SON XƏBƏRLƏR

“RUSİYANIN AZƏRBAYCANA SARSIDICI ZƏRBƏ VURMAQ PLANI VAR”

2021.10.20, 07:36
“RUSİYANIN AZƏRBAYCANA SARSIDICI ZƏRBƏ VURMAQ PLANI VAR”

Gunaz.tv
“RUSİYANIN AZƏRBAYCANA SARSIDICI ZƏRBƏ VURMAQ PLANI VAR” Vəfa Quluzadə: “Azərbaycan Türkiyə ilə təcili hərbi müqavilə imzalamalıdır” Hər yeni ilin əvvəlində olduğu kimi, bu il də Qarabağ problemi ilə əlaqədar müxtəlif proqnozlar eşidilməkdədir. Məsələn, Britaniyanın “The Times” qəzeti yazıb ki, Dağlıq Qarabağ bu il dünyada alovlanmaq riski yüksək olan münaqişə zonalarından biridir. Münaqişənin tarixçəsini xatırladan qəzetin yazarı Maykl Binyon bölgədə atəşkəsdən sonra status-kvonun hökm sürdüyünü, lakin müntəzəm olaraq aparılan danışıqların heç bir nəticə vermədiyini vurğulayıb. Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Britaniya qəzetinin yazdıqları çox təhlükəli provakasiyadır: “Bu provakasiyanı Rusiya tərəfi edib. Özü də o məqaləni pulla dərc etdiriblər. Belə təcrübə çoxdan var. Mən diplomat olanda Sovet İttifaqına lazım olan materialı istənilən xarici qəzetdə çap etdirirdik”. Ekspert Azərbaycanın hazırki dövrdə hərbi əməliyyatlara başlamasını inandırıcı saymadı: “Çünki Azərbaycan Rusiyaya qarşı müharibəyə hazır deyil. Söhbət ondan gedir ki, Azərbaycan torpaqlarını erməni işğalından azad etmək istəsə, qarşısında Rusiyanı görəcək”. V.Quluzadə Gürcüstana hücumun Azərbaycanda təkrarlana biləcəyini istisna etmir: “Ona görə də Rusiyanın xüsusi xidmət orqanları xarici qəzetlərdə bu tipli məlumatlar dərc etdirirlər. Belə rəy yaradırlar ki, Azərbaycan neft dollarlarından güclənib Ermənistana hücum edə bilər. Mən bu barədə dəfələrlə açıqlama vermişəm. Rusiya telekanallarında son aylar bu barədə çoxsaylı açıqlamalar eşitmişəm. İndi də dünya mətbuatında Azərbaycanın müharibəyə hazırlaşdığı barədə rəy formalaşdırırlar. Ondan sonra ermənilər tərəfindən Azərbaycana qəfil zərbələr endirilə bilər. Bu zaman dünyaya xəbər yayacaqlar ki, Azərbaycan müharibəyə başlamışdı, ermənilər cavabını verib. Həmçinin Rusiya ordusunda xidmət edən yaxşı təlim görmüş minlərlə ermənini Azərbaycanın üstünə göndərə və məsələni birdəfəlik bitirə bilərlər”. Politoloq hesab edir ki, daha bundan sonra Azərbaycanın öz müstəqilliyindən imtina edib Rusiya Federasiyası ilə tərkibində müttəfiq dövlət kimi qalmaqdan başqa çıxış yolu olmayacaq: “Rusiya Abxaziya, Osetiya, Dnestryanı, Belarus, Ermənistan və Azərbaycandan ibarət Sovet İttifaqının proobrazını yaratmaq istəyir. Fakt budur ki, Ukrayna və Gürcüstan artıq əldən çıxır, ortalıqda biz qalırıq. Mən başa düşmürəm ki, biz bunları niyə indiyədək görməmişik?” V.Quluzadə təhlükəni önləməyi zəruri sayır: “Rusiyanın Azərbaycana sarsıdıcı zərbə vurmaq planı var. Çox arzu edərdim ki, Azərbaycanla Türkiyə arasında təcili hərbi saziş imzalansın. Buna Azərbaycanın çox haqqı var. Rusiyanın Ermənistanla imzaladığı analoji hərbi müqaviləni Azərbaycan Türkiyə ilə imzalamalıdır”. Yeri gəlmişkən, ötən ilin əvvəllərində V.Quluzadə Rusiyanın Gürcüstanla bağlı işğal planı hazırladığı barədə də açıqlama vermişdi. O zaman çoxları tərəfindən şübhə ilə qarşılanan bu fikirlər bir neçə ay sonra reallığa çevrildi. // Yeni Müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar