SON XƏBƏRLƏR

TEHRAN HƏRƏKATA QARŞI TƏBLİĞATI GÜCLƏNDİRİR

2021.10.20, 07:36
TEHRAN HƏRƏKATA QARŞI TƏBLİĞATI GÜCLƏNDİRİR

Gunaz.tv
TEHRAN HƏRƏKATA QARŞI TƏBLİĞATI GÜCLƏNDİRİR O, Azərbaycan Milli Hərəkatını beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd göstərir S.SƏDRƏDDİN İran rəhbərliyinin təbliğat maşını Azərbaycan Milli Hərəkatını beynəlxalq ictimaiyyətin gözündən salmağa başlayıb. Bu addımlardan biri kimi Tehran İngiltərədə çıxan "AVA London" qəzetində Azərbaycan türklərini təhqir edən karikatura çap etdirib. "Turan" informasiya agentliyinin yaydığı məlumata görə, Güney Azərbaycan Təşkilatı Britaniya parlamentinə məsələyə dair etiraz məktubu ünvanlayıb. Qurum bu materialın ingilis mətbuatında dərc edilməsini İran hakimiyyəti çevrələrinin "sifarişi" adlandırıb. Təşkilatın qənaətincə, bu addımla İslam Respublikasının rəhbərliyi genişlənməkdə olan Azərbaycan Milli Hərəkatını və onun hərəkətverici qüvvəsini, türkləri aşağılamaq məqsədi güdür. Xatırladaq ki, 2006-cı ilin mayında Tehranda çıxan "İran" adlı hakimiyyət qəzetinin Azərbaycan türklərini təhqir etməsi Güney Azərbaycanın bir çox şəhərlərində etiraz aksiyası ilə qarşılandı. Həmin aksiyaya qatılanlardan 20 nəfərdən çoxu öldürüldü, yüzlərlə etirazçı yaralandı, minlərlə insan çeşidli müddətə həbsxanda saxlanıldı və onların bir hissəsi hələ də cəza evlərində saxlanılmaqdadır. "Baybak"ın məlumatına görə, Azərbaycan Milli Hərəkatının birlik davranışı panirançı və panfarsist qüvvələri qorxuya salıb. Bu birliyin qarşısını almaq üçün İranın şahçı və özünü islamçı adlandıran xətlərinin təmsilçiləri hərəkata qarşı çeşidli qarayaxmaya başlayıblar. Məlumatda bildirilir: "İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Möhsün Rzaiyə aid olan "Tabnak" qəzeti açıqcasına Quzey Azərbaycana təhqiramiz dolu ifadələr çap edib". Bu qəzet "Baztab" qəzeti bağlandıqdan sonra fəaliyyətə başlayıb. "Baztab" isə hakimiyyətiçi mübarizə ucbatından qapadılıb. Xəbərə görə, Azərbaycanın dövlət başçısı İlham Əliyevin AzTV-yə verdiyi müsahibəsi "Tabnak"ın tənqidinə tuş gəlib. İran hakimiyyətinin təbliğat vasitəsi İ.Əliyevin türk birliyindən, dünya azərbaycanlıları ilə bağlı açıqlamasından, habelə qonşu türk dövlətləri ilə əlaqələrdən danışmasını tənqid edib. "Tabnak" "Azərbaycan bizimdir" yazaraq "Gülüstan" və "Türkmənçay" müqaviləsinə əsasən, Azərbaycan ruslara verilib" iddiasını irəli sürüb. Bundan başqa, həmin mənbə Azərbaycan dövlətçiliyinin "bir neçə 10 illiyi əhatə etdiyi"ni, İranın isə daha qədim dövlətçiliyə malik olduğunu vurğulayaraq respublikamızı və Azərbaycan türklərini aşağılamağa çalışıb. Bu məqamda bir məsələyə toxunmaqla "Tabnak"ın cavabını ötəri vermək istərdik. Heç kimə sirr deyil ki, panfarsistlərin bu sayaq informasiya vasitələrinin fəxr etdikləri, indi İran adlanan dövlətin qurulub qorunmasında Azərbaycan türklərinin əvəzsiz xidmətləri var. Bunu İranın siyasi, iqtisadi, mədəni və sosial inkişafı barədə də söyləmək olar. Odur ki, "tabnak"çıların deyinməsi daha çox gerçəkliyi qəbul etməzlikdən doğan bir qısqanclıq sayıla bilər. Dünya Azərbaycanlıları Konqresi informasiya mərkəzinin məlumatına görə, Azərbaycan Milli Hərəkatının əhatə dairəsini məhdudlaşdırmaqdan ötrü Tehran hakimiyyəti repressiv addımlarla yanaşı, ideoloji, təbliğati işlər də görməkdədir. İran hakimiyyətinin informasiya vasitələri 2006-cı ilin məlum may olaylarından sonra Azərbaycan türklərinə qarşı böhtan xəttini tutub. İslam Respublikasının bu təbliğat siyasəti Azərbaycanın tanınmış şəxslərini ləkələyir, respublikamızı isə "Qərbin oyuncağı" kimi təqdim etməyə çalışır. Təbrizdə çıxan "Təhri-no" ("Yeni layihə") adlı qəzet də belələrindəndir. Bu mətbu orqanı Təbriz şəhər bələdiyyəsinin maliyyə dəstəyi ilə nəşr olunur. Guya, müstəqil sayılan bu qəzetdə may olaylarına həsr edilmiş yazı çap olunub. Yazıda bildirilib ki, həmin aksiya öz mənbəyini Azərbaycan Respublikasından, Əbülfəz Elçibəyin ortaya atdığı Bütöv Azərbaycan Birliyi ideyasından götürüb. Məqalədə Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ömür yolu təhriflə təqdim olunub. Bunun ardınca deyilir: "Elçibəy Misirdə keçmiş SSRİ-nin səfiri işləyib. O, Qafqazda ikinci həyat verdiyi pantürkçülük ideyası ilə gənclərin beynini zəhərləyib. Boz qurdların lideri gəncləri doğru yoldan azdıraraq onları pantürkçülüyün quluna çevirib". Güney və Quzey Azərbaycan türklərini təhqir etməkdən çəkinməyən bu qəzet daha sonra yazıb: "Şimali İranda (İslam Respublikası hakimiyyətinə bağlı olanlar Azərbaycan Respublikasını belə adlandırırlar - S.S.) və bu tayda bəzi adamlar özlərini Əbülfəz Elçibəyin davamçıları sayır, özlərini "bozqurd" hesab edirlər. Amma "qurd" dedikdə ağlınıza heç də canavar gəlməsin, onlar torpağın altında eşələnən qurdlardır". Öncə onu qeyd edək ki, qəzetin dərc olunduğu şəhər oxucunu çaşdırmaq məqsədi daşıyır. O biri tərəfdən isə özgəsinə qulluq göstərənlər və buna görə də ləyaqət hissini itirənlər həmişə olub, bu gün də var. Bu özünü qəzetin işlətdiyi ifadələrdən daha aydın göstərir. Kimin daha çox şovinist və "pan"çı olduğu İran İslam Respublikası rəhbərliyinin yürütdüyü siyasətdən də görünür. Kimdir "pan" - ana dilində təhsil, milli-mədəni haqlarını istəyənlər, yoxsa belə düşünənlərə işgəncə verib bütün qanunları tapdayanlar, qulluq etdiyi dinin, islamın əsaslarını nəzərə almayan İran hakimiyyəti? Təbii ki, bu sualın cavabı birmənalıdır - İslam Respublikasının rəhbərliyi. İlham Əliyevin çıxışında pantürkçülük elementləri axtaran Tehranın informasiya vasitələrinə İranın Əfqanıstan və Tacikistanla əlaqələrini yada salmaq istərdik. Bu günlərdə Tacikistan prezidenti İmaməli Rəhman İrana səfər edib. O, hökumət başçısı Mahmud Əhmədinijatla görüşüb. Səfər zamanı üç dövlət arasında dəmir yolu xətti və avtomobil yolunun tikintisinin vəziyyəti, habelə Tacikistanda inşa edilən "Sənge-tudə-2" SES-də işlərin gedişi müzakirə olunub. Əhmədinijat və Rəhman üç dövlətin ərazisində yayımlanan farsdilli televiziya kanalının fəaliyyəti ilə bağlı fikir mübadiləsi ediblər. Dövlətlər arasında mədəni, iqtisadi əməkdaşlıq arzuolunan sayılsa da, bunu başqa mədəniyyətlərin tapdanması hesabına etmək ədalətsizlikdir. Əslində, Tehran hakimiyyəti İranı farsdilli kimi təqdim etməklə ölkə əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin haqqını tapdayır. Bax "pan"çılıq və şovinistlik belə olur... AYNA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar