SON XƏBƏRLƏR

Türkiyənin "Qafqaz platforması"...

2021.10.20, 07:36
Türkiyənin "Qafqaz platforması"...

Gunaz.tv
Türkiyənin "Qafqaz platforması"... Ekspertlərin fikrincə, Ankaranın təşəbbüsünə Moskvanın isti münasibəti təsadüfi deyil Rusiya-Gürcüstan münaqişəsi vaxtı Türkiyənin irəli sürdüyü "Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması" (QSƏP) indi də aktuallığını itirməyib. Bu məsələ dünən "Kaspian Plaza" otelinin konfrans zalında müzakirəyə çıxarılmışdı. "Atlas" Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən müzakirədə qurumun rəhbəri Elxan Şahinoğlu məlum savaşdan sonra bölgədə yeni münasibətlər sisteminin yaradığını bildirdi. İndi Rusiyanın Türkiyəyə münasibətinin əvvəlki illərdən fərqləndiyini, Ermənistan Türkiyə münasibətlərində də yaxınlaşmanın olduğunu deyən E.Şahinoğluna görə, Ermənistan rəhbərliyi QSƏP-ni sözdə dəstəkləyir: "Amma Ermənistan əməldə bu istiqamətdə hələlik konkret addım atmayıb və bundan sonrakı mərhələdə də hər hansı addım atacağı, Dağlıq Qarabağ məsələsində, "erməni soyqırımı" iddiasından geri çəkiləcəyi inandırıcı görünmür". Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Cem Örnəkol Türkiyənin əsas hədəflərindən birinin Qafqazda sabitlik olduğunu dedi. Onun sözlərinə görə, bölgədə sülhün əldə edilməsi üçün vacib olan nöqtələr tapılmalıdır. Onun sözlərinə görə, hazırda platformanın fəaliyyət istiqamətləri ilə bağlı layihə hazırlanır. "İnam" Plüralizm mərkəzinin rəhbəri Vahid Qazi isə qeyd etdi ki, platformanın yaranması Ermənistan, Rusiya və Gürcüstan üçün müəyyən dividentlər gətirə bilər: "Bəs burada Azərbaycanın qazancı nə olacaq? Ermənistanın Azərbaycan torpaqlarından çəkiləcəyi də gözlənilmir. Rusiya belə bir platformanın yaranmasına ona görə razılıq verdi ki, Qafqaza NATO-nun daxil olmasındansa, Türkiyənin daxil olmasını üstün tutur". Politoloq Rasim Musabəyov isə ümumilikdə bu təşəbbüsün normal olduğunu söylədi: "Amma mənə elə gəlir ki, bu platforma Qafqazda problemlərin həllinə nail ola bilməz. Platforma çərçivəsində yalnız dialoq aparmaq mümkün ola bilər. Hər hansı konkret addımların atılacağı isə inandırıcı görünmür". Jurnalist Azər Həsrət bu layihənin Rusiyanın maraqlarına daha çox xidmət etdiyini söylədi. A.CAMAL

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar