SON XƏBƏRLƏR

DAHA BİR QARABAĞ BƏYANNAMƏSİ HAZIRLANIR

2021.10.20, 07:36
DAHA BİR QARABAĞ BƏYANNAMƏSİ HAZIRLANIR

Gunaz.tv
DAHA BİR QARABAĞ BƏYANNAMƏSİ HAZIRLANIR Xarici işlər nazirləri Finlandiya paytaxtında danışıqlar aparacaq, ATƏT sədri münaqişənin həlli prosesinin başladığını deyir Finlandiyanın paytaxtı Helsinkidə Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycanla Ermənistan arasında yeni bəyənnamə imzalana bilər. ATƏT sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb “Röyter” agentliyinə müsahibəsində bu barədə bildirib. Xəbər verildiyi kimi, bu gün Helsinkidə ATƏT xarici işlər nazirlərinin illik toplantısı öz işinə başlayır. Bu toplantı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların aparılması artıq planlaşdırılıb. Nazirlərin danışıqlarını təklif etmək üçün Minsk Qrupu həmsədrləri də Finlandiya paytaxtına gediblər. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən ATƏT nazirlərinin toplantısında və Qarabağ danışıqlarında iştirak etmək üçün Helsinkiyə yola düşüb. Dünən onun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü nəzərdə tutulurdu. Daha sonra Elmar Məmmədyarov BMT-nin qaçqınlar üzrə ali komissarlığının nümayəndəsi, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, BMT baş katibinin müavini Lin Pasko ilə danışıqlar aparacağı planlaşdırılır. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb qurumun Xarici İşlər Nazirləri Şurasının Helsinki sammitindən əvvəl yaydığı rəsmi müraciətdə bildirib ki, ATƏT-ə üzv ölkələr təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməlidir. O, mətbuata açıqlamasında Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətə də toxunub: “Azərbaycan və Ermənistan uzun müddətdir davam edən münaqişənin həlli istiqamətində irəliləyişə nail olub. Amma problemin həlli hələ ki mümkün olmasa da, bunun üzərində Minsk Qrupunun işləməsi çox vacibdir”. Stabb həmçinin “Röyter” agentliyinə müsahibəsində Qarabağ münaqişəsi haqda danışıb. ATƏT sədri postunda səlahiyyətləri başa çatmaqda olan Finlandiya xarici işlər naziri deyib ki, Helsinki danışıqlarının yekunlarına əsasən Ermənistanla Azərbaycan arasında birgə bəyənnamənin imzalanacağına ümid edir. Stabbın sözlərinə görə, Ermənistan və Azərbaycan münaqişənin həlli istiqamətində mühüm irəliləyişlər əldə ediblər. Bu baxımdan ATƏT ümidvardır ki, aparılmış danışıqların nəticələrini özündə əks etdirən bəyannamənin imzalanması mümkündür. “Dağlıq Qarabağ münaqişəsi ətrafında işlər yaxşı gedir. Hesab edirəm ki, bəzi dondurulmuş münaqişədən həll edilməkdə olan münaqişəyə keçirik. Doğrudur, yekun həll hələ əldə edilməyib və olduqca mühümdür ki, ATƏT-in Minsk Qrupu bu istiqamətdə işləri davam etdirsin”, - deyə Stabb vurğulayıb. Lakin Stabbın Helsinkidə Qarabağ münaqişəsinə dair bəyannamə imzalana biləcəyi haqda dediklərini elə dünən İrəvanda təkzib ediblər. Ermənistan XİN-in rəsmisi Tiqran Balayan deyib ki, Finlandiya paytaxtında heç bir sənədin imzalanması nəzərdə tutulmur. ATƏT sədri təşkilatın xarici işlər nazirlərinin toplantısında Cənubi Qafqazdakı vəziyyət və bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini də deyib. Onun sözlərinə görə, bu toplantıya Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsi və bununla bağlı baş verənlər öz damğasını vuracaq. Stabb məlumat verib ki, ATƏT müşahidəçilərinin Cənubi Osetiyaya qaytarılması məsələsi hələ də həll edilməyib və bu məsələ ətrafında danışıqlar dalana dirənib. Finlandiya xarici işlər naziri toplantıda ATƏT məkanında təhlükəsizlik, demokratiya və insan haqlarının da müzakirəyə çıxarılacağını qeyd edib. O deyib ki, ATƏT-də bir sıra prinsiplər var ki, onların dəyişdirilməsindən söhbət belə gedə bilməz. Bunlar dövlətlərin ərazi bütövlükləri, demokratiya, insan haqları və münaqişələrin həllində gücdən istifadə etməməkdir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə “Trend” agentliyinə açıqlamasında deyib ki, vasitəçilər Helsinkidə nazirlərlə birlikdə münaqişə tərəfləri arasında etimadı möhkəmləndirməyə xidmət edən tədbirlər planı hazırlamağa ümid edirlər."Bu, əməkdaşlığın gücləndirilməsi və silahlı münaqişə riskinin azaldılmasına imkan yaradacaq" - deyə Brayza bildirib. Diplomatın sözlərinə görə, Helsinkidə aparılacaq müzakirələri əsasən ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üçün əsasları müəyyən edən başlıca prinsiplərin başa çatdırılması üzrə səylərindən ibarət olacaq. Həmsədr bildirib ki, münaqişə tərəflərinin hər biri başlıca prinsiplərin fərqli elementlərini nəzərə çatdırır: “Ermənistan prezidenti öz müqəddərıtnı təyinetmə hüququnun konsepsiyası barədə məsələyə xüsusi əhəmiyyət verir. Azərbaycan prezidenti isə ölkənin ərazi bütövlüyü ideyasını qeyd edir, bizim vasitəçi qismində işimiz - qarşılıqlı razılaşma yolu ilə bütün bu konsepsiyaları nəzərə alan sazişin bağlanmasında hər iki tərəfə yardım göstərməkdən ibarətdir. Bu asan deyil, lakin mən əminəm ki, biz hər iki ölkə liderinin və vətəndaşlarının razılığa gəlməyə hazır olduğu bir şəraitdə balansa nail ola bilərik. Biz Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmayacağına inanırıq”. Bundan əvvəl Helsinkidə Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında üçtərəfli danışıqların da olacağı haqda xəbərlər yayılıb. Bu xəbərlər Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın İstanbulda türkiyəli həmkarı ilə apardığı danışıqlardan sonraya təsadüf edirdi. Daha sonra Bakıda səfərdə olan Türkiyə xarici işlər naziri Əli Babacan üçtərəfli görüşün baş tutacağını istisna etməyib. O deyib ki, diplomatik təmaslar intensiv xarakter alıb və Türkiyə nazirlər arasında belə görüşün baş tutacağına ümid edir. Lakin Ermənistanda son ana qədər belə görüşün baş tutacağını təsdiq etmirlər. “Arminfo” agentliyinin məlumatına görə, Ermənistan XİN yaxın vaxtlarda üç ölkənin xarici işlər nazirləri arasında hər hansı görüşün baş tuta biləcəyini təsdiq etmir. Bununla belə, Helsinkidə Türkiyənin irəli sürdüyü Qafqazda sülh və təhlükəsizlik platforması ideyası çərçivəsində üç Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirləri ilə Rusiya və Türkiyə nazirlərinin birgə toplantısının baş tutması üçün rəsmi Ankara səyləri davam etdirirdi. Qeyd edək ki, Türkiyə bu ay Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün təşkili barədə də təşəbbüs irəli sürüb. Lakin belə görünür ki, bu təşəbbüs İrəvanda dəstəklənməyib. Ermənistanla münasibətlər qurmaq üçün intensiv diplomatik səylər göstərən Türkiyə bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də qaldırır. İrəvan isə Türkiyənin vasitəçiliyində o qədər də həvəsli görünmür. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar