Qanlı deportasiya
2021.10.20, 07:36
Qanlı deportasiya Arzu Şirinova İyirmi il bundan öncə sonuncu azərbaycanlı öz tarixi torpaqlarıdan-Ermənistandan deportasiya olunublar. "Böyük Ermənistan" yaratmaq xülyasıyla yaşayan və bunu mərhələ-mərhələ Azərbaycanın əraziləri hesabına reallaşdırmaq fürsəti qazanan ermənilərə birbaşa Rusiya imperiyası köməklik göstərib. Bu cür kömək indi də davam edir. Azərbaycanın ərazilərində ermənilərin yerləşdirilməsi prosesinin tarixinə diqqət yetirək. İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə Ekaterina II ermənilərin himayə olunması barədə əmr imzalayır. 1802-ci ildə çar Aleksandr I H.D.Sisianova yolladığı məktubunda yazırdı: "Hər nə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır". Həmin vaxtdan bu günə kimi öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətiniin həyata keçirilməsində alət rolunu oynadılar. xxx Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynadı və Azərbaycanın parçalanmasına gətirib çıxardı. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçdi. Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 1828-ci il martın 21-də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında fərman imzalayır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilir. Həmin illərdə təkcə Göyçə hövzəsində 107 türk kəndi yerlə yeksan edilir. Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə əsasən, İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir. Anoloji proses Türkiyə ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda da reallaşdırılıb. Belə ki, tarixi mənbələrə əsasən 1829-1830-cu illərdə Qafqazda (Naxçıvan, Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib. XIX əsrin ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini tutmaqla "Böyük Ermənistan" kimi millətçi, şovinist ideyanı həyata keçirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başlayırlar. Belə ki, əsasən xaricdə "Qnçaq" (1887, Cenevrə), "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni vətənpərvərlər ittifaqı" (1895, Nyu-York) təşkilatı yaradılır. Butün bu cəhdlərə baxmayaraq XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə, Bakı və Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb. XX əsrin başlanğıcında baş verən sonrakı hadisələr göstərdi ki, belə bir vəziyyət Azərbacan xalqının tarixində faciələrin davamına səbəb olub. *** Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılmasını həyata keçirdilər. 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Təəssüf ki, tarixi mənbələrdə o illərin hadisələrini özündə əks etdirən çox az sayda sənəd qorunub saxlanıb. Statistik məlumatlara əsasən, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı gizli şəkildə kütləvim repressiyalar aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edir. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətinin həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir. Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərirlər. Bakı komunnası əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. *** 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb. *** 1918-ci il 28 mayda Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.Q.Gəncinskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik". Zaqafqaziyada 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 kvadrat metr həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Güc hesabına bu əraziləri özlərinə birləşdirmək cəhdi Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla isə uzun müddətli qanlı mübarizəyə gətirib çıxarır. Hansı ki, nəticədə mübahisəli ərazilərdə əhalisinin sayı 10-30 faiz aşağı düşür. *** 1918-1920-ci illər. Kütləvi repressiyalar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülüb və deportasiya edilib. 1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə "Sovetləşmə təhlükəsindən birgə müdafiə" mövzusunda keçirilən konfransda ermənilər bəyan edirlər ki, onlar heç zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər və əməkdaşlıqdan imtina edirlər. *** 1948-53-cü illərin deportasiyası. Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri V.Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə küiləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur. 1945-ci ildə Ermənistan rəhbərliyi iqtisadi əlaqələrin bağlılığını əldə bayraq edərək Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırırlar. Lakin həmin dövrdə ermənilər öz məqsədlərinə çatmır. O zaman başqa bir taktika seçilir. 1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanılır. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülüb. 1947-ci ildə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edir. Və təklif verir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına təsir göstərəcəkdi. Həmin təklifi Stalin dəstəkləyir və SSRİ Nazirlər Sovetinin iki qərarı ilə həyata keçirilir. Həmin qərarlarda ( 1947-ci il) "1948-50-ci illərdə Ermənistan SSR-dən 100 min azərbaycanlının Kür-Araz düzənliyinə könüllü köçürülməsi" nəzərdə tutulur. Heç bir səbəb, mexanizm və real şərait göstərilmədən... Statistik göstəricilərə əsasən, 1948-ci ildə Azərbaycana 2 min 357 ailə (11046 nəfər), 1949-cu ildə 2 min 368 ailə (10 min 595 nəfər), 1950-ci ildə isə 14 min min 361 nəfər köçürülür. *** 1948-50-ci illərdə köçürülən 8 min 110 ailədən yalnız 4 min 878-i yaşayış yeri ilə təmin olnur. Ümumiyyətlə, 1948-52-ci illər ərzində respublikamıza 100 mindən çox azərbaycanlı köçürülüb. Əsasən dağlıq ərazilərdə yaşamağa adət etmiş azərbaycanlılar düzənlik ərazisinin iqliminə uyğunlaşa bilmirlər. Yaşayış yerilə təmin olunmamaq da öz təsirini göstərir. Köçürülənlər arasında yüzlərlə adam dünyasını dəyişir... Hətta belə şəraitdə "məngənə"də sıxılan azərbaycanlıların dağlıq ərazilərə, Qarabağa köçürülməsi barədə Azərbaycan rəhbərliyinə və Moskvaya dəfələrlə etdiyi müraciətlər mərkəzi orqanlar tərəfindən rədd edilir. Bununla yanışı 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10 min erməni köçürülür. Bu fakt göstərir ki, sovet rəhbərliyinin müvafiq qərarı ilə azərbaycanlıların faktiki deportasiyasına nail olan ermənilər xarici ölkələrdən Ermənistana həmillətlərinin köçürülməsində maraqlı olmayıblar. 1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda səslənən faktlardan biri o olur ki, 476-dan çox kənd istifadə edilməmiş qalır. 1990-cı ildə də erməni millətçiləri özləri açıqca bəyan edirlər ki, azərbaycanlıların köçürülməsindən sonra azad olmuş torpaq və yaşayış fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunmayıb ("Qolos Armenii" qəzeti, 11 noyabr 1990). *** Sovet İttifaqında gedən yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə- qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi, yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından-Erevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovokan, Gorus, Sisyan, Amasi və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur, ümumilikdə, 216 nəfər qətlə yetirilir. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur - qadın və uşaqlar, yaşlılar, qarlı dağlar aşaraq, dona-dona, itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırlar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur- İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də sonuncu türk kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı. 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü.