SON XƏBƏRLƏR

İLHAM ƏLİYEV: «...BÜTÜN BUNLARI ERMƏNİSTAN DÖVLƏTİ EDİB»

2021.10.20, 07:36
İLHAM ƏLİYEV: «...BÜTÜN BUNLARI ERMƏNİSTAN DÖVLƏTİ EDİB»

Gunaz.tv
Paytaxtın «Gülüstan» sarayında Avropa Şurası üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin «Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda konfransı keçirilir. Konfransda Avropa Mədəniyyət Razılığı Müqaviləsini imzalamış 40-dan çox ölkənin, habelə Ərəb Ölkələri Liqası dövlətlərinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALEKSO) nümayəndələri, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO), Avropa Komissiyasının və YUNESKO-nun yüksək rütbəli rəsmiləri, müxtəlif beynəlxalq təşkilatların və fondların təmsilçiləri, ümumilikdə, 250-dən çox nümayəndə, o cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq təşkilatın başçısı iştirak edir. Prezident İlham Əliyev konfransın açılışında iştirak edib və nitq söyləyib. Dövlət başçısının çıxışında Dağlıq Qarabağ probleminin üzərində də dayanıb: «Bizim bölgədə ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illər ərzində bizim torpaqlarımız işğal altındadır. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində, təcavüzkar separatizm nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb. Bu işğaldan əziyyət çəkən 1 milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Azərbaycanın ərazi bütövlüyü pozulub. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon tamamilə işğal altındadır və oradan deportasiya edilmiş soydaşlarımız bundan çox əziyyət çəkirlər. Bu, böyük ədalətsizlikdir. Birləşmiş Millətlər Təşkilatının qərarları, Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistanın silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan buna əməl etmir. Bu ilin mart ayında BMT-nin Baş Məclisində qəbul edilmiş qərarda qeyd olunur ki, Azərbaycan torpaqları işğal altındadır və bu işğala son qoyulmalıdır. Buna da əməl olunmur. Avropa Şurası hələ bir neçə il bundan əvvəl münaqişə ilə bağlı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı qətnamə qəbul edibdir. O da icra olunmur. İslam Konfransı Təşkilatı da buna oxşar qərarlar qəbul edib. Yəni bölgədə biz onun şahidi oluruq ki, beynəlxalq hüquq normaları tamamilə pozulur və əfsuslar olsun ki, beynəlxalq təşkilatların, xüsusilə çox mötəbər təşkilatların qərarları icrasız qalır. Bu, bölgədə gedən proseslərə ən böyük təhlükədir. Biz şübhə etmirik ki, beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olunmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş torpaqlar tezliklə işğalçı qüvvələrdən boşaldılmalıdır. Bu işğal və hərbi təcavüz, eyni zamanda, bizim mədəni irsimizə də çox böyük ziyan vurub. İşğal olunmuş torpaqlarda hər şey dağıdılıb. Bunu həm biz deyirik, həm də beynəlxalq təşkilatlar təsdiq edir. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş bölgələrində monitorinq keçirib. Bu monitorinq əsasında məruzə hazırlanıb və təqdim edilib. Məruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə salamat bina qalmayıb. Bütün binalar, bütün tarixi abidələr Ermənistan tərəfindən dağıdılıb. Mədəniyyət ocaqları dağıdılıb, bizim muzeylərimizdəki bütün eksponatlar oğurlanıb, muzeylər talan edilib. Əcdadlarımızın qəbirləri, bizim məscidlərimiz dağıdılıb. Bütün bunları Ermənistan dövləti edib. ATƏT-in faktaraşdırıcı missiyası bütün bunları öz məruzəsində göstərib». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar