SON XƏBƏRLƏR

DÖVLƏT QƏZETİ HƏCC ZİYARƏTİNİN TƏŞKİLİNİ KƏSKİN TƏNQİD EDİB: «KAMBOCA BAYRAĞI ALTINDA DAYANMAĞIMIZ MƏNƏVİ ƏZAB VERİRDİ»

2021.10.20, 07:36
DÖVLƏT QƏZETİ HƏCC ZİYARƏTİNİN TƏŞKİLİNİ KƏSKİN TƏNQİD EDİB: «KAMBOCA BAYRAĞI ALTINDA DAYANMAĞIMIZ MƏNƏVİ ƏZAB VERİRDİ»

Gunaz.tv
DÖVLƏT QƏZETİ HƏCC ZİYARƏTİNİN TƏŞKİLİNİ KƏSKİN TƏNQİD EDİB: «KAMBOCA BAYRAĞI ALTINDA DAYANMAĞIMIZ MƏNƏVİ ƏZAB VERİRDİ» 2009-01-08 - 11:14:00 Rəsmi dövlət qəzəti «Azərbaycan» 8 yanvar sayında ölkə zəvvarlarının həcc ziyarətinin təşkilini kəskin tənqid edib. Qəzetin əməkdaşı Flora Xəlilzadə həcc ziyarətindən təəssüratlarını qələmə aldığı «İnsani kamilliyə aparan yol» yazısında (məqalənin əvvəlki bölümləri 6 və 7 yanvar saylarında dərc olunub) qeyd edir ki, Mina düzündə prezident İlham Əliyevin adından zəvvarlara gündə üç dəfə ehsan verilib: «Yoxsa isti xörəyin nə olduğunu az qala unutmuşduq. Bu ziyarətdə ən çox savabı da elə ölkə başçısı qazandı». Məqalənin «Yazmamaq olmur» yarımbaşlığı ilə verilmiş hissəsində müəllif yazır: «Təəssüf ki, hələ Bakıdan Səudiyyə Ərəbistanına yola düşməmişdən öncə hava limanında ilk çətinliklə üzləşdik. Müəyyən edilmiş vaxtda - günorta saat 15.00-da orada olduq. Biletləri payladılar. Bir neçə saatdan sonra yola düşəcəyimizi desələr də, bizi gözləmə salonuna buraxmadılar. Nəhayət, axşam saat 22.00-da bildirdilər ki, evə qayıdaq və gecə saat 2-də yenidən hava limanına dönək. Yorğunluq, yollardakı tıxaclar hələlik heç kəsin eyninə gəlmirdi. Yəni belə hadisələrin olması təbii sayılırdı. Gecə saat 2-də yenidən hava limanına gəldik. Bildirdilər ki, bir daha evinizə dönün, sübh tezdən saat 6.00-da gələrsiniz. Nə isə... Bura xarici ölkə deyil ki?! Doğma vətənimizdir. Döyməyə o qədər qapı, qalmağa o qədər yer var ki... Nəhayət, deyilən vaxtda hava limanında olduq və xoşbəxtlikdən, bir neçə saatdan sonra təyyarəmiz havaya qalxdı. Yadımıza Zeynəb Xanlarovanın oxuduğu məşhur mahnı düşdü: «Dünyanın xoşbəxti bizik dünyada». Və nəhayət, gözəl Mədinə! Nisbətən normal otelə düşdük. Dörd-dörd ikinəfərlik nömrələrdə yerləşdik. Əlavə çarpayılar qoyulmuşdu. Səfər pulu (təyyarə ilə) 3500 manat idi. Deyilənə görə, bu məbləğə yalnız təyyarənin və otelin qiymətləri daxil edilmişdi. Bu səbəbdən də zəvvarların qidalanması ancaq öz hesablarına idi. Doğrudur, bu yolu bir neçə dəfə gəlib-getmiş təcrübəli zəvvarlar çox şeyi əvvəlcədən dürüst hesablamışdılar. Xam zəvvarlar - bizlər isə Allah ümidinə qalmışdıq. Hətta bu hesablama o qədər düzgün aparılmışdı ki, Bakıda bir neçə dəfə hava limanına ayaq döysək də, o zəvvarları yalnız təyyarədə gördük. Zəvvarların tərkibi barədə danışmaq istəməzdik. Savadlısı da ola bilər, dünyagörüşü zəif olan da, tamamilə hər şeydən bixəbər də. Amma gərəkdir ki, yola düşməmişdən əvvəl bütün zəvvarlar bəzi məsələlərdən dəqiq agah edilib təlimat alsınlar. Yola düşməzdən əvvəl insanları çağırıb bir-iki əməli başa salmaqla iş bitmir. Təyyarəyə adicə qeydiyyatdan keçməkdən, minmək qaydasından tutmuş növbəyə dayanmağadək hər şeyi dərindən anlatmaq, başa salmaq lazım idi. Yəni ki: «Sən yad ölkədəsən. Ora başqa yerlərdən yüzlərlə zəvvar gələcək. Hər bir zəvvar öz ölkəsinin göstəricisidir. Danışıq mədəniyyətinlə, rəftarınla seçilməlisən. Yoldaşlarınla munis münasibətdə olmalısan. Basabas salmamalısan, bir-birinə kömək durmalısan». Bütün bunlar əvvəlcədən deyilməlidir. Daha təyyarə limanında, avtobus dayanacağında qrup rəhbərləri səsyayanla qışqırmalı deyildilər ki, ay kişilər, qadınlara yol verin, ay analar, ay bacılar, sıraya düzülün və s. Bəlkə də bu iradlar çox xırda görünür. Amma adam xəcalət çəkir. Mədinə hava limanında polis qadın (təbii ki, üzü örtülü, dini geyimdə) bizim zəvvarlardan birini yoxlayarkən hacı xanımın onu necə zərblə itələdiyinin şahidi oldum. Başa salmaq istəyəndə də «aaz, sənə nə var» söylədi. Qeydiyyatdan keçə bilməmək eyib deyil. Amma yoldaşından öyrənmək mümkündür. Deyilən düz sözü eşitməmək könteylikdir. Hər bir kəs təkcə öz şəxsi gigiyenasına yox, həm də ətrafa diqqətlə yanaşmalı, səliqə-sahmanı, təmizliyi qorumalıdır. Belə səhvlər gələcəkdə, yəqin ki, düzələcək». Müəllif Bakıya qayıdarkən üzləşdiklərini də qeyd edib: «Ciddə aeroportu çox nəhəngdir. Xüsusi çadırlarla əhatə olunmuş gözləmə yerlərində hər bir ölkənin bayrağı dalğalanırdı. Zəvvarlar məhz bu bayraqlardan öz yerlərini tanıyır, rahatca həmin istiqamətə gedirdilər. Türkiyənin bayrağını və orada dincələn türkiyəli zəvvarları görəndə nə qədər qürur hissi keçirdiksə, hava limanında Azərbaycanın bayrağının olmaması və bizim güclü müqavimətdən sonra, nəhayət, Kamboca bayrağı altında dayanmağımız hamımıza mənəvi əzab verirdi. Biletlər paylandı. Məlum oldu ki, təyyarəmiz 15.30-da qalxmalıdır. Axşam düşdü, şər qovuşdu, gecə yarı oldu. Hərə bir təyyarəyə minib ölkəsinə getdi. Biz isə Ciddə hava limanında metlaxın üstündə, dəmir oturacaqlarda (bu da çatışmır) əyləşərək bəxtin üzümüzə gülməsini - təyyarənin Bakıdan qayıtmasını gözləyirdik. Oradan paytaxtımıza zəng edirdik. Ciddədən Bakıya təyyarə gəlibmi? Cavab: yarım saatdır enib, iki saat ərzində qalxmalıdır. Bəli, üç saat yarım da yol. Geriyə dönməyə yer yox, cibdə də pul! Bəzən deyirlər ki, həcc yolunda əziyyət çəkərlər. Elədir. Amma bu əsas vermir ki, insan insana qəsdən zülm versin, əziyyətə salsın, əsəbləri ilə oynasın! Zəvvarların arasındakı yaşlı insanların dözməyərək quru yerdə - daş üzərində uzanmağını görəndə hansı hisslər keçirdiyimizi ifadə etmək çətindir. Bu iş qəflətən alınmayıb ki, deyəsən tələsik olub. Nəyə görə zəvvarları daşımaq üçün yalnız bir təyyarə kirayə edilir? Harada məsuliyyətsiz şirkət və onun da sınıq-salxaq təyyarəsi varsa, Azərbaycan zəvvarlarına da o xidmət edir! Türkiyəyə, Pakistana, İndoneziyaya və digər ölkələrə uçan təyyarələrə baxanda ürəyimiz qan ağlayırdı və onların bu səfər üçün ödədikləri pulla maraqlananda lap dəhşətə gəldik. Bizimlə müqayisədə az idi. 3500 manat pul beş-on gün qaldığımız, heç bir xidmət göstərməyən ucuz otellərin və sınıq-salxaq təyyarənin qiymətidirmi? Min arzu, min diləklə ziyarətə gəlmiş, hacılıq şərəfinə yüksəlmiş azərbaycanlı zəvvarların Ciddə hava limanında çəkdiklərini Allah heç kəsə qismət etməsin. Səhər saat 6.00-da yüklərin qeydiyyatı başladı. Sərnişinlər isə günorta saat 12.00-dan sonra qeydiyyatdan keçərək, nəhayət ki, gözləmə salonuna daxil oldular. Bu «şərəf»ə nail olana qədər bütün terminalları dolaşmalı oldular. Hərəsinin də qarşısında saatlarla dayandıqdan sonra dedilər ki, o biri terminala keçin. Yuxusuz, yorğun, xəstələnmiş insanların o yana-bu yana qaçışı, bəzən də əsəbi halda deyinməsi aldığımız mənəvi qidaya bir acılıq qatırdı. Nə idi bu insanların günahı? Niyə bu şərafəti, gözəlliyi onların burunlarından gətirirdilər? Quranı əzbər bilənlər, namaz qılanlar, ağzı dualı insanlar bu cür münasibət müqabilində nə edəcəklərini bilmirdilər. Təki təyyarə gələydi... Qəfildən xəbər gəldi ki, təyyarənin yük qapısı xarab olub və bu sözləri sonradan Bakıda keçirilən mətbuat konfransında da eşitdik. Qardaşım, bunun zəvvara nə dəxli var? Əgər bir təyyarə aramsız o başa-bu başa qanadlanırsa, onun işçiləri dincəlməli, yatmalı, rahatlıq tapmalı, sonra havaya qalxmalıdırlar. Onlar da bizim kimi Azərbaycan zəvvarı deyil ki, «durun, oturun» çağırışına dərhal əməl etsinlər. Təyyarənin təkəri də xarab olar, qanadı da sınar. Amma hər il həcc ziyarətindən sonra zəvvarların şikayətləri eşidilir. Bəyəm bu işi nizamla yoluna qoymaq olmaz? Heç bir cəhətdən Azərbaycanla müqayisəyə gələ bilməyən ölkələr var ki, onların nümayəndələrinin qarşılanmasına, aparılmasına, səliqə-sahmanlarına, eyni rəngli çantalarına, paltarlarına, hər yerdə dalğalanan bayraqlarına, havaya qanadlanan təyyarələrinə baxanda xəcalət çəkirdik. Məkkədə üç oteldə guya dövlət bayrağımızın şəkli vurulmuşdu. Amma bayrağın rənglərinin seçilməsinə düzgün əməl edilməmişdi. Mavi rəngin yerini tünd göy tutmuşdu. Hətta bəzi yerlərdə rəng qaraya çalırdı». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar