SON XƏBƏRLƏR

GƏNCƏDƏ ANTİ-İSRAİL AKSİYASI

2021.10.20, 07:36
GƏNCƏDƏ ANTİ-İSRAİL AKSİYASI

Gunaz.tv
GƏNCƏDƏ ANTİ-İSRAİL AKSİYASI Minlərlə azərbaycanlı Fələstin qətliamını pisləmək üçün küçələrə çıxdı Yerli hakimiyyət etiraz tədbirinə dəstək verib Dünən səhər Azərbaycanın ikinci böyük şəhəri Gəncədə anti-İsrail aksiyası keçirilib. Aldığımız məlumata görə, minlərlə dindar və yerli sakin burada İsrailin Qəzzada törətdiyi qətliama etirazlarını bildiriblər. Etiraz aksiyası “Şah Abbas” məscidinin önündən başlayıb. Əvvəlcə məsciddə müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Sonra Gəncənin axundu Hacı Tahir Qarabağlı və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərovun rəhbərliyi altında izdihamlı nümayiş keçirilib. Aksiya iştirakçıları “Allahu Əkbər!”, “Fələstinə azadlıq!” şüarları, həmçinin antisionist şüarlar səsləndirərərk Şəhər İcra Hakimiyyətinin binası önünə gəliblər. Buradan izdiham “İmamzadə” ziyarətgahına doğru irəliləyib. Ziyarətgahda yekunlaşan aksiya zamanı heç bir insident qeydə alınmayıb. Etiraz aksiyası barədə redaksiyamızı bilgiləndirən mənbə anti-İsrail aksiyasına yerli hakimiyyətin açıq dəstək verdiyini bildirib. Belə ki, artıq qeyd etdiyimiz kimi, tədbirə birbaşa icra başçısının müavini Akif Ələkbərov və Gəncə axundu, hakimiyyətə yaxın şəxs olan Hacı Tahir Qarabağlı rəhbərlik edib; dindarların izdahamlı yürüşünü isə polis ciddi şəkildə mühafizə edib. Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev, Kəpəz və Nizami rayon polis şöbələrinin rəisləri mühafizəyə bilavasitə rəhbərlik ediblər. Üstəlik, polis nəfərləri şəhər sakinlərini aksiyaya dəstək verməyə çağırıblar. Mənbəmizin bildirdiyinə görə, sahə müvəkkilləri və polis çavuşları gəncləri aksiyaya qoşulmağa və tədbirdə fəal iştirak etməyə səsləyiblər. Xatırladaq ki, Bakıda yanvarın 2-də keçirilən analoji aksiya zamanı polis etirazçılara divan tutmuşdu. Aksiya zamanı 150 nəfər saxlanılmış, onların böyük əksəriyyəti cərimələndikdən sonra sərbəst buraxılmışdı. 25 nəfər isə 10 sutka həbs cəzasına məhkum edilmişdi və onlar hələ də həbsdədirlər. Bakıdakı piketin iştirakçılarına divan tutulduğu halda Gəncədə anti-İsrail mitinq-yürüşünün iqtidarın dəstəyi ilə keçirilməsi müəyyən suallar doğurur. Bəzi ekspertlərə görə, belə təzadlı mövqe Azərbaycan iqtidarının müsəlman ölkələri ilə, xüsusən də Türkiyə ilə həmrəy olduğunu nümayiş etdirmək istəyilə bağlı ola bilər. Bu fikrin müəllifləri Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin dünənki açıqlamasına diqqət yetirməyin zəruriliyini vurğulayırlar. Qeyd edək ki, şeyx APA-ya müsahibəsində İslam Konfransı Təşkilatına müraciət edərək, Qəzzada baş verənlərlə bağlı qurumun növbədənkənar iclasının keçirilməsini tələb edəcəklərini bildirib: “İslam dünyası Qəzzada baş verənlərlə bağlı qəti sözünü deməlidir”. Siyasi ekspertlər cənab Paşazadənin iqtidarın razılığı olmadan bu cür sərt bəyanat verməsinin mümkünsüz olduğunu önə çəkirlər. Bu yerdə onu da qeyd edək ki, bəzi müstəqil ekspertlər Azərbaycan iqtidarının Konstitusiyaya dəyişikliklərlə bağlı narahatçılıq keçirdiyini söyləyirlər. Onların qənaətincə, Qərbin siyasi dairələri bir nəfərin müddətsiz prezident seçilməsinə imkan yaradan düzəlişlərin əleyhinə olduğundan, hakimiyyət ölkənin müxtəlif bölgələrində dindarların geniş etiraz aksiyalarını təşkil etməklə Azərbaycanda İslam fundamentalizminin olması barədə Qərbdə rəy formalaşdırmağa çalışır. Bununla da, azad dünyanın dəstəyini almasa da, təzyiqlərini neytrallaşdırmağa səy göstərir. Ehtimallara aydınlıq gətirmək məqsədilə politoloq Qabil Hüseynli ilə söhbət etdik. Politoloq məsələyə iki aspektdən yanaşmağın vacib olduğunu söylədi: “Paytaxtda baş verən aksiyaya qarşı repressiv münasibət göstərilməsi, Gəncədə isə əhalinin mütəşəkkil qaydada aksiyaya səfərbər edilməsi həqiqətən düşündürücüdür. Azərbaycan əhalisini belə aksiyalara kökləmək bir o qədər çətin deyil. Çünki son zamanlar Qəzza zolağında baş verən hadisələr, orada xüsusən dinc insanların qırılması fələstinlilərə hüsnü-rəğbət yaradıb. Azərbaycan hökuməti və Qafqaz Müsəlmanları İdarəsi baş verənlərlə bağlı öz mövqelərini açıq şəkildə ortaya qoymamışdı. Bu gün (dünən - red.) isə hökumət baş verənlərdən narahatçılıq keçirdiyini bəyan edib. Gəncədə belə bir aksiyanın hökumətin nəzarəti altında keçirilməsi faktiki o deməkdir ki, Azərbaycanın siyasi dairələri də İsrailin bu bölgədə törətdiyi zorakılığa, qəddarlığa qarşıdır. Amma bu mövqenin paytaxt Bakıda yox, regionlarda ortaya qoyulması onu göstərir ki, hakimiyyət hər halda əhalinin dini hissləri zəminində edilən çıxışların öz məcrasından çıxmasından, tədbirlərin siyasi xarakterli aksiyalara çevrilməsindən ehtiyatlanır”. Q.Hüseyinli referendum öncəsi dindarlardan ibarət etiraz aksiyalarının təşkili məsələsinə də aydınlıq gətirdi. O, hakimiyyətin bu yolla Qərbə təzyiq etməyə çalışdığını da istisna etmədiyini dedi: “Azərbaycanda İslam fundamentalizminin olması barədə Qərbdə rəy formalaşdırılmasına səylər göstərilib. Hətta bunun üçün müəyyən şərtlərin mövcud olduğunu, radikal dinçilərin silahlı cihad, silahlı mübarizə elan etmək niyyətlərinin olduğunu göstəriblər. ”Meşə qardaşları" qruplaşmasının üzvlərinin tutulması və bir qisminin öldürülməsi, həmçinin Əbu Bəkr məscidinin fəaliyyətinin dayandırılması dediyimiz məqamlara işıq salır. Amma dünyada hamı bilməlidir ki, Azərbaycan İslam fundamentalizmi üçün zəmin olan ölkə deyil". Gəncənin özündə isə xalq arasında başqa söz-söhbətlər dolaşır. Anti-İsrail aksiyasının keçirilməsinə yerli hakimiyyət tərəfindən dəstək verilməsini bəzi gəncəlilər şəhər rəhbərlərindən birini tərk etmiş yəhudi arvadı ilə əlaqələndirirlər. Xatırlayırsınızsa, qəzetlər iki il öncə Qərb rayonlarından birinin İH başçısının yəhudi əsilli xanımının həyat yoldaşının sürücüsünə qoşularaq İsrailə qaçması barədə məlumat yaymışdı. Gəncədəki mənbələrimiz bildirir ki, camaatın bir kəsimi aksiyanın mütəşəkkil keçirilməsində bu amilin əhəmiyyətli rol oynadığı qənaətindədir. Lakin istənilən halda Gəncə və ölkə rəhbərliyinin İsrailin törətdiyi qətliama etiraz aksiyasına dəstək verməsi olduqca təqdirəlayiq hadisədir. Arzu edərdik ki, dünyanın hər yerində təşkil olunan etiraz aksiyalarından biri də paytaxtımız Bakıda keçirilsin və bu zaman iqtidar fələstinlilərlə həmrəylik göstərənlərə heç bir güc tətbiq etməsin. Əfqan MUXTARLI, fotolar “Yeni Müsavat”ındır

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar