SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan münasibətləri və çağdaş geosiyasi şərtlər

2021.10.20, 07:36
Türkiyə-Ermənistan münasibətləri və çağdaş geosiyasi şərtlər

Gunaz.tv
Türkiyə-Ermənistan münasibətləri və çağdaş geosiyasi şərtlər Barış, inteqrasiya və dövlətçilik Ermənistanla Türkiyə arasında diplomatik fəallığın artması ilə bir sıra suallar da cəmiyyətdə narahatlıq doğurmağa başlayıb. Azərbaycanda bəzi mətbuat orqanları Türkiyənin Dağlıq Qarabağ məsələsini ikinci plana atdığı kimi fikirlər yazmağa başlayıblar. Rəsmi İrəvanın yaydığı bir sıra fikirlərə görə belə qənaətə gəlinir. Ancaq məsələyə daha geniş bağlılıqda baxmağın lazım olduğunu düşünürük. Çünki Dağlıq Qarabağ məsələsi qlobal geosiyasi oyunlarla sıx bağlıdır və burada təkcə Türkiyənin meydanda olduğunu düşünmək yanlışlıqdır. O cümlədən, Türkiyə Azərbaycanın mövqeyini geosiyasi oyunçu kini nəzərə almaya bilməz (etnik və kültür yaxınlığını hələ qeyd etmirik). Yəni Türkiyə Azərbaycanın bölgədə oynadığı əhəmiyyətli rolu lazımi qiymətləndirməsə və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsə, bir çox layihələrdən kənarda qala bilər. Türkiyənin Qafqazda oyanmaq istədiyi vacib rol da şübhə altına alınmış olar. Buna görə də Türkiyə-Ermənistan münasibətlərinin dinamikasına məhdud etnik maraqlar çərçivəsində yanaşma doğru olmazdı. Situasiyaya baxış bucağını dəyişsək, bir qədər fərqli mənzərəni görərik. Məsələ ondan ibarətdir ki, Qafqaz bölgəsi üçün enerji təhlükəsizliyi məsələsi çox önəmlidir. “Nabukko”nun burada rolu olduqca əhəmiyyətlidir. Orta Asiya dövlətlərinin də bura qoşulması ilə fəaliyyət meydanı xeyli genişlənir. Bir məqamı da nəzərə alaq. Proseslərdən görünür ki, Qərb hadisələrin gərginliyini Orta Asiyadan başlayaraq Uzaq Şərqə keçirməkdədir. Bu o deməkdir ki, Qafqazda aktiv diplomatik fəaliyyət, Xəzərin o tayından okean sularına qədər isə terror və qan üstünlük təşkil edəcək. Qafqaz üçün hazırlanan ssenarilərdə indi daha çox inteqrasiya üstünlük təşkil etməlidir. Buna qarşı olanların proseslərdən kənarda qalması təhlükəsi az deyil. Digər tərəfdən, beynəlxalq maliyyə böhranı sübut edir ki, dünyada tam stabil dövlət yoxdur. ABŞ da situasiyanın gərginləşdiyi halda silkələnə bilər. Ona görə də Ermənistan kimi dövlətlər qonşuları ilə münasibətlərin normallaşmasında son dərəcə maraqlıdırlar. Son vaxtlar onların buna ehtiyacı çox artıb və atdıqları addımlar özlərini məhv olmaqdan xilas etmək üçündür. Bütün layihələrdən təcrid olunmuş Ermənistan havadarlarından lazımi maliyyə dəstəyini almayanda birbaşa boğular. İndi dünyanın ən güclü bankları belə iflasdan çəkinir, kredit vermirlər. Ona görə də Ermənistan üçün yaranan situasiyaya baxın: özünün istehsalı yox, Rusiya başının hayına qalıb, Qərb özünün maliyyə qurumlarını xilas etməklə məşğuldur və bölgədəki layihələrin hamısından kənarda qalıb. Bu şəraitdə elə bir potensialı olmayan dövlət çox tez məhv ola bilər. Ən optimal variant Ermənistan üçün hazırda Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq və onların hesabına ayaqda qalmaqdır. Ancaq bunun üçün onun bir neçə şərti yerinə yetirməsi lazımdır. Onlardan biri yalançı soyqırım iddialarından əl çəkməkdir (xarici işlər naziri bunun əhəmiyyətsiz olduğunu artıq etiraf edib), digəri isə Azərbaycanın işğal olunmuş torpaqlarından çəkilməkdir (bununla bağlı danışıqlar gedir). Bu şərtlər ödənmədən Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması mümkün deyil. Beləliklə, baş verən proseslərdə daha çox marağı olan Ermənistandır. Bizim üçün də sərfəli variant odur ki, qonşu ilə daim ziddiyyətdə olmaq mümkün deyil. Ermənistan Azərbaycansız mövcud olmağın imkan xaricində olduğunu dərk edirsə, onunla danışmaq olar. Burada Türkiyə-Azərbaycan-Ermənistan üçbucağında nələrin baş verəcəyindən çox məqamlar asılıdır. Ermənistan əsassız iddialarından imtina etdiyi halda sülh prosesi başa çata bilər. Əks halda barış yalnız söz olaraq qalacaq. Bunlar Türkiyənin hərəkətlərindən ehtiyatlanmaq yox, onları daha dərindən dəyərləndirməyin lazım olduğunu axtarmaq deməkdir. Dünyada cərəyan edən proseslərdən kənarda qalmaq olmaz. Eyni zamanda, bölgədə yaranmış situasiyaya aktiv təsit etmək fürsətini də əldən verməmək gərəkdir. Tarixdə radikal emosiyalara dayanıb səthi paralellər aparmaq da konstruktiv iş deyil. Dövlət siyasəti mürəkkəb işdir, ona uzaqgörənliklə qiymət vermək gərəkdir. Silah gücünə nəyəsə nail olmaq mümkün deyil. Və yaxud öncə xoş niyyəti tamamilə ortaya qoymaq gərəkdir, sonra başqa üsullara əl atmaq olar. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar