SON XƏBƏRLƏR

ƏRDƏBİLDƏ İKİ AZƏRBAYCAN KƏŞFİYYATÇISI TUTULUB

2021.10.20, 07:36
ƏRDƏBİLDƏ İKİ AZƏRBAYCAN KƏŞFİYYATÇISI TUTULUB

Gunaz.tv
ƏRDƏBİLDƏ İKİ AZƏRBAYCAN KƏŞFİYYATÇISI TUTULUB İranın rəsmi qəzetindən şok iddia Tehran Azərbaycan xüsusi xidmət orqanlarını Amerika və İsrail xəfiyyəsi üçün məlumat toplamaqda ittiham edir İranın rəsmi “Cümhuri İslami” qəzeti dünən Tehranla Bakı arasında növbəti diplomatik gərginliyə səbəb ola biləcək sensasion xəbər yayıb. Qəzetin xəbərinə görə, Ərdəbil şəhərində Amerika və İsrail xüsusi xidmət orqanlarına işləyən iki Azərbaycan vətəndaşı həbs edilib. İranın təhlükəsizlik qüvvələrindəki mənbəyə istinad edən qəzetin xəbərində deyilir ki, agentlər sərhədi qeyri-leqal şəkildə keçərək Ərdəbilə daxil olublar. İran təhlükəsizlik orqanlarındakı mənbənin bildirdiyinə görə, Azərbaycan xüsusi xidmət orqanlarının agentlərinin tutulması birinci dəfə deyil. Mənbə bildirib ki, son bir neçə ay ərzində Azərbaycanın kəşfiyyat xidmətlərinin İran ərazisindən Amerika və İsrail kəşfiyyat xidmətləri üçün məxfi məlumat toplamaq məqsədilə istifadə edən bir neçə casus əməkdaşı tutulub. Qəzet casus əməliyyatının digər detalları haqda məlumat vermir. Bununla belə, İran təhlükəsizlik xidmətindəki mənbə deyib ki, Azərbaycan xüsusi xidmət qurumları İranda ABŞ və İsrail üçün işləyir. Xəbərdə İranda həbs edildiyi deyilən iki Azərbaycan vətəndaşının hansı xüsusi xidmət qurumunun agenti olması haqda konkret nəsə deyilməsə də, məlumatla bağlı bu sahədə əsas aparıcı qurum olan Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə yaratmağa cəhd etdik. Lakin nazirlikdən xəbərlə bağlı hər hansı şərh almaq mümkün olmadı. Telefon zənginə cavab verən əməkdaş bildirdi ki, nazirliyin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Arif Babayev hazırda yerində yoxdur. Nazirliyə edilən təkrar zəng isə cavabsız qaldı. Qeyd edək ki, İranda Amerika və İsrail xüsusi xidmət orqanları üçün informasiya toplayan iki Azərbaycan vətəndaşının tutulması haqda xəbər qonşu ölkədə son günlər geniş vüsət alan “casus ovu” fonunda yayılır. Bugünlərdə İran xüsusi xidmət orqanları ölkədə “Mossad”ın casus şəbəkəsinin üzə çıxarıldığını, bu şəbəkənin çoxsaylı sui-qəsdlər, təxribatlar və digər planlar hazırladığının məlum olduğunu açıqlayıb. Həbs edilən “Mossad” agentlərinin sayı və əməliyyatın nə zaman keçirildiyi haqda məlumat verilmir. İranın İnqilab Keşikçiləri Korpusunun rəhbərliyi etiraf edib ki, bu şəbəkə hətta ölkənin xüsusi xidmət orqanlarının içərisinə sıza bilib və bir sıra mühüm məxfi məlumatları ötürüb. Bundan əvvəl isə İranda elektron avadanlıqların idxalı ilə məşğul olan iri şirkətin rəhbəri Əli Əştari “Mossad” agenti olduğu üçün həbs edilmişdi. Məlum olmuşdu ki, Əştari İran rəsmi qurumlarının etibarını qazanaraq aralarında İnqilab Keşikçiləri Korpusunun da olduğu bir sıra dövlət qurumlarına içərisində “juçok”lar gizlədilmiş elektron rabitə vasitələri, digər avadanlıqlar sata bilib. Nəticədə İranın nüvə proqramının mühüm mərhələlərindən biri pozulub. Həbs olunan Əli Əştari bugünlərdə asılmaqla edam cəzasına çatdırıldı. Qeyd edək ki, İran xüsusi xidmət orqanları birinci dəfə deyil ki, Azərbaycanı Amerika və İsrail kəşfiyyatına yardım etməkdə günahlandırır. Hətta bu məsələ Tehranla Bakı arasındakı danışıqlarda əvvəllər sərt formada qaldırılıb. İran iddia edir ki, “Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri Azərbaycan üzərindən keçərək kəşfiyyat aparır. Əslində Qərb mənbələri də bir neçə dəfə bu məzmunlu xəbərlər yayıblar. Lakin rəsmi Bakı iddiaları təkzib edir. Hərçənd ki, bu cür kəşfiyyat əməliyyatları haqda məlumatların hansısa ölkə tərəfindən rəsmən təsdiqlənəcəyini gözləmək də qeyri-ciddi olardı. Məlumdur ki, Azərbaycan xüsusi xidmət orqanları ilə “Mossad” və MKİ arasında əməkdaşlıq var. Bu əməkdaşlıq xüsusən 11 sentyabr terror hücumlarından sonra möhkəmlənib. Qərb mənbələri əməkdaşlığın İrandan Azərbaycana qarşı yönələ biləcək təhlükələri önləmək məqsədi daşıdığını qeyd edirlər. O da sirr deyil ki, İran kəşfiyyatı da Azərbaycanda fəaldır. Ancaq İranın rəsmi qəzetindəki xəbərdən görünür ki, Tehranda başlayan casus ovunun Azərbaycanla da bağlılığı var. Mövzuya qayıdacağıq. M.MEHDİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar