SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan sərhədləri _Dağlıq Qarabağ münaqişəsi həll olunmazdan öncə açılacaq? Əli Babacan bu sualdan yenə yayındı

2021.10.20, 07:36
Türkiyə-Ermənistan sərhədləri _Dağlıq Qarabağ münaqişəsi həll olunmazdan öncə açılacaq? Əli Babacan bu sualdan yenə yayındı

Gunaz.tv
Türkiyə-Ermənistan sərhədləri Dağlıq Qarabağ münaqişəsi həll olunmazdan öncə açılacaq? Əli Babacan bu sualdan yenə yayındı Cənubi Qafqaz regionunda baş verən proseslər, Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, Bakı və Ankara arasında münasibətlərin inkişafı, Türkiyənin irəli sürdüyü Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ideyası və s. Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Əli Babacanla azərbaycanlı həmkarı Elmar Məmmədyarovun görüşündə əsas müzakirə mövzusu olub. Bu barədə nazirlər görüşdən sonra keçirdikləri brifinqdə bildiriblər. Görüşdə həmçinin iki ölkənin birgə iştirak etdiyi enerji və nəqliyyat layihələri ətrafında da geniş müzakirələr aparılıb. Tərəflər Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin hayata keçirilməsinin sürətləndirilməsi zərurətini vurğulayıblar. "Dəmir yolunun tez tikilməsi hər iki dövlət üçün çox vacibdir",-deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O, qeyd edib ki, ikitərəfli münasibətlərin səviyyəsi və ruhu "bir millət-iki dövlət" düsturuna cavab verir. Öz növbəsində, Babacan bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər dostluq, qardaşlıq münasibətləridir və xüsusi xarakteri ilə seçilir. Onun sözlərinə görə, təkcə son il ərzində dövlət və hökumət başçıları səviyyəsində təxminən 10 və müxtəlif nazirliklər və idarə rəhbərləri səviyyəsində 30 görüş keçirilib. Regiondakı vəziyyətə toxunan Babacan qeyd edib ki, Cənubi Qafqazda bir çox problemlər var: Rusiya və Gürcüstan arasında gərginlik, Ermənistan və Azərbaycan arasında münaqişə, Türkiyə və Ermənistan arasında problemlər. Onların həllinə yardım məqsədilə Türkiyə Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ideyasını irəli sürüb."Bu problemləri həll etmək və onları gələcək nəsillərə qoymamaq lazımdır", deyə Babacan bildirib. Qarabağ münaqişəsinə toxunan Babacan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesindəki hazırkı canlanmanı "ümidverici" hal adlandırıb. Onun fikrincə, bu səylərin mümkün uğurlu nəticəsi Türkiyə və Ermənistan arasındakı problemlərin həllinə də müsbət təsir göstərə bilər:"Azərbaycanla Ermənistan arasındakı münasibətlərin yaxşı bir yola girməsi üçün, problemləri həlli üçün müsbət addımların atılması Türkiyə ilə Ermənistan arsındakı münasibətlərin yaranmasına də müsbət təsir göstərəcək". Türkiyənin Minsk Qrupunun üzvü olduğunu xatırladan Babacan Ankaranın bu prosesə böyük önəm verdiyini bildirib: "Minsk qrupunun problemin həlli üçün təməl proses olduğunu və bu çərçivədə həll olunmasınının vacibliyini düşünürük". Bununla belə, Babacan Türkiyənin Azərbaycanın işğal edilmiş əraziləri azad edilməzdən əvvəl Ermənistanla sərhədləri açıb-açmayacağı barədə suala birbaşa cavabdan yayınıb. "Qarabağ münaqişəsi çox mühüm problemdir və işğal olunmuş ərazilərin azad edilməsi vacibdir,- Babacan deyib. - Türkiyə bütün problemlərin dialoq yolu ilə həllinin tərəfdarıdır. Bizim məqsədimiz sakitlik, sabitlik və barışıqdır". Eyni zamanda, Türkiyənin xarici siyasət idarəsinin başçısı Azərbaycan paytaxtında 1918-ci ildə Bakını azad edən türk əsgərlərinin abidəsinə baş çəkdiyinə diqqəti yönəldib:"Türkiyə 1918-ci ildə də, 1990-cı illərdə də Azərbaycanın yanında olub". Yeri gəlmişkən, dünən Türkiyənin xarici işlər naziri Əli Babacan Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə universitetin rektoru Əhməd Sanıt ali məktəb ocağının fəaliyyəti haqqında qonağa məlumat verib. Rektor Qafqaz Universitetinin Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Tədbirdə çıxış edən Əli Babacan iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün siyasi iradənin nümayiş etdirildiyini deyib. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini vurğulayan nazir münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqların davam etdirilməsini müsbət qiymətləndirib. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı məsələyə toxunan Əli Babacan ATƏT-in Minsk qrupu çərçivəsində sülhyaratma cəhdlərinin nəticə verəcəyi təqdirdə ölkəsinin də sözügedən sahədə müsbət addımlar ata biləcəyini istisna etməyib. XİN başçısı bildirib ki, Rusiya ilə Gürcüstan arasında baş verən məlum olaylardan sonra yeni mərhələ yaranıb. O, bölgədə sülhün qorunması üçün Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Paktı təşəbbüsünün gerçəkləşəcəyinə inandığını deyib. Bu arada bəlli olub ki, ATƏT xarici işlər nazirlərinin toplantısı çərçivəsində Helsinkidə Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının ilk yığıncağı keçirilə bilər. APA-nın "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlama verən Babacan bildirib ki, 5 ölkənin qatılacağı yığıncaq ekspertlər səviyyəsində olacaq. Görüşdə Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının məqsədi, vəzifələri, prinsipləri və mexanizmləri müzakirə ediləcək. Nazir Helsinkidə Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün baş tutub-tutmayacağının hələlik dəqiqləşmədiyini, amma hər iki ölkədən olan həmkarları ilə ayrı-ayrılıqda görüşəcəyini də söyləyib. Bəkir NƏRİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar