SON XƏBƏRLƏR

Mədəniyyətlərarası dialoq inkişafın və sülhün əsasıdır

2021.10.20, 07:36
Mədəniyyətlərarası dialoq inkişafın və sülhün əsasıdır

Gunaz.tv
Mədəniyyətlərarası dialoq inkişafın və sülhün əsasıdır Dünən Bakının "Gülüstan" sarayında Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfrans açılıb. Avropa Şurası və Azərbaycanın təşkilatçılığı ilə keçirilən tədbirdə qlobal kulturoloji mövzular üzrə müzakirələr aparılır, beynəlxalq mədəni əməkdaşlığın müxtəlif aspektlərinə nəzər salınır. Konfransda habelə Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanları araşdırılır. Bundan başqa, mədəni irs - milli mədəni irsdən beynəlxalq mədəni irsə qədər və s. mövzuların müzakirəsi də nəzərdə tutulub. Konfransda Avropa Şurasının baş katibi, TYRKSOY, İSESCO, ALEKSO, İRSİKA təşkilatlarının Baş direktorları, Serbiya, Polşa, Xorvatiya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İspaniya, Almaniya, Rumıniya, Belçika, Bolqarıstan, Belarus, Makedoniya, Moldova, Slovakiya, Estoniya, Kipr, Çexiya, Tacikistan, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Malayziya, Qırğızıstan, Macarıstan, Mərakeş, Niderland və Danimarka dövlətləri nazir və nazir müavinləri, idarə rəhbərləri ilə təmsil olunur. Ermənistan beynəlxalq konfransa qatılmaqdan imtina edib. Ymumilikdə, tədbirdə 10 beynəlxalq təşkilat rəhbəri, 16 nazir, 18 nazir müavini, 19 ölkənin isə digər yüksəkvəzifəli əməkdaşı iştirak edir. 11 xarici media nümayəndəsi tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçib. "Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizin bu istiqamətdə əldə etdiyi nailiyyətlər və təcrübə çox önəmlidir. Şübhə etmirəm ki, konfrans zamanı bu məsələlərə diqqət yetiriləcək",-deyə konfransdakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib. Konfransın AŞ ilə Azərbaycan tərəfindən birgə təşkil olunduğunu vurğulayan dövlət başçısı bunu birgə əməkdaşlığın mühüm töhfəsi adlandırıb: "Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi nəticəsində ölkəmiz demokratik inkişaf baxımından sürətli templər əldə edib. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, qanunun aliliyinin bərqərar olması, mütərəqqi təcrübənin tətbiq edilməsi son illər ərzində baş verən proseslərdir. Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyam" (APA). Dövlət başçısı konfransa İslam Konfransı Təşkilatına üzv ölkələrin nümayəndələrinin qatılmasından da məmnun olduğunu bildirib: "Şərq və Qərbin kəsişdiyi yerdə keçirilən konfransda müxtəlif ölkələrdən müxtəlif dinlərin nümayəndələri iştirak edirlər. Bu, böyük əhəmiyyət daşıyır. İndiki dövrdə bir çox hallarda sivilizasiyalar arasında dialoqdan danışılsa da, bununla bərabər bölgədə baş verən proseslər əfsuslar olsun ki, bəzi hallarda gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm ki, bu gün Bakıda başlanılan Bakı prosesi mədəniyyətlər arasında dialoqun rolunu artırsın, qarşılıqlı anlaşma sürətləndirilsin. Bir sözlə, Azərbaycanın həm tarixi, həm coğrafi vəziyyəti, həm də müxtəlif beynəlxalq təşkilatlarda iştirakı bizim imkanlarımızı daha da genişləndirir. Ölkəmizin uğurlu inkişafı bundan sonra da davam etdiriləcək". Prezident İlham Əliyev Azərbaycan xalqının öz mədəni və tarixi irsinə sıx bağlı olduğunu vurğulayıb: "Bu irsimizin qorunması üçün çox böyük işlər görülüb. Əsrlər boyu Azərbaycan xalqı müstəqillikdən məhrum edilib. Biz yalnız qısa bir müddət ərzində öz taleyimizi özümüz müəyyən etmişik. Ancaq buna baxmayaraq, millət olaraq ədəbiyyatımız, ana dilimiz qorunub saxlanılıb. Bu gün müstəqil ölkə kimi Azərbaycan xalqı öz taleyinin sahibidir". Dövlət başçısı çıxışında Qarabağ probleminə də toxunub. "Azərbaycan üçün ən böyük problem Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasıdır. Torpaqlarımız hələ də işğal altındadır, Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğala məruz qalıb",-deyə prezident bildirib. O, münaqişə nəticəsində 1 milyon azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu vurğulayıb: "Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon tamamilə işğal altındadır. Oradakı yurd-yuvalarından qovulmuş soydaşlarımız çox əziyyət çəkirlər. Bu, böyük ədalətsizlikdir. Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarılması tələblərinə heç bir məhəl qoymur". Dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir çox mötəbər təşkilatların çıxardığı qərarların icra olunmamış qaldığını bildirib: "Bu, bölgədə gedən proseslərə ən böyük təhlükədir. Beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş torpaqlar tezliklə boşaldılmalıdır. Bu hərbi təcavüz eyni zamanda bizim mədəniyyət irsimizə də böyük zərbə vurub. İşğal olunmuş torpaqlarda hər şey dağıdılıb. Bunu təkcə biz yox, bütün beynəlxalq təşkilatlar təsdiqləyir". AŞ baş katibi Terri Devis konfransın Bakıda keçirilməsi təşəbbüsünü alqışlayıb. "Azərbaycan AŞ üçün təşkilatda həmişə Avropa və Asiya arasında körpü rolunu oynayan çox əhəmiyyətli ölkədir"-deyə Devis bildirib. Nitqinin sonunda Devis Əliyevi "ikiqat baba" olması münasibətilə təbrik edib (srağagün dövlət başçısının böyük qızının iki əkiz oğlu olub). Təbrikə görə təşəkkür edən Əliyev bildirib ki, nəvələrinin dünyaya gəlməsi haqda xəbər onun üçün böyük sevinc olub. "Mən bütün uşaqlara sağlamlıq və xoşbəxtlik arzu edirəm",- deyə prezident qeyd edib. Avropa Şurası Nazirlər Komitəsi sədrliyi adından çıxış edən İspaniyanın AŞ-dakı nümayəndəsi Qilyermo Korral Van Damm bildirib ki, onun ölkəsi "sivilizasiyalararası dialoq üçün" əlindən gələni edir:"Biz başa düşürük ki, bir çox münaqişələr millətlərarası dialoqun kifayət qədər aparılmamasının nəticəsidir". O, həmçinin konfransda azsaylı xalqların, milli azlıqların, dillərin qorunub saxlanması ilə bağlı müzakirələr aparılması zərurətini vurğulayıb. Açılış mərasimində İSESCO-nun (İKT-nin təhsil, mədəniyyət və elm qurumu) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Terri Devisə mədəniyyətlərarası dialoqun inkişafında roluna görə "İSESCO-nun qızıl medalı"nı təqdim edib. Yeri gəlmişkən, İSESCO tarixi abidələrin monitorinqini aparmaq üçün Dağlıq Qarabağa missiya göndərilməsinin tərəfdarıdır. Əl-Tüveycri İSESCO-nun Dağlıq Qarabağa belə bir missiyaya göndərmək niyyətində olduğunu qeyd edib: "Dağlıq Qarabağda baş verənlər beynəlxalq hüququn əleyhinədir. İşğal olunmuş ərazilər azad edilməli, məcburi köçkünlər torpaqlarına qayıtmalıdırlar. Orada abidələr məhv edilib. Təcavüz hər zaman qınanmalıdır. Biz susmamalıyıq. Missiya abidələrin dağılmadığına əmin olmalıdır. Biz abidələrin dağıdılması barədə gördüyümüz faktları beynəlxalq ictimaiyyətə və hüquqi orqanlara çatdıracağıq". Əl-Tüveycri Ermənistanın Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin beynəlxalq konfransına qatılmamasına da münasibət bildirib. Baş direktor deyib ki, Ermənistan belə bir toplantıya qatılmamaqla vacib imkanı əldən qaçırıb: "Erməni nümayəndələri toplantıya gəlsəydilər, dialoq baş tutar, tərəflər fikir mübadiləsi aparardılar". Ərəb Ölkələri Birliyinin Təhsil, Elm və Mədəniyyət Təşkilatı isə (ALEKSO) Qarabağ problemi ilə bağlı Azərbaycanın siyasətini dəstəklədiyini bəyan edib. APA-nın xəbərinə görə, bu barədə ALEKSO-nun baş direktoru Mongi Buislina bildirib. M. Buislina deyib ki, ALEKSO beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi bütün qətnamələri yüksək qiymətləndirir. Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransının keçirilməsini yüksək dəyərləndirən qurum rəhbəri qeyd edib ki, belə bir tədbir ALESKO ilə Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafı üçün zəmin olacaq. Konfransının ilk günün sonunda bir sıra sənədlər imzalanıb. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Avropa Şurasının baş katibi Terri Devis arasında Azərbaycanın "Avropa memarlıq abidələrinin qorunmasına dair" konvensiyaya qoşulması barədə saziş imzalanıb. Bundan başqa, Ə. Qarayevlə Slovakiyanın Mədəniyyət Nazirliyinin baş katibi Yozef Lanq arasında iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş, o cümlədən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə Ə. Qarayev arasında "İslam Konfransı Mədəniyyət nazirlərinin 6-cı Konfransının təşkil olunması barədə Protokol" imzalanıb. Avropa Şurasının (AŞ) baş katibi Terri Devis Ərəb Ölkələri Birliyinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ALEKSO) baş direktoru Mongi Bousni arasında ALEKSO-nun AŞ-nin Mədəni irsin cəmiyyət üçün əhəmiyyəti haqqında çərçivə Konvensiyasına qoşulmasına dair də sənəd imzalanıb. Tədbir bu gün davam etdiriləcək, konfransın yekunlarına dair Bakı Bəyannaməsi imzalanacaq. Azad Xəlil

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar