SON XƏBƏRLƏR

Müharibə üçün terror bəhanəsi

2021.10.20, 07:36
Müharibə üçün terror bəhanəsi

Gunaz.tv
Müharibə üçün terror bəhanəsi Hindistan hökuməti uğursuzluğunun günahını Pakistanda axtarır Hindistanda baş verən misli görünməmiş terror aktı ilə bağlı gərginlik səngimək bilmir. Artıq baş verənlərlə əlaqədar ölkənin daxili işlər naziri Şivrac Patil istefa ərizəsini baş nazirə təqdim edib. Buna səbəb ölkə mətbuatının Daxili İşlər Nazirliyini terror aktının və insan tələfatının qarşısını ala bilməməkdə ittiham etməsidir. Nazir 172 nəfərin həlak olduğu bu hadisələrə görə mənəvi məsuliyyət daşıdığını vurğulayıb. Onun ardınca isə baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kelat Narayanyan da istefa verib. Dünən axşama yaxın isə terror aktının baş verdiyi Maharaştra ştatının rəhbəri vəzifəsindən uzaqlaşıb. Çox güman ki, bunun ardınca yeni istefalar da yaşanacaq. Hindistanın Mumbay şəhərində baş vermiş terror aktları nəticəsində 22 xarici vətəndaşının öldüyü də müəyyənləşib. Baş nazir Manmohan Sinqx terrorizmə qarşı yeni tədbirləri müzakirə etmək üçün bütün partiyaların iştirakı ilə toplantı çağırıb. O deyib ki, Mumbay hadisələrinin qarşısını almaq üçün federal hakimiyyət və Maharaştra vilayətinin hakim dairələri arasında kifayət qədər koordinasiya olmayıb. Ən acınacaqlısı isə odur ki, Mumbay faciəsi Hindistanla Pakistan arasında münasibətləri xeyli gərginləşdirib. Hətta iki ölkənin sərhədlərinə əlavə hərbi qüvvələr yeridilib. Pakistan Hindistanda baş vermiş terror aktında əlinin olmasına dair iddiaları rədd etsə də, qarşı tərəf bunları ciddi qəbul etmir. Hindistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Mumbayda silahlılardan üç nəfəri mərkəzi Pakistanda yerləşən silahlı qruplaşmanın üzvüdür. Məsələyə münasibət bildirən Pakistanın baş naziri Yusif Rza Gilani Mumbayda baş verənləri pisləyib və deyib ki, Hindistandakı hadisələrin araşdırılmasına kömək məqsədi ilə kəşfiyyat xidmətinin rəhbəri qonşu ölkəyə göndəriləcək: "Pakistanın insidentlə heç bir əlaqəsi yoxdur. Biz bu aktı pisləyirik və pisləmişik də. Bütün millət bunu pisləyir və əlavə edim ki, özümüz də terror və ekstremizmin qurbanlarıyıq. "Marriot" otelində, eləcə də ölkənin bütün ərazilərində bomba partlayışları baş verib. "Marriot" otelində partlayış baş verəndə baş nazir Manmohan Sinq mənə zəng edərək hadisəni pislədi və təəssüfünü bildirərək Hindistan hökuməti və xalqının başsağlığını çatdırdı. Bu gün mən Hindistanın baş nazirinə Pakistan xalqı və hökuməti adından eyni hissələri çatdırdım". Hindistan daxili işlər nazirinin müavini Şakil Əhməd "BBC" radiosuna müsahibəsində deyib ki, hücum edənlərin əksəriyyəti pakistanlı idi və onlar Pakistandakı adada təlim alıblar. Xarici işlər naziri Pranab Mukkerce də bəyan edib ki, ilkin dəlillər silahlıların Pakistanla əlaqəli olduqlarını göstərir. Maraqlıdır ki, Pakistan belə əlaqələri qətiyyətlə inkar etsə də, nüvə silahına malik iki dövlət arasında gərginliyin artması beynəlxalq birlikdə narahatlığa səbəb olub. "BBC"nin müdafiə və təhlükəsizlik məsələləri üzrə analitiki Rob Uotson qeyd edir ki, hər hansı terror hücumu üçün Pakistanın günahlandırılması Hindistan üçün adi hala çevrilib: "Lakin hazırda baş verənlərin miqyası əvvəlki hallarla müqayisəedilməzdir". Təkcə Hindistan əks-kəşfiyyatının deyil, xaricdəki təhlükəsizlik qüvvələrinin də ümumi fikri getdikcə belədir ki, bu cür dəqiq və yaxşı idarə olunan hücumları Hindistanın daxilindəki silahlı qruplar həyata keçirə bilməzdilər. Pakistanın ən yüksək siyasi və ya hərbi rəhbərliyinin belə basqına sanksiya verməsini isə təsəvvür etmək çətindir. Lakin əvvəllər Pakistanda kök salmış silahlı qruplar belə hücumlar həyata keçiriblər. Qərbdə ehtiyat edirlər ki, əgər hücumlarda Pakistanın hansısa formada iştirakı sübut olunarsa, bunun ağır nəticələri ola bilər. Amerika və onun müttəfiqləri ümid edirlər ki, Hindistanla Pakistan arasında münasibətlər normallaşsa, bu, regionun bir çox probleminin həllinə kömək edər. Bura ilk növbədə Əfqanıstan daxildir. İki ölkə arasında münasibətlərin gərginləşməsi vəziyyətə yeni yanaşma tələb edə bilər. Hər iki ölkədəki daxili siyasi durum da onların hökumətlərinin addımlarını tənzimləməkdədir. Onu da qeyd edək ki, Hindistanda ştat seçkiləri kampaniyasının qızğın çağıdır. Müxalifətdə olan Hindistan Xalq Partiyası vəziyyətdən istifadə edərək hökuməti terrorizmlə mübarizə aparmağa qadir olmamaqda ittiham edir. Bir məsələni də qeyd edək ki, Pakistanın yeni hökuməti son həftələrdə Hindistanla münasibətləri yaxşılaşdırmağa səylər göstərib. Məsələn, yaxınlarda Pakistan prezidenti Asif Zərdari istənilən münaqişədə nüvə silahına birinci olaraq əl atmamaq barədə təklif etmişdi. Ən maraqlı məlumat ondan ibarətdir ki, Hindistan özünün Üsəma bin Ladenini "kəşf" edib. "Kommersant"ın yaydığı məlumata görə, ələ keçirilən yeganə terrorçu dindirilmə zamanı Pakistanda hərbi təlim keçdiyini vurğulayıb. Özü də təlimi onlara Pakistanın keçmiş hərbçisi keçib. Yayılan məlumatlara görə, Mumbayda törədilən terror aktının arxasında hind mafiyasının "xaç atası" hesab edilən Daud İbrahim durub. Bu şəxs ötən əsrin 80-ci illərində narkotik və insan alveri sayəsində milyonlarla dollar sərvət toplayıb. Sonrakı illərdə isə cihad hərəkatına qoşularaq, çoxsaylı partlayış həyata keçirib. Hindistan hakimiyyətinin təqiblərindən Pakistana qaçan D.İbrahim burada "bir nömrəli terrorçu" hesab edilən Üsəma bin Ladenlə ünsiyyət qurub. Laden də ona narkotiklərin Əfqanıstandan Qərbə daşınmasında yardımçı olub. D.İbrahim paralel olaraq ölkəsində cinayətkar qruplaşmalara rəhbərliyi də həyata keçirib. "Kommersant" yazır ki, bu müddət ərzində Pakistan hakimiyyət orqanları onun fəaliyyətinə göz yumublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar