SON XƏBƏRLƏR

İRAN ADLANAN YER, HƏM SAVAŞA, HƏM DƏ DANIŞIĞA HAZIRLAŞIR

2021.10.20, 07:36
İRAN ADLANAN YER, HƏM SAVAŞA, HƏM DƏ DANIŞIĞA HAZIRLAŞIR

Gunaz.tv
İRAN HƏM SAVAŞA, HƏM DƏ DANIŞIĞA HAZIRLAŞIR Parlament sədrinin ziddiyyətli çıxışları bunu söyləməyə əsas verir S.SOLTAN Yerli müşahidəçilərin dediyinə görə, Tehran hakimiyyəti Vaşinqtonla danışıqlar aparmaqdan ötrü məqam axtarır. İş o yerə çatıb ki, Ağ ev təmsilçiləri ilə hər hansı formatda görüşdən sonra cəmiyyətin üzərindən demokratiya yeli əsir. Amma bu uzun sürmür. İnsanlar onun dəyərlərindən yararlanmağa cəhd edən kimi ABŞ İrana qarşı hər hansı kəskin bəyanat verir, bununla da Tehran təkrar əvvəlki gerçək donunu geyinir. Başqa sözlə, Ağ ev İslam Respublikası təmsilçilərinin üzünə xoş baxanda Tehran da ABŞ-ı yamsılayır. Müşahidəçilərin fikrincə, İslam Respublikası bir sıra məsələlərdə, o cümlədən İraqa dair işlərdə Amerika ilə artıq razılığa gəlib. Elə bunun nəticəsində İran qonşu dövlətdə əvvəlki illərlə müqayisədə pozuculuq fəaliyyətini azaldıb. Odur ki, ABŞ - İran münasibətləri indi bir çox baxımdan maraq doğurur. Ötən gün İranın ali rəhbəri ayətulla Xamneyi ölkənin hərbi birləşmələrini döyüş vəziyyətinə hazır olmağa çağırıb. O, ordu başçılarına əmr edib ki, gözlənilməz hərbi hücuma hazır olsunlar. Silahlı qüvvələrin komandanı general-leytenant Həsən Firuzabadi isə İslam İnqilab Keşikçiləri Qvardiyası və könüllülərdən ibarət hərbi birləşmənin - "bəsici"lərin əməkdaşları qarşısında çıxışı zamanı ali rəhbərin silahlı qüvvələri hərbi hazırlıq vəziyyətinə gətirmək barədə göstəriş verdiyini bəyan edib. Onun sözlərinə görə, İslam Respublikasına qarşı savaş gözlənilir. "İranın gücünü Amerikaya nümayiş etdirmək məqsədilə hərbi təlimlər keçirilir" deyən komandan ölkəsinin zabitlərinə xəbərdarlıq edərək bildirib ki, müharibə başlayacağı təqdirdə Hörmüz boğazı bağlanacaq. Həftənin əvvəlində isə İran Oman körfəzində hərbi təlimlərə başlayıb. "Birlik-87" (İranda Günəş təqvimi ilə 1387-ci ildir) adlanan bu təlimdə ölkə hərbi donanmasının 60 hərbi gəmisi iştirak edir. Keçmiş prezident, dini ekspertlər şurasının sədri, məsləhət şurasının başçısı Əliəkbər Haşimi-Rəfsəncani isə ötən gün bildirib ki, ölkəsinin başlıca düşməni Amerikadır və o, İrana hücuma hazırlaşır. İslam Respublikasının parlamentində çıxışı zamanı keçmiş hökumət başçısı deyib: "ABŞ özünün dağıdıcı siyasətindən əl çəkməyib və o, İrana hücuma hazırlaşır. Bunun üçün Amerika zirehli qüvvələri və qvardiyanı hazırlayır". İSNA agentliyinin məlumatına görə, Rəfsancani qeyd edib ki, Əfqanıstanda və İraqda "üzləşdiyi ağır durum"a baxmayaraq ABŞ-ın "dişləri hələ də itidir və o bunlardan birini belə itirməyib". O, ölkədə birliyi qoruyub saxlamaqdan ötrü siyasi qüvvələri İranın ali rəhbəri ayətulla Xamneyinin ətrafında sıx birləşməyə çağırıb. Parlament sədri Əli Laricani isə deputatlar qarşısında çıxışında bildirib ki, ABŞ "İslam Respublikasına, Fələstinə və bütövlükdə bölgəyə qarşı avantürist" siyasət yürütməkdədir. Onun sözlərinə görə, maliyyə böhranı Amerikanın dünyanı idarə etmək cəhdindən doğur. Amma Əli Laricani jurnalistlərə açıqlamasında bir qədər fərqli mövqedən danışıb. O deyib ki, İran məclisi ilə ABŞ Konqresi arasında danışıqların vaxtı çatıb. O, müzakirə aparmaq üçün konqres üzvlərindən məktub aldığını vurğulayaraq deyib: "Son vaxtlar onlardan bir məktub almışıq və güman edirik ki, müzakirələrin vaxtı çatıb". Əli Laricaninin bu açıqlamasından bir gün öncə onun qardaşı, İran məhkəmə sisteminin beynəlxalq əlaqələr üzrə müşaviri Məhəmmədcavad Laricani Tehranın Politexnik Universitetindəki çıxışında Amerika ilə danışıqlar aparılmasının zəruriliyindən söz açıb. Xatırladaq ki, bu yaxınlarda İran parlamentinin bir qrup üzvü Beynəlxalq Valyuta Fondunun toplantısı çərçivəsində ABŞ konqresmenləri ilə görüş keçirib. İslam Respublikasının təmsilçiləri görüş zamanı bildiriblər ki, onlar İsraildən başqa, bütün dövlətlərlə danışıqlar aparmağa hazırdırlar. İran rəsmisi Kazım Dilxoş bunları deyib: "Amerika İranın daxili işlərinə qarışmayacağı təqdirdə əlverişli şəraitdə bu ölkənin nümayəndələri ilə dialoqa başlamağa hazırıq". Yeri gəlmişkən, İran və ABŞ deputatları ötən 30 ildə bu səviyyədə ilk dəfədir görüş keçiriblər. Dilxoşun sözlərinə görə, hələ 7-ci çağırış məclisinin sədri Qulaməli Həddad Adil amerikalı həmkarlarına görüşün keçirilməsinə dair bir neçə dəfə yazılı müraciət etmişdi. "İran Epoxa" saytının məlumatına əsasən, yaxın zamanlarda ABŞ Konqresi üzvlərinin rəsmi məktubu İran məclisinin sədri Əli Laricaniyə təqdim olunacaq. Görüşdə iştirak edən 3 iranlı nümayəndənin adı açıqlanmır. Beləliklə, məlumatlara əsasən, Tehran hakimiyyəti Qərb, o cümlədən Amerika ilə hər iki varianta hazırlaşır - həm savaş, həm də dialoq. Hansı variantın üstün gələcəyi Qərbin də yanaşmasından asılı olacaq...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar