SON XƏBƏRLƏR

AZƏRBAYCAN ZİYALILARI QƏZZADAKI GƏRGİNLİKDƏ KİMİ GÜNAHLANDIRIR?

2021.10.20, 07:36
AZƏRBAYCAN ZİYALILARI QƏZZADAKI GƏRGİNLİKDƏ KİMİ GÜNAHLANDIRIR?

Gunaz.tv
AZƏRBAYCAN ZİYALILARI QƏZZADAKI GƏRGİNLİKDƏ KİMİ GÜNAHLANDIRIR? 2009-01-07 - 18:49:00 İsrail ötən il 2008-ci il dekabrın 27-dən Fələstinin Qəzza bölgəsində total hərbi əməliyyatlar aparır. Yanvarın 7-nə olan məlumata görə, əməliyyatlarda 660 fələstinli həlak olub. İsrail ordusunun da müəyyən itkiləri var. Qəzzadakı əməliyyatları İsrail bölgəni nəzarətdə saxlayan «Həmas»ın son 8 ildə İsrailə endirdiyi raket və bomba zərbələriylə bağlayır. İsrailin Azərbaycandakı səfiri Artur Lenk yanvarın 5-də jurnalistlərlə söhbətində «Həmas»ı və ona dəstək verən bəzi qüvvələri, eləcə də İran İslam Respublikasını İsrail dövlətinin mövcudluğunu rədd etməkdə günahlandırıb. O deyib ki, 2005-ci ildə İsrail Qəzzanı fələstinlilərin hakimiyyəti seçəcəyi və dinc həyata başlayacağı ümidi ilə tərk edib: «Lakin ötən dövrdən iqtisadiyyatın inkişafı və təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilməyib. Əksinə, vaxt silah alınması, hərbi gücün artırılması və İsrail ərazisinin atəşə tutulmasına sərf olunub». Ancaq hadisələrin başqa yozumu var. Bəzi ölkələr eləcə də İran İsraili dinc əhalini hədəfə almaqda günahlandırır. Ali dini lider Seyid Əli Xamneyi hələ ötən il dekabrın 29-da bəyanatla çıxış edərək Qəzzaya hücumlarda yüzlərlə insanın qətlə yetirilməsinin İsrailin əsl simasını üzə çıxardığını söyləyib: «Bu tükürpədici hadisənin müsibəti dünyanın istənilən nöqtəsindəki hər bir vicdanlı və şərəfli insan üçün çox təsiredici və sarsıdıcı olub. Bundan daha böyük müsibət isə bəzi ərəb ölkələri və müsəlmanlıq iddiasında olanların susmasıdır». Bəyanatda ABŞ və Avropa ölkələri də tənqid olunub, onların islam və müsəlmanlarla ziddiyyət cəbhəsində olduqları bildirilib. Qəzza hadisələri Azərbaycanda da reaksiyalar doğurur. Yanvarın 2-də paytaxt Bakıda İsrailin hərbi əməliyyatlarına etiraz olaraq etiraz aksiyası keçirilib. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlunun yaydığı məlumata görə, polisin saxladığı dindarlardan 25 nəfərinə 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Yanvarın 5-də Bakının Nardaran qəsəbəsində keçirilən aksiyada İsrailin, habelə bu dövləti dəstəkləyən BMT və NATO üzvü olan dövlətlərin əleyhinə şüarlar səsləndirilib, İsrail və ABŞ-ın bayraqlarını yandırılıb. Aksiyada çıxış edənlər rəsmi İsraildən hərbi əməliyyatları dərhal dayandırmağı, Qəzzadan çıxmağı tələb ediblər. Yanvarın 6-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də İsrailə qarşı etiraz aksiyası keçirilib. Həmin gün jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qəzzada törədilən qırğına münasibət bildirərək İslam Konfransı Təşkilatına müraciət edəcəyini deyib: «Biz İKT-nin növbədənkənar konfransının keçirilməsinə və İsrailin hərəkətlərini birmənalı pisləyən qərar çıxarmasına nail olsaq, bu, hərbi təcavüzü durdura bilər». A.Paşazadə deyib ki, Qəzzada baş verən proseslər daha çox İranın əleyhinə yönəlmiş kimi görünür: «Qəzzaya hücumla bəzi dövlətlər İranın öz siyasi müvazinətini itirərək səhvə yol verməsinə, bununla da ölkəyə hücum fürsəti əldə etməyə çalışırlar. İndi dünyada şiə cəmiyyətinin qəddar olması obrazı yaradılır və bu siyasət bir sıra müsəlman dövlətlərinə də sərf edir». Mövqelər fərqlidir. Bəs «Media forum» saytının «Qəzza hadisələrində son gərginliyini günahı kimdədir» sualını cavablayan şəxslər nə düşünür? Ayaz Salayev, kinorejissor: - Bu hadisələrdə günahkar axtarmaq lazım deyil. Hadisələri dörd min illik insaniyyət tarixi və bu tarixdə yahudi millətinin rolu kontekstində düşünmək lazımdir. Yəhudi millətinin dünya sivilizasiyası genişatında unikal rolu hələ açılmayıb. Tarix bizə göstərir ki, hər zaman qurban dönüb cəllad, cəllad da qurban ola bilər. Yəni bu hadisələrin kökundə tarixi hadisələr dayanır. Əgər biz öz marağımıza əsaslansaq, yəhudiləri dəstəkləməliyik. Vaqif Səmədoğlu, şair: - Sualı çox ritorik qoymusunuz... Mən ilk növbədə günahı «Həmas» və «Hizbullah»da görürəm. Çox təəssüflənirəm ki, dinc əhalidən də ölənlər var. Xüsusilə də uşaqların ölümü adamı ağrıdır. İsrailin hərəkətləri «Həmas»ın hər gün davam edən raket atəşlərinə cavabdır. Cavabın adekvat olub-olmamasından söhbət gedə bilər. Təəssüf ki, yəhudi kimi ağıllı xalq elə bir raket icad etməyib ki, dinc əhali ilə terrorçunu ayıra bilsin. Yenə də çox təəssüf edirəm ki, dinc əhali, həm o tərəfdən, həm bu tərəfdən uşaqlar həlak olur. İsrail bizim müttəfiqimiz olmasa da, Azərbaycanı dəstəkləyən, bizə yaxın ölkədir. Unutmayaq ki, İsrailin parlamenti olan Knessetdə hər dəfə «erməni soyqırımı» məsələsini Fələstindən olan deputatlar qaldırır. Nəriman Əbdülrəhmanlı, yazıçı-publisist: - Mənə elə gəlir ki, bütün günah İsraildədir. İsrail ən adi insani hüdudları da aşır. Qəzzada öldürülənlərin 99 faizi dinc əhali, qadınlar, uşaqlardır. Bu da çox yolverilməzdir. Əkrəm Əylisli, yazıçı: - Çox təəssüf edirəm ki, 21-ci əsr də insanın təhlükəsizliyinə təminat verə bilmədi. Əksinə, 21-ci əsrdə insanların təhlükəsizliyi bir qədər də artıq sınaqlar qarşısında qaldı. Dünya bu qəbildən olan sınaqlar içərisindədir. İsraildəki hadisələr də dünyanın çağdaş problemlərinin yalnız bir hissəsidir. Mən bu məsələdə İsraili günahlandıra bilmirəm. Çünki bu, bir tərəfdən terrorçuluqdur. Yəni mənim elə bir mənəvi, siyasi haqqım yoxdur ki, «Həmas»ı sülhsevər, vətənsevər, maarifpərvər bir təşkilat kimi tanıyam. Bu təşkilat əzəldən terrorla məşğul olub. Söz yox ki, İsrail bu dəfə başladığı müharibəni böyük zalımlıqlarla həyata keçirir, dinc adamlara böyük zülümlər olur. Mən əlbəttə, bunu hiss edirəm ki, bu zülm İraq xalqının başına da gətirilir, eyni zamanda Qafqazda bizim başımıza gətirilib. Ona görə də çox təəssüf edirəm ki, dünyada onu hər hansı fəlakətdən hifz edə bilən siyasi xadim - De Qoll, Mahatma Qandi, Cəvahirəl Nehru, Franklin Ruzvelt səviyyəsində şəxsiyyətlər yoxdur. Dünyada kim nə istəyir onu da edir, bu da insanları qəzəbləndirir, insanlarda neqativ enerjini bir az da çoxaldır, dünyanı sıxıntılar qarşısında qoyur. Son hadisələrdən sonra belə qənaətə gəlmişəm ki, dünya doğrudan da çox kiçikmiş. Dünyanın bir yerində alov qalxanda o biri yerində tüstüdən boğulmaq mümkünmüş. Arzu edərdim ki, bütün bu fəlakətləri kompleks halında dünya siyasətçiləri bir araya gəlib həll edəydi. Uğurlu Fəxri, yazıçı-publisist: - Qəzzada yaşananlara səbəb yox, nəticə kimi baxmaq lazımdır. Bu münaqişənin mahiyyəti nə Fələstin, nə də İsrail torpağındadır. Səbəbi bu torpaqlardan çox-çox uzaqda, özü də konkret bir dövlətdə və ya millətdə yox, dünya güclərinin davranışında axtarmaq lazımdır. Problemin bu qədər dərinləşməsi dünya güclərinin çirkin mübarizəsinin nəticəsidir. Fərhad Bədəlbəyli, bəstəkar: - Böyük məsuliyyət «Həmas»ın üstündədir, faktiki təxribatla məşğul olub İsraili qıcıqlandırırdı. Onun yetərincə güc toplamadan belə böyük münaqişəyə girməsi faciəyə gətirdi. Ancaq İsraili də heç dəstəkləmək olmur, ən azı uşaqlar, qadınlar, dinc əhali günahsızdır. Amerika da səsini çıxarmır və dolaysı ilə İsraili dəstəkləyir. Bütün müsəlman ölkələri buna etiraz bildirməlidir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar