SON XƏBƏRLƏR

ABŞ HAKİMİYYƏTİNDƏKİ RƏNG DƏYİŞİKLİYİ...

2021.10.20, 07:36
ABŞ HAKİMİYYƏTİNDƏKİ RƏNG DƏYİŞİKLİYİ...

Gunaz.tv
ABŞ HAKİMİYYƏTİNDƏKİ RƏNG DƏYİŞİKLİYİ... ...Dünyaya və Azərbaycana nə vəd edir? ABŞ-da 2008-ci ildə keçirilən prezident seçkisindən sonra yeni iqtidar komandasının formalaşması davam edir. Ən maraqlısı odur ki, yanvarın 22-dən ağdərili Corc Buşu qaradərili Barak Obama, qaradərili dövlət katibi Kondoliza Raysı isə ağdərili Hillari Klinton əvəzləyəcək. Bəs dəyişikliklər nəticə etibarı ilə nəyə səbəb olacaq? ABŞ-ın dünyada gedən proseslərə münasibətində, o cümlədən Qafqazla bağlı siyasətində hansısa yeniliklər baş verə bilər? Mövzu ətrafında söhbət etdiyimiz politoloq Elxan Mehdiyev istənilən halda Barak Obamanı ABŞ üçün bir fenomen saydı: “O, həm Amerika, həm də dünya tarixinə yeni fenomen kimi düşəcək. Qaradərili Obamanın prezident seçilməsi 40 il öncə ilə müqayisədə Amerikanın nə qədər dəyişdiyini, demokratik, azad bir cəmiyyət olduğunu göstərdi. Digər tərəfdən, Obama Buş administrasiyasından və bir çox senatorlardan fərqli olaraq, xarici siyasətdə tamamilə fərqli mövqe tutub. O, Amerikanın özünün müttəfiqləri ilə, Avropa ölkələri ilə münasibətlərini, həm də dünyada pozulmuş imicini bərpa etməyə çalışacaq. Amerikanın imicini bərpa etmək baxımından onun hakimiyyətə gəlməsi elə bil ki, həyatın zərurəti olub. Bu baxımdan düşünürəm ki, o, xarici siyasəti ideologiyadan daha çox, praqmatik əsaslar üzərində quracaq”. Politoloq dəyişikliklər nəticəsində Amerikanın indiki mövqeyinin möhkəmlənəcəyini güman edir: “Digər tərəfdən Obama Buş hökuməti dövründə Amerikanı İraqda düşdüyü vəziyyətdən çıxarmağa çalışacaq”. E.Mehdiyev söylədi ki, Demokrat Partiyası həmişə ərəb-İsrail münaqişəsində obyektiv mövqe tutub: “Bu münaqişə ilə bağlı önəmli olan bir çox hadisələr demokratların dönəmində baş verib. Yəqin ki, Obama bu siyasəti davam etdirib yeni mərhələyə aparacaq. Bundan başqa, Rusiya ilə münasibətlərdə həm Kreml, həm də Obama komandası tərəfindən dəyişiklik gözlənilir. Çünki qaradərili yeni prezident həm NATO-nun genişlənməsi, həm də Avropada yeni radar sistemlərinin qurulması ilə bağlı başqa mövqedən çıxış edir”. Qafqaza gəlincə, politoloqun fikrincə, bu regionla münasibətlərin qurulmasına Rusiya ilə münasibətlərin bir hissəsi kimi baxmaq doğru olardı: “Təbii ki, bizim regiona münasibətdə də spesifik çalarlar olacaq. İlk növbədə onu qeyd etmək lazımdır ki, demokratların rəğbətini qazanmış Gürcüstana münasibət fərqli olacaq. Ermənistan və Azərbaycana gəlincə, əgər Obamanın ”genosidlə" bağlı daha əvvəllər söylədiyi fikirlər ortaya gələrsə, sözsüz ki, Türkiyə və Azərbaycanla münsibətlər soyuyacaq. Onu da nəzərə almaq lazımdır ki, Hillari Klintonun da qondarma soyqırımı tanımaq barədə fikirləri var". Nəzərə çatdıraq ki, Bill Klinton prezident olduğu dövrdə Azərbaycan hakimiyyətinin onlarla əlaqələri yaxşı olub. Düşünmək olarmı ki, hakimiyyət xanım Klintonun vasitəsilə Buş administrasiyası ilə olduğu kimi, Obama hakimiyyətilə də yaxşı münasibətlər qura biləcək? E.Mehdiyev hesab edir ki, Azərbaycan iqtidarının Klinton ailəsi ilə Buş ailəsi qədər əlaqələri mövcud deyil: “Amma iqtidar Demokrat Partiyasında söz sahibi olan bir çox adamlarla münasibətlər qurub və bu əlaqələr davam edir. Misal olaraq Bzejinskini göstərmək olar. Amma təbii ki, bu rejimin bir məqsədi var, o da özünü qorumaqdır. Gecə-gündüz bunun üçün çalışırlar. Əgər özlərini qorumağa yönəltdikləri səylərin yüzdə birini Qarabağın işğaldan azad edilməsinə yönəltsəydilər, yəqin indi münaqişə həll olunmuşdu”. Maqsud MAHRIZLI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar