SON XƏBƏRLƏR

ŞAHZADƏ ENDRYÜ, PREZİDENT ƏLİYEV VƏ BBC

2021.10.20, 07:36
ŞAHZADƏ ENDRYÜ, PREZİDENT ƏLİYEV VƏ BBC

Gunaz.tv
ŞAHZADƏ ENDRYÜ, PREZİDENT ƏLİYEV VƏ BBC Britaniyanın “The Daily Mail” qəzeti York hersoqunu və Azərbaycan hakimiyyətini kəskin tənqid edib Britaniyanın “The Daily Mail” qəzeti xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı Azərbaycan hakimiyyətini kəskin tənqid edib. Lakin məqalədə tənqid hədəfi təkcə Azərbaycan hökuməti deyil, həmçinin 2005-ci ildən bu yana Bakıya müəmmalı səfərlər edən kral ailəsinin üzvü, York hersoqu, şahzadə Endryüdür. Qəzet onun Bakıya qaranlıq səfərləri ilə BBC radiostansiyasının yayımının dayandırılması arasında müəyyən əlaqə görür. Məqalədə deyilir ki, neftlə zəngin ölkəyə başçılıq edən İlham Əliyev York hersoqu ilə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənən dostluğu BBC-nin yayımını dayandırmaqla “mükafatlandırıb”. “Yorq hersoqu təkcə ötən yeddi ay ərzində Azərbaycana iki ”özəl" səfər edib. Həmçinin 2005, 2006 və 2007-ci illərdə də Bakıda olub. Bu, kral ailəsinin istənilən üzvü üçün hansısa ölkəyə edilən təəccüblü sayda çox səfərdir. Bütün hallarda o, prezident İlham Əliyev tərəfindən qəbul edilib. Hansı ki, onun hökuməti insan haqlarını pozduğuna, müxalifəti sıxdığına və söz azadlığını boğduğuna görə geniş tənqid olunur. Azərbaycanın dövlət KİV-ləri bir qayda olaraq şahzadənin haqqında “əziz qonaq” kimi bəhs edir. Dövlət KİV-lərinin senzuradan keçən məhdud xəbərlərində şahzadənin Bakıya son səfərinin Britaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafına xidmət etdiyi haqda bəhs edilir. Lakin nə kral sarayı, nə də Xarici İşlər Nazirliyi Endryünün səfərlərinin məqsədi, həmçinin onun marşrutu haqda açıqlama vermək istəmir". Qəzet yazır ki, şahzadə Endryünün Britaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafına çalışdığı deyilsə də, onun dostu olan prezident İlham Əliyev BBC-nin yayımının dayandırılmasına göstəriş verib. Həmçinin “Amerikanın səsi” və “Azadlıq” radiostansiyasının da yayımları dayandırılıb. ABŞ Dövlət Departamenti bəyan edib ki, bu qərar Azərbaycanda söz azadlığına ciddi zərbə olacaq və demokratik islahatların qarşısını alacaq. “Lakin bu qərara Britaniya XİN-in münasibəti məlum deyil. Ölkənin neft şirkətləri Azərbaycanda iri layihələrdə işləyir. Yalnız BBC korporasiyası qadağanı tənqid edərək bu addımın yüz minlərlə dinləyicini obyektiv xəbər almaq imkanından məhrum etdiyini bildirib. Korporasiya bəyan edib ki, alternativ vasitələrlə Azərbaycanda yayımı davam etdirməyə çalışacaq. BBC-nin yayımının dayandırılması Əliyev hakimiyyətinin müstəqil KİV-lərə qarşı siyasətinin bir hissəsidir. O, 48 yaşlı şahzadə Endryüdən cəmi 1 yaş kiçikdir. Dekabrda konstitusiyaya təklif edilən düzəlişlərə görə prezident Əliyev dəfələrlə bu vəzifəyə seçilə bilər. Ötən ilin iyun və noyabr aylarında şahzadə Bakıya xidməti təyyarəsində qeyri-rəsmi səfər edib”. Qəzet yazır ki, Bakıdakı Britaniya səfirliyi bu səfərin “şəxsi” xarakter daşıdığını bildirərək Endryünün səfərləri ilə bağlı şərh verməkdən imtina edib. Lakin səfirlik bu “şəxsi” səfərlərdə nədən Endryüyüə təşkilati kömək göstərildiyini izah etməyib. “Ümumiyyətlə ”şəxsi" səfərlər kral ailəsinin üzvləri üçün qeyri-adidir. Endryününü hər iki səfərində Britaniyanın Bakıdakı səfiri Karolayn Braun onunla birlikdə hava limanında görünüb. Lakin maraqlıdır ki, səfirlik müəmmalı şəkildə hətta bu faktı da etiraf etmək istəmir. Baxmayaraq ki, belə səfərlərdə Britaniya vergi ödəyicilərinin pulları sərf olunur. Ən azı belə səfərlərdən birində ekologiya və təbi sərvətlər naziri Hüseynqulu Bağırov da şahzadəni aeroportda qarşılayıb. Bakıdakı səfirliyin nümayəndəsi deyib ki, onlar kral ailəsinin üzvlərinin “şəxsi” səfərlərini şərh edə bilməz. Ötən il şahzadə prezident Əliyevlə Davos forumu zamanı da görüşüb. BBC-yə və digər xarici radiostansiyalara qarşı hərəkət isə Britaniya XİN-in Azərbaycanda demokratiyanın inkişafı yönündə göstərdiyi səylərə açıq-aşkar zərbədir. Yəqin ki, şahzadənin Bakıya səfərləri davam etsə, tənqidlər artacaq. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar