP iqtidarına, siyasi islama və nurçuluq təriqətinə qarşı çıxmış adamlardır. F.MƏMMƏDOV 568 dəfə baxılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar